|
“Yastıq altındakı” pulları iqtisadiyyata cəlb etmək problemi

Dünyanın əksər ölkələrində iqtisadiyyatın ən önəmli hərəkətverici sahələrindən biri də qiymətli kağızlar bazarıdır. Belə ki, istənilən ölkənin iqtisadiyyatlarının inkişafı üçün vacib elementlərdən biri biznesin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların şaxələndirilməsidir. Bu baxımdan əhalidə olan nağd pul kütləsinin, obrazlı desək, “yastıq altındakı” pulların iqtisadiyyatın müxtəlif sahələrinə cəlb edilməsi və onun effektiv istifadəsi üçün yararlı olan iqtisad alətlərdən biri də qiymətli kağızlardır. Hazırda dünya birjalarında qiymətli kağızlar bazarının həcmi sürətlə artır.

Sadə bir misal çəksək, bu gün ABŞ-ın istiqraz bazarının ümumi dəyəri isə 40 trilyon ABŞ dolları həcmindədir. Azərbaycanda isə ötən ilin  yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 4 917,1 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına verdiyi məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 39,9% az olub.  Yarım illik göstəricinin 2 710,7 milyon manatlıq hissəsi ilkin bazarda (39% az), 2 206,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (81% çox) formalaşıb. 6 ay ərzində qiymətli kağızlar bazarında 2 383 əqd bağlanılıb. Bu illik müqayisədə 11,9% azdır. Əqdlərin 440-i ilkin bazarın (48,5% az), 1 943-si isə təkrar bazarın (5% çox) payına düşüb. Göründüyü kimi , rəqəmlər bu bazarın nə qədər zəif inkişaf etməsindən xəbər verir.

İstiqrazda iştirak edən iki əsas tərəf emitentlər- yəni istiqrazı buraxanlar və investorlar- yəni ona yatırım edib, qiymətli kağızları alanlar var və onların hər ikisi bu prosesdə maraqlı olmalıdır. Bazar iqtisadiyyatı inkişaf  etmiş  bir  çox  ölkələrdə  bu  günə  kimi  qiymətli  kağızların  bir  çox  növləri  meydana  çıxıb  və  geniş  yayılıb.  Qiymətli  kağızların müxtəlifliyi  onların  təsnifləşdirilməsini  və  qruplaşdırılmasını  zəruri  edir. Qiymətli  kağızları  emitentlərə,  dövriyyə  müddətinə,  gəlirliyinə,  risk səviyyəsinə,  əraziyə  və  digər  xüsusiyyətlərinə  görə  təsnifləşdirmək mümkündür. Qiymətli kağız - onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və bu  hüquqların  verilməsi  imkanını  müəyyən  edilmiş  formaya  və  məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. Bir çox ölkələrdə qiymətli kağızların emitenti kimi əsasən özəl bölmə, dövlət və xarici təşkilatlar çıxış edir. Buna müvafiq olaraq qiymətli kağızları özəl  (korporativ),  dövlət  və  beynəlxalq  qiymətli  kağızlar  kimi təsnifləşdirmək  olar.  Öz  növbəsində  bunları  ayrı-ayrılıqda  qruplaşdırmaq olar. Özəl  qiymətli  kağızların  emitentləri  kimi  maliyyə-kredit  institutları, banklar, sığorta şirkətləri, investisiya şirkətləri çıxış edirlər. Dövlət  qiymətli  kağızlarının  emitenti  kimi  hökumət  və  yerli  icra orqanları çıxış edirlər. Beynəlxalq  qiymətli  kağızlar  xarici  və  beynəlxalq  təşkilatlar tərəfindən  buraxılır.  Bu  qiymətli  kağızlar  dövriyyə  müddəti,  valyuta  və emitentlərinə görə fərqlənirlər. Qiymətli kağızlar  ərazi vahidlərinə görə regional, milli və beynəlxalq qiymətli  kağızlara  ayrılır.  Eyni  zamanda  qiymətli  kağızların  emitenti  kimi hüquqi  şəxslər,  icra  hakimiyyəti  orqanları,  həm  də  yerli  özünüidarəetmə orqanı olan bələdiyyələr ola  bilər. Onlar ayrı-ayrılıqda öz adından qiymətli kağızların sahibləri qarşısında cavabdehdirlər. Burada iştirak edən hüquqi və fiziki  şəxslər  bazarın  subyektləri  sayılırlar.

Məlumdur ki, əlində vəsaiti olan hər bir şəxs ona əlavə gəlir gətirəcək, etibarlı, likvidləşdirilməsi asan olan bir yatırım aləti axtarır. Bu mənada istiqraz, qiymətli kağızlar ən ideal seçimdir. Çünki daşınmaz əmlakdan fərqli olaraq birjada tez satılır. Qiymətli kağızların qeydiyyatı əlavə vəsait tələb etmir, saxlanılması üçün risklər yoxdur. Emitentlər isə bununla maliyyə imkanlarını genişləndirir və onu fərqli istiqamətlərdə dəyərləndirirərək əlavə gəlir götürür. Qiymətli kağızlar ilk növbədə şəffaflıq və iqtisadiyyatda leqal vəsaitlərin həcminin gündən-günə artması, biznes üçün əlavə maliyyə mənbələrinin yaranması, nəticədə real sektorun inkişaf dinamikasının artırılmasına xidmət edir. Maliyyə bazarında dövriyyənin yüksək olması qeyri-neft sektorunun inkişafı baxımından olduqca əhəmiyyətlidir. Təəssüf ki, bəzi istisnaları nəzərə alsaq, bu sahə Azərbaycanda inkişaf etməyib və diqqətdən kənarda qalıb.

Fikrət Yusifov: Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq  istəyirsə, onu çökdürən bu müharibəni dərhal dayandırmalıdır » Azim.az

 Fikrət Yusifov

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, qiymətli kağızlar bazarı Azərbaycanda çox zəif inkişaf edib: “İndiki dönəmdə, iqtisadiyyatın real sektorunun sürətlə inkişafını hədəf qoyulan bir dönəmdə inqilabi bir dönüş etmək lazımdır. Bu bazar hazırda yox səviyyəsindədir və ildən-ilə bir qədər də zəifləyir, dövriyyəsi aşağı düşür. Bütün dünyada qiymətli kağızlar əldəki vəsaitləri iqtisadiyyata cəlb etmək üçün ən güclü maliyyə alətlərindən biridir. Biz bu gün ondan istifadə edə bilmirik. Banklarımız elə səviyyədə deyil ki, biznesi kreditləşdirsinlər. Qiymətli kağızlar bazarı da yoxdur ki, hansısa müəssisələr, biznes qurumları vəsait cəlb edə bilsinlər. Əgər real sektoru inkişaf etdirmək istəyiriksə, ilk növbədə onun maliyyə mənbələrini inkişaf etdirməliyik. Bu mənbələrdən biri də qiymətli kağızlardır. Maliyyə Nazirliyinin 1-2 istiqrazı və SOCAR istiqrazı ilə qiymətli kağızlar bazarı formalaşmır. Hazırda fiziki və hüquqi şəxslərin faydalana biləcəyi heç nə yoxdur. Ancaq illərdir belə önəmli bir bazar bizdə yoxdur”.

Ekspert: "SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb"

Pərviz Heydərov

İqtisadçı ekspert Pərviz Heydərov da “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda qiymətli kağızlar bazarının zəif olmasının əsas səbəbi ölkədə özəl biznesin, özəl mülkiyyətçilik prinsipinin geniş yayılmamasıdır: “Biz deyirik ki, özəl sektor iqtisadiyyatın 90 faizini təşkil edir. Ancaq reallığa baxsaq, özəl sektor üzrə ixrac əməliyyatlarından ölkəyə gələn gəlir dövlət sektoru üzrə ixrac əməliyyatlarından gələn gəlirdən xeyli aşağıdır. Biz dövlət şirkətlərini daha çox tənqid edirik, idarəetmədə problemlər olduğunu, qeyri-şəffaf olduğunu deyirik. Bu məqsədlə İnvestisiya Holdinqi yaratmışıq və hamısını onun idarəetməsinə vermək istəyirik. Çıxış yolu isə odur ki,  bu vəziyyətlə belə ixrac əməliyyatlarından ölkəyə gətirdikləri gəlirə görə iqtisadiyyatın 85-90 faizini əhatə edə özəl sektordan öndədirlər. Bu baxımdan ölkədə qiymətli kağızlar bazarının təşkili və inkişafı qaçılmaz xarakter daşıyır. Biz özəlləşmə prosesini keçmişik. Əslində o proses qiymətli kağızlar bazarı üçün baza yaratmalı idi. Ancaq özəlləşdirmə çeklərinin taleyini xatırlasaq görərik ki, bu, əslində Azərbaycanda qiymətli kağızlar bazarının yaranması üçün heç bir rol oynamadı”.

Ekspertin sözlərinə görə, qiymətli kağızlar bazarında özəl şirkətlərin, iri dövlət şirkətlərinin qiymətli kağızları dövriyyədə olmalıdır: “Onlar gündəlik alınıb satılmalı, qiymətləri müəyyən olunmalıdır. Bizdə hansı dövlət şirkətinin özəlləşdirilməsi gedir? Heç birinin... Özəlləşdirmə tam rəqabət şəklində getməlidir, bütün investorların, əhalinin açıq şəkildə iştirakı təmin olunmalıdır. Bu bazar bu gün bizdə ölü vəziyyətdədir. Dövlətin hələ də ölkə iqtisadiyyatında aparıcı rol oynaması ucbatından səhmlərin  alqı-satqı prosesi müşahidə olunmur. Bu da iqtisadiyyatın inkişafı üçün əlavə tormozlanma yaradır”.

Türklərdən milli pula görünməmiş dəstək - dollar yandırdılar, milyonlar  dəyişdilər FOTOLAR / İstipress

P.Heydərov vurğuladı ki, dünyada maliyyə bazarlarının nəbzi təkcə neft bazarında deyil, əsasən qiymətli kağızlar birjasında döyünür: “Avropa ölkələri, ABŞ, Yaponiya kimi ölkələrdə hər gün aksiyaların alqısı, qiymətləndirilməsi prosesi baş verir. Bu özü də dünya iqtisadiyyatının termometridir. Biz təkcə neftin qiymətini əsas götürürük. Bizdə qiymətli kağızlar bazarı olmasa da sona kimi belə davam edə  bilməz. İqtisadiyyatın inkişafının liberallaşdırılmasını istəyiriksə, səhm bazarını yaratmalıyıq. Dövlət qurumlarının özəlləşdirilməsi də bir günün işi deyil. Bunun üçün zəmin yaranmalıdır,  iri şirkətlərin iştirakı təmin edilməlidir. Ancaq o zaman bu qurumların özəlləşdirilməsi effekt verəcək. Qiymətli kağızlar bazarının inkişafı da dövlətin iqtisadiyyatdan əlini tam çəkməsi, liberallaşmanın genişlənməsi şəraitində təşəkkül tapacaq. Bu, hansısa fərman və sərəncamla, sifarişlə baş tutan məsələ deyil. Bizim bütün iri dövlət şirkətlərimizin adında ASC var, guya hamısı səhmdar cəmiyyətlərdir, ancaq ortada bir real səhmdar yoxdur. Bütün səhmlər dövlətə məxsusdur. Belə olan halda qiymətli kağızlar bazarı necə inkişaf edə bilər?”