Aprelin 24-də Çanaqqala zəfərinin 100 ili tamam olur. Qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da bu əlamətdar gün münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Müsavat Partiyası həmin gün saat 12:00-da Bakıda türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək. Bu barədə Müsavat başqanı Arif Hacılı facebookda status paylaşıb: “Müsavat Partiyası 24 aprel tarixində saat 12:00- da Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Bakıdakı türk şəhidlərinin abidəsi önündə anım tədbiri keçirmək barədə qərar qəbul etdi”.
Partiyanın başqan müavini Elman Fəttah ziyarət barədə “Yeni Müsavat”a açıqlama verdi: “Bildiyimiz kimi, aprelin 24-ü Çanaqqala zəfərinin ildönümüdür. Təkcə Türkiyədə deyil, bütün türk dünyasında bu gün qeyd olunur.
Müsavat Partiyası məlum hadisənin iştirakçılarından biridir. Çünki Müsavat 1911-ci ildən fəaliyyət göstərir. 1915-ci ildə baş verən hadisədəki iştirakçılar arasında partiyamızın üzvləri də olub. Bu hadisə bizim üçün ümummillidir. Çanaqqala zəfərini Bakıdakı abidə önündə tədbir keçirməklə qeyd etmək niyyətdəyik. Artıq bu barədə partiyanın rəsmi qərarı da var. Elə həmin gün ziyarətdən sonra partiyanın qərargahında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin təşkilatçılığı ilə anım tədbiri davam edəcək. Hesab edirik ki, belə əlamətdar günlərin qeyd olunması çox vacibdir”.
Başqan müavini ziyarətin digər təşkilatlarla birlikdə təşkil olunub-olunmaması məsələsinə də aydınlıq gətirdi: “Müsavat tədbirin zamanını elan edib. İstənilən şəxs iştirak edə bilər. Partiya rəhbərliyi üzvləri ilə birlikdə həmin Türk Şəhidliyini ziyarət edəcək. Başqa siyasi qurumların üzvləri ziyarətdə iştirak etsələr, sadəcə, buna sevinərik. Ziyarəti partiyanın icra aparatı və təşkilat şöbəsi təşkil edəcək. Reklam tədbiri deyil. Üzvlərin harada toplaşması, ziyarətin başlanacağı yer haqda mətbuata məlumat veriləcək”.
