|
Partiyalarda seçki hazırlığı nə yerdədir?

Parlament seçkilərinə 6 ay vaxt qalıb. Ölkə siyasətində isə seçki ilini xatırladan ciddi proses, hərəkətlilik müşahidə edilmir. Siyasi partiyaların “rentgeni”ni çəkdikdə parlament seçkiləri ilinə adekvat vəziyyət görünmür. Partiyaların bəziləri parlament seçkilərində irəli sürüləcək namizədlərini müəyyənləşdirirlər, bəziləri qurultaya hazırlaşır, əksəriyyətinin isə hətta sədrlərinin parlament seçkilərində namizəd kimi iştirak edib-etməyəcəkləri, hansı dairədən namizəd olacaqları dəqiqləşməyib.


Belə partiyalar seçkidə yetərli səs ala bilməyəndə yəqin ki, birinci səhvi özlərinin gecikməsində deyil, seçkilərin saxtalaşdırılmasında axtaracaqlar.

Bir sıra partiyaların hazırda gündəmində hansı işlərin olduğunu araşdırdıq.

Məlum oldu ki, Müsavat Partiyasında hələlik namizədlərin ilkin müəyyənləşməsi prosesi gedir. Müsavat başqanının müavini Səxavət Soltanlı dedi ki, namizədliklərini irəli sürmək niyyətində olan şəxslər bu barədə öz istəklərini ifadə edir. Eyni zamanda müvafiq seçki dairəsi ərazisini əhatə edən rayonlardakı yerli partiya təşkilatları məsləhətləşmələr aparılır. Artıq seçki dairələrinin yarısından çoxundan ilkin olaraq namizədlər müəyyənləşib. Namizədlərin son müəyyənləşməsi isə Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq Məclisdə həyata keçiriləcək. Müsavatın gündəmində etiraz aksiyaları keçirmək də var.

8 partiyanın daxil olduğu “Azadlıq-2015" seçki blokundakı partiyalar da namizədlərini müəyyənləşdirirlər. Blokun üzvü olan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, blokun namizədlərinin müəyyənləşməsi oradakı partiyaların öz namizədlərini təqdim etməsi şəklində baş verir: ”Hazırda vəziyyət onu göstərir ki, bu, davamlı olaraq bir neçə ay sürəcək. Yəni bu proses birdəfəlik akt sayılmamalıdır. Partiyalar hansı dairədən kimlərin namizədliyini irəli sürmək barədə təkliflərini blokun seçki qərargahına təqdim edirlər. Məsələn, artıq Xalq Partiyası 5 dairədə öz namizədlərini təqdim edib. Bu proses davam edəcək. İndiki mərhələdə əsas məsələ blokun öz daxilində dairələrin və namizədlərin razılaşdırılmasıdır. Yeni namizədlərin blok adından irəli sürülməsi, bloka daxil olan partiyaların adından namizədlərin təklif edilməsi prosesində müəyyən dəyişikliklər də mümkündür".

P.Hüseyn dedi ki, blokun rəhbərliyinin hər həftə toplantısı keçirilir, seçki qərargahı fəaliyyət göstərir. Hələlik gündəmdə etiraz aksiyası keçirmək yoxdur.

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın deputatlığa namizədlərinin müəyyənləşdirilməsi prosesinin uğurla getdiyini bildirdi: “Həm Ümid Partiyası, həm ”125-lər" bloku çərçivəsində bu işimiz gedir, ADP ilə bu istiqamətdə bir sıra danışıqlarımız var. Yəqin ki, daha detallı danışacağıq. Başqa partiyaların heç biri ilə dairələrlə bağlı uzlaşdırma, razılaşdırma istiqamətində iş aparılmır. Bir blokda deyiliksə, uzlaşdırma, razılaşdırma olmayacaq. Bu, birmənalıdır. Çünki hər partiyanın və blokun öz maraqları var. Seçki məsələlərində üçmərhələli iş aparırıq. Onun ilk mərhələsi başa çatıb. İkinci mərhələ gedir. Təxminən 80 faizə yaxın namizədlərimiz birinci mərhələni uğurla başa çatdırıblar. Seçki hazırlığının ikinci mərhələsi başlayıb. May ayının sonunda bitəcək. Üçüncü mərhələ isə iyun-iyul-avqust aylarında olacaq".

AMİP baş katibi Arzuxan Əlizadə isə bildirdi ki, parlament seçkilərində iştirakla bağlı məsələ AMİP Siyasi Şurasında müzakirə olunub və aprelin 12-də rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın iclasında müzakirə olunması üçün tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Mərkəzi Şuranın toplantısı keçirilib: “AMİP faktiki olaraq aprelin 12-də parlament seçkilərində iştirakla əlaqədar proseslərə start verdi. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Rayon təşkilatlarında qurultay öncəsi konfranslar keçiriləcək. Hazırda partiyanın gündəmində etiraz aksiyası keçirmək yoxdur ”.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, iki gün öncə Ali Məclisin toplantısı keçirilib. İclasda partiyanın qurultayı ilə bağlı məsələlər də müzakirə edilib: “Qərara gəldik ki, KXCP-nin qurultayı bu ilin iyulunda keçirilsin. Amma qurultayın keçiriləcəyi gün hələ ki dəqiqləşməyib. Qurultayla bağlı rayon təşkilatlarında konfranslar keçirilir. Bu muzakirələr başa çatdıqdan sonra qurultayın konkret günü də bəlli olacaq”.

Hakim Yeni Azərbaycan Partiyasının da fəaliyyətində əsas yer verdiyi məsələlərdən biri parlament seçkilərinə hazırlıqdır. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, YAP builki seçkilərə ciddi şəkildə hazırlaşır: “Parlament seçkilərinə hazırlıqla əlaqədar proqram üzrə görüləcək işlər rayon-şəhər təşkilatlarına təqdim ediləcək. Ötən 5 illikdə deputatlar barəsində əvvəllər açıqladığım kriteriyalar əsasında ciddi araşdırmalar aparılır. Seçkinin elan olunmasına bir ay qalmış namizədlərin siyahısını yekunlaşdırıb təqdim edəcəyik”.//musavat.com