|
İrandan “taran” kimi qərar - sanksiyalar Azərbaycana təsir etməyəcək

Ekspert: “ABŞ sanksiya qanunlarında Azərbaycanın enerji layihələrinin qorunması üçün istisnalar edib və yenə edəcək”

İran hökuməti ABŞ və Avropa İttifaqının Tehranın nüvə proqramı ilə bağlı birbaşa diplomatik təmaslara başlamaq barədə təklifinə rədd cavabı verib. Bu, Qərb ölkələri ilə İran arasında gərginliyin artmasına səbəb ola bilər. “Reuters” isə bildirib ki, ABŞ tərəfi İranın bu addımdan məyus olub.

Qeyd edək ki, rəsmi Tehran yeni Ağ Ev Administrasiyası ilə dil tapmağa meylli, amma Trampın çıxdığı “Altılıq” müqaviləsinə qayıtmağa da razı idi. Heç şübhəsiz ki, cənub qonşumuz danışıqlardan imtina etməklə gərginliyi daha da tətiklədi.

Rəsmi Tehran ətrafında cərəyan edən proseslər Azərbaycanda da hər zaman ciddi narahatlıqla qarşılanır, izlənir. Çünki İranla Azərbaycan təkcə həmsərhəd deyil, həm də normal münasibətləri olan ölkədir. Üstəlik, indiki şəraitdə regionda yeni yaranmış situasiya bu əməkdaşlığı yeni müstəviyə çıxara bilər. Amma Qərblə qarşıdurma halında bu mümkünsüz ola, hətta bu ölkə ilə əlaqələrə görə bizə sanksiyalar da tətbiq edilməsi gündəmə gələ bilər.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov İranı durdurmağın sadəcə bir yolunu görür: “İran siyasi rəhbərliyi Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının Tehranın nüvə proqramı ilə bağlı birbaşa diplomatik təmaslara başlamaq təklifinə nə üçün rədd cavabı verib? İranın nüvə proqramının ətrafında son 5 ildə baş verən hadisələrin xronikasına nəzər salsaq, qonşu ölkə rəhbərliyinin bu gün təklif olunan danışıqlardan imtina etməsinin səbəblərini aydın görmək olar. İran siyasi rəhbərliyi 2015-ci ildə də Rusiya, ABŞ, Fransa, İngiltərə, Çin və Almaniya ilə ona tətbiq edilən sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramını dondurmaq haqqında müqavilə imzalamışdı. Lakin hələ o vaxt İran tərəf bu addımı o qədər də həvəslə atmamışdı. Müqavilənin qüvvədə olduğu müddətdə isə İranın dəfələrlə sazişin şərtlərini pozması haqqında məlumatlar sızırdı. Görünən bu idi ki, İran nüvə proqramını dondurmaq barədə müqaviləyə imza atmasına baxmayaraq, imkan tapan kimi uranın zənginləşdirilməsi prosesini davam etdirirdi. Məqsəd atom silahını əldə edib, bölgədə hegemon bir mövqeyə sahiblənmək idi.

Fikrət Yusifov: Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq  istəyirsə, onu çökdürən bu müharibəni dərhal dayandırmalıdır » Azim.az

Fikrət Yusifov 

Donald Trampın ABŞ rəhbərliyinə gəlməsindən sonra 2018-ci ilin may ayının 15-də Amerika Birləşmiş Ştatlarının 2015-ci ildə böyük səylər hesabına imzalanmış sazişdən birtərəfli qaydada çıxması və bundan sonra İrana qarşı yeni, daha sərt sanksiyaların tətbiq edilməsi, bu ölkəyə öz nüvə proqramını sürətlə reallaşdırmaq üçün yaşıl işıq yandırdı. ABŞ-ın adıçəkilən sazişdən çıxmasından 3 ilə qədər vaxt ötür. Heç şübhəsiz İran bu müddət ərzində atom silahına sahiblənmək istiqamətində işləri mümkün qədər sürətlə davam etdirib. Bu gün İranın ABŞ-n yeni rəhbərliyinin və Avropa İttifaqı rəhbərliyinin təklif etdikləri danışıqları rədd etməsinin bir səbəbi var. İran bu silahı əldə etməyə çox yaxındır və bu səbəbdən də o, kiminləsə özünün nüvə proqramı ilə bağlı hər hansı bir danışıqlara getmək istəmir. Hesab edirəm ki, bundan sonra İrana qarşı indikindən daha sərt sanksiyalar tətbiq olunsa belə, İranı nüvə silahı əldə etmək istəyindən durdurmaq mümkün olmayacaq. Belə bir vəziyyətdə İranı durdurmağın bir yolu var, o da hərbi yoldur. Hərbin başlaması isə bölgə ölkələrinin hər biri üçün böyük problemlər yaşada bilər. 85 milyona qədər insanın yaşadığı İrana edilə biləcək hərbi müdaxilə nəticəsində oradan qonşu ölkələrin, o cümlədən Azərbaycanın ərazisinə milyonlarla qaçqın gələ bilər. Bu isə hər bir ölkə üçün humanitar fəlakət deməkdir”.

yegane.jpg (67 KB)

Siyasi şərhçi Yeganə Hacıyevanın fikirləri də xüsusi diqqət çəkir: “Avropa Birliyi İranın iri ticari tərəfdaşıdır, alıcısıdır. Təsadüfi deyil ki, Avropa Birliyi İrana qarşı sanksiyaların tətbiqi məsələsində Trampı dəstəkləmədi. Avropa İttifaqı ölkələri sanksiyaların ləğvinin ”İranla ticarət və iqtisadiyyat əlaqələri ilə yanaşı, iranlıların həyatına də müsbət təsir" göstərdiyini qeyd edərək İranın neft və qaz ixracını davam etdirdi. 2018-ci ilin avqust ayında Avropa İttifaqı öz şirkətlərini ABŞ sanksiyalarından qorumaq üçün yeni qanun qəbul etdi. Avropa İttifaqı, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri nüvə sazişinin nəzərdə tutulduğu kimi işlədiyini və “məqsədini yerinə yetirdiyini” və İranın buna ciddi əməl etməsini də bildirdilər. Çin, Rusiya və Türkiyə İranla ticarətini davam etdirdilər. Azərbaycanın İranla sanksiyaya qoşulma mövzusunda heç bir aktivlik olmadı və olmayacaq da. Məsələ ondadır ki , İranda etnik çoxluq məhz azərbaycanlılardır, Azərbaycan bir dövlət kimi İran vətəndaşları olan etnik həmvətənlərinin həyatının çətinləşməsində rol almır və almayacaq da. Bir sözlə, iqtisadi tərəfdaşları İranı ABŞ sanksiyalarından qorudu. Azərbaycanın torpaqlarının azad olunması uğrunda apardığı Vətən müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb. Hərbi əməliyyatlar zamanı və sonra da bölgədə aktiv Rusiya-Türkiyə-Azərbaycan ittifaqının formalaşması prosesi gedir. Cənubi Qafqazda marağı olan cənub qonşumuz İran hər iki prosesdən kənarda qaldi, hərbi əməliyyatlar müddətində bir neçə dəfə vasitəçilik təşəbbüsü göstərsə də, Tehranın bu cəhdləri uğursuz oldu, çünki bunun ciddi əsasları var idi. Keçən il yay aylarında, hərbi əməliyyatların ilk 10 günlüyündə İran ərazisindən Ermənistana silah daşınması, müharibənin son günlərində Azərbaycana təslim olunması elan edilən erməni hərbi qruplarına dəhliz verilməsi və digər ciddi əsaslar mövcuddur. Erməni hərbiçilərinə dəhliz verməklə İran əli Azərbaycan əsgərlərinin qanına batmış terrorçularun məsuliyyətdən qaçmasına səbəb oldu. Ermənistanın xarici ölkələrdən gətirdiyi terrorçuların bu dəhlizdən istifadəsi faktları mövcuddur. ABŞ sanksiyalarının İran-Azərbaycan münasibətlərinin bu sahəsinə təsir etməsi ciddi nəticələrə gətirib çıxarmayacaq. ABŞ sanksiyalarının İran-Azərbaycan enerji sahəsində münasibətlərinə gəlsək, ABŞ 2012-ci ildə imzalanmış sanksiya qanunlarında Azərbaycanın enerji layihələrinin qorunması üçün qeyd olunan istisna mövcuddur. Bu istisnanın yeni sanksiyalarda da təkrarlanacağına qəti əminəm. Azərbaycan-İran neft şirkətlərinin iştirak etdiyi “Şahdəniz” layihəsi və onun Avropaya nəqli xətləri ümumilikdə sanksiyalardan kənardadır. Çünki bu, Avropanın həyati vacib enerji təminatıdır. Münasibətlərində ümumi razılığa gəlməyən hər hansı bir narahatverici məqamın olmadığı bir zamanlarda İranın ABŞ və Avropa İttifaqı ölkələri ilə daha öncə razılaşdığı nüvə sazişi üzərindən rədd etməsi onun daxili siyasəti ilə bağlıdır. İranın öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində atacağı addımlar haqqında verdiyi mesajlar onun özünütəcrid siyasətinə üstünlük verməsi qənaətimi daha öncə sizin qəzetə yeni seçilmiş Bayden administrasiyası ilə İran münasibətlərini şərh etdiyim müsahibəmdə qeyd etmişdim. Məsələ ondadır ki, sanksiyalardan yekun nəticə kimi sadə xalq əziyyət çəkir. Bu isə İran cəmiyyətində ABŞ və Qərbə neqativ əhval-ruhiyyəni möhkəmləndirir. İranda siyasi hakimiyyət isə bunun üzərindən daxili mövqelərini gücləndirirdir və daxildə möhkəmlənir”.