Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Andrey Svinsov deyib ki, iqtisadi böhran və daxili siyasi konfliktlər göstərir ki, ABŞ bu səbəbdən dağılan SSRİ-nin taleyini yaşaya bilər. “Artıq bəzi amerikalı siyasətçilər Kaliforniyanın və digər ştatların ayrılması barədə danışmağa başlayıblar” deyə, o bildirib. ABŞ-dakı iqtisadi və siyasi gərginlik supergücün parçalanması ilə nəticələnə bilərmi? Birləşmiş Ştatlar parçalanarsa, dünya düzənində nə baş verər?
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyilənləri real qəbul etmir: “ABŞ Rusiyanı parçalamaq istəyir. Çalışır ki, şimal qonşumuzu siyasi küncə sıxsın. Bunun üçün də artıq addımlar atmağa başlayıb. Bu məsələdə onunla həmfikir olan Avropa dövlətləri, Yaponiya, Cənubi Koreya kimi güclər var. Ona görə də ABŞ-ın indiki şəraitdə dağılması barədə Rusiya rəsmiləri, yaxud komitə sədrlərinin müavinləri tərəfindən irəli sürülən ideyalar deyərdim ki, reallıqdan çox uzaq olan sərsəm düşüncələrdir. Doğrudur, Amerikada separatçı hallar mövcuddur. Bu ölkədə seçkilərin nəticələrinə etiraz nümunələrinə rast gəldik. Amma dövlətdən ayrı-ayrı ştatların ayrılması məsələsini lap əhalinin özü belə istəsə, bu çox çətin proseduralardan keçir. Onun həyata keçməsi mümkünsüz görünür. Üstəlik də Amerikada narazılıq olan ştatlardakı vəziyyət Rusiyadakı kimi deyil. Kreml Uzaq Şərqi demək olar ki, itirmək üzrədir. Cənubi və şimalı koreyalılar Uzaq Şərqin canına daraşıblar. Amma ABŞ möhkəm dövlətdir. Bu ölkənin dəyərləri də işləkdir. Amerikanizm ideyası insanları vahid mərkəz ətrafında birləşdirə bilir. Bu nöqteyi-nəzərdən Rusiya Dövlət Dumasının komitə sədrinin müavininin söylədikləri həqiqətlərdən çox uzaqdır. Hətta deyərdim ki, həyata keçməsi xəyal kimi görünür. ABŞ Tramp dövründə müəyyən iddialarından geri çəkildi.

Qabil Hüseynli
Dünya düzəninə nəzarət etmək funksiyasını öz üzərinə götürmək istəmirdi. Amma indiki Bayden hakimiyyəti bu məsələdə daha sərt, deyərdim ki, millətçi mövqedən çıxış edir, Avropa ilə münasibətləri qaydaya salıb, Trampın qəbul etdiyi bir sıra qərarları ləğv edib, dövlətlərlə münasibətləri normallaşdırmağa çalışır. Lakin bir nömrəli hədəf kimi də Rusiyanı götürüb. Bu şəxsin söylədikləri iki ölkə arasında ideoloji mübarizənin bir təzahürüdür. Amerika tərəfindən daha çox ölkənin prezidenti, dövlət katibi, Departamentin rəhbəri danışır. Rusiya tərəfindən isə daha çox deputatlar, komitə sədrinin müavini kimi danışır. Bu da həm yayılma arealına görə, həm də təsir imkanlarına görə Amerikanın səsləndirdiyi fikirlərin kölgəsində qalır. Ona görə ideoloji mübarizənin bu formada aparılması Rusiyanın xeyrinə deyil. Çətinliklər hələ qarşıda Kremli gözləyir. Amerika dünya düzəninə nəzarət etmək üçün ipləri əlinə toplamağa çalışır. Hər halda, bu məsələdə Birləşmiş Ştatların şansları daha üstün görünür”.
Politoloq dediklərinin əksini düşünərək, ABŞ parçalanarsa, dünya düzənində nələrin ola biləcəyinə də toxundu: “Hər iki dövlətin parçalanması özü ilə müəyyən nəticələr gətirə bilər. Amma Amerikanın parçalanması daha böyük gərginliklərə yol açar. ABŞ-da dövlət quruluşunda, dövlətin idarəetmə sistemində nə ərazi muxtariyyəti, nə də muxtar respublika statusları var. Vahid Amerikanizm ideologiyası hamını birləşdirir. Eyni dildə danışmaq insanları bir ideologiya ətrafında birləşdirməyə kömək edir. Bu nöqteyi-nəzərdən Birləşmiş Ştatların parçalanması ehtimalı çox azdır. Hətta deyərdim ki, yaxın 20-30 il ərzində bunun perspektivləri görünmür. Amma Rusiyada 250-dən çox millət və xalq var. Bunların bir çoxunun muxtar vilayət, mahal, respublika şəklində dövlət statusları var. Bunların çoxu da türk mənşəli xalqlardır. Parçalanma bu ərazidə müəyyən qeyri-sabitlik, anarxiya elementləri, müxtəlif qarşıdurmalar yaradar, hətta silahlı qarşıdurmalar da yarada bilər. Ona görə də Amerikaya nisbətən Rusiyanın parçalanmasının daha real olduğu qənaətindəyəm. Xüsusilə Avrasiya qitəsinə daha çox ziyanın vurulacağı düşüncəsindəyəm”.
