|
Neft bazarı:

Ekspertlər “qara qızıl”ın qiymətinin artmasının əsas səbəblərini açıqladılar

Dünya neft bazarı həftəyə kəskin artımla başlayıb. Belə ki, Londonun ICE birjasında “Brent”markalı neftin aprel fyuçerslərinin qiyməti 66,5-67 dollara, Nyu-Yorkun NIMEX birjasında WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 62-63 dollara qədər bahalaşıb.

Halbuki ötən həftənin sonlarında bir çox proqnozlar neftin qiymətinin bu həftədən etibarən azalmağa başlayacağı və 60 dollar civarında sabitləşəcəyi yöndə idi. Belə ki, fevralın ilk iki həftəsində ABŞ-da qeydə alınan rekord mənfi dərəcəli hava nəticəsində neft hasilatında gündəlik 4 milyon barel və ya 40 faiz azalma baş verib. Bir çox analitiklər hasilatın bu həftənin əvvəllərində bərpa olunacağını gözləyirdilər, lakin kəskin havalar kifayət qədər ciddi problemlər yaradıb. Neft quyuları donma nəticəsində fəaliyyətsiz qalıb, üstəlik, Texasdakı dünyanın ən böyük neft emalı zavodları da eyni səbəbdən istehsalın mühüm hissəsini dayandırmalı olub. Zavod rəhbərləri bildiriblər ki, istehsalı bərpa etmək üçün bir neçə həftə vaxt tələb olunacaq. Eyni problem donan quyularla bağlı da mövcuddur: fəaliyyətdən qalan quyularda hasilatın tam olaraq ən tezi martın ortalarında bərpa olunması mümkündür. Buna görə də “Bloomberg”in analitikləri hesab edirlər ki, ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti dünyada yeni qlobal neft böhranına səbəb ola bilər.

Bütün bunlara baxmayaraq, analitiklər ABŞ-da hasilatın bərpa olunması, həmçinin Səudiyyə Ərəbistanının fevral-martda bazardan könüllü çəkdiyi gündəlik 1 milyon bareli apreldən yenidən bərpa edəcəyinə dair xəbərlərin neft qiymətlərini aşağı çəkəcəyini gözləyirdilər. Gözləntilərə rəğmən, qiymətlər nəinki azalmadı, əksinə, daha da yüksəldi.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, neftin hazırkı qiymət rallisi üçün iqtisadi əsas yoxdur və tezliklə qiymətlər aşağı hərəkət edəcək: “Neftin qiymətinin 67 dollara qədər bahalaşması ABŞ-da müəyyən faktorlarla bağlı yaranmış gərgin vəziyyətlə əlaqədar idi. Artıq bu məsələ həllini tapıb. Bununla yanaşı, Səudiyyə Ərəbistanı da aprel ayından neft hasilatını artıracağını elan edib. Bu isə bazarlada neftin qiymətinin azalmasına gətirəcək. Həmçinin OPEC+ çərçivəsində də hasilatın artması proqnoz edilir. Bununla bağlı qərar ancaq martın birinci həftəsində veriləcək. Yəni neftin qiymətinin yuxarı aparılması üçün hələ bazarda bir tendensiya yoxdur”.

Ekspert deyir ki, hasilat ona görə azalırdı ki, Meksika körfəzində birdən-birə 18 dərəcə şaxta oldu və borular dondu: “Artıq Meksika körfəzində hava müsbətdir. Baş verən isə müvəqqəti bir hal idi. Yəni hazırda neftin qiymətini yuxarı və aşağı doğru dəyişən faktorlar impulsiv faktorlardır”.

Enerji məsələləri üzrə ekspert isə Zəfər Vəliyev qeyd edir ki, ötən ilin dekabr ayından neft bazarlarında dinamiklik müşahidə edilir: "Qlobal neft bazarları ilə bağlı uzunmüddətli proqnozlar vermək bir qədər çətindir. Dəyişən bazar şərtləri bu vəziyyəti qeyri-müəyyən edir. Amma hələ keçən ilin dekabr ayından neft bazarlarında xüsusi bir dinamiklik müşahidə edilir. Bu isə birbaşa iki əsas faktorla bağlıdır. Bunlardan biri pandemiyanın nəticələri ilə bağlı dünyanın bir çox ölkələrində kredit kampaniyasının geniş vüsət alması və qlobal neft bazarlarında tələb-təklif balansının qorunub saxlanılması ilə əlaqədar OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində hasilat kəsintiləri barədə götürdükləri öhdəliklərə doğru əməl etmələridir".

Ekspertin sözlərinə görə, hazırda neftin qiyməti fundamental faktorların önündə getmir: “Bu, birbaşa neftə olan tələbatda müəyyən dinamikliyin müşahidə edilməsi ilə bağlıdır. Əgər keçən il dünyanın neftə tələbatı fevraldan başlayaraq ortalama 91 milyon barel civarında idisə, bu ilin yanvar-fevral ayları ərzində neftə qlobal tələbat 93,6 milyon barelə çatıb. Bu tələbat da hər gün dəyişir. Qısamüddətli proqnozlar göstərir ki, 2021-ci ildə qlobal neft tələbatı 96,4 milyon barel civarında qərar tutacaq. Amma hesab edirəm ki, bu arta da bilər. Müşahidələr onu deməyə əsas verir ki, həm xam neftin qiymətində dəyişikliklər baş verir. Hazırkı qiymət fiziki bazarların qiymətini əks etdirməsə də, fiziki bazarlarda da ciddi canlanma müşahidə olunur. Həm neftə və neft məhsullarına olan tələbatda dinamika var, həm də birbaşa neft-qaz sənayesi ilə bağlı olan neft-kimya sənayesində də kifayət qədər dinamiklik nəzərə çarpır. Yəni neftin qiymətinin artması ilə bağlı neft və neft-kimya məhsullarının da qiymətində dinamiklik var.

Digər tərəfdən, artıq dünyanın həm stasionar, həm də üzən anbarlarında neft həcmləri dayanmadan azalır. Keçən ildən fərqli olaraq dünyanın üzən anbarlarında, yəni neft daşıyan tankerlərdə neft həcmləri kifayət qədər azalıb, dünyanın bütün dəniz nəqliyyat dəhlizlərində neft daşıyan tankerlərin sıxlığı tam aradan qaldırılıb. Bu, olduqca müsbət hadisədir. Qarşıdakı aylarda da OPEC və müttəfiq dövlətlər hasilat kəsintilərinə doğru əməl etsələr, hesab edirəm ki, neftin qiymətində müəyyən dinamiklik yenidən olacaq" (Report).

İsveçrədə yerləşən “SOCAR Trading SA” şirkətinin baş ticarət direktoru Xəyal Əhmədzadə isə daha optimistdir. Onun fikrincə, bu il neftin bir barelinin qiyməti 80 dollara çatacaq. Bu barədə “Financial Post”a danışan SOCAR rəsmisi bildirir ki, neftə olan tələbat yenidən artacaq, ancaq istehsalçılar lazımi təkliflərə dərhal cavab verə bilməyəcəklər: “2020-ci ildə pandemiyaya cavab olaraq yaranmış izafi neft ehtiyatları yaya qədər tamamilə bitəcək. Bu dövr ərzində boru, quyu və fitinqlərin istehsalında istifadə olunan poladın qiymətlərinin sürətlə bahalaşması və istehsalçılar üçün yüksək kapital dəyəri, tələbin geri qayıtmasına baxmayaraq onsuz da çətinləşmiş sənaye tərəfindən mənalı bir təklif reaksiyasının qarşısını alacaq. Mən yay aylarında və ya ilin sonuna qədər neftin qiymətini 80 dollar, hətta yaxın 18-24 ay ərzində 100 dolların üzərində görsəm, təəccüblənmərəm”.

X.Əhmədzadənin verdiyi məlumata görə, SOCAR artıq özünün böhran zamanı anbarlara yığdığı 15 milyon barel neftin hamısını satıb: “Poladın qiymətlərinin artması neft xidmətləri göstərən podratçıların hasilatı vaxtında bərpası üçün və büdcə çərçivəsində tələb olunan boruların, quyuların və digər infrastrukturun inşası çətinləşəcək. Bu, ölkələr karantin rejimi və digər məhdudiyyətlərdən çıxdıqca tələb geri qayıtdıqda belə, təklif reaksiyasını ləngidəcək. Çox yüksək polad qiymətləri səbəbindən sənayedə bir sarsıntı görə bilərik”.

SOCAR rəsmisinin fikrincə, OPEK+ ölkələrinin hasilatı artırması belə qiymətlərin azalmasına gətirib çıxarmayacaq. Çünki hasilat artan tələbatı tam etmək imkanına ən yaxşı halda ilin sonunda çata biləcək. Onun sözlərinə görə, hətta Səudiyyə Ərəbistanı və Texasda da istehsal olsa belə, 12 aydan sonra neft çatışmazlığın olacağına dair qorxular var: “Bu, qiyməti olduqca sürətlə artıracaq”.

Xatırladaq ki, ötən həftə  “JPMorgan Chase & Co.” və “Goldman Sachs” kimi iri banklar neftin qiymətinə dair proqnozlarında dəyişiklik edərək, onu bir barel üçün 100 dollara qədər qaldırdılar.

İqtisadçı-ekspert Elman Sadiqovun “Yeni Müsavat”a dediyinə görə, neft bazarının belə həyəcanlanması bir neçə mühüm faktorla bağlıdır: “Hazırda bazarda gözlənilməyən bir qiymət dəyişikliyinin baş verdiyini düşünmürəm. Qiymət dəyişikliyinin əsas səbəbi dünyada koronavirus pandemiyasının sönmə əlamətlərinin güclənməsi, həyata keçirilən peyvəndləmə prosesinin sürətlənməsi, əhatə dairəsinin genişlənməsidir. Dünya iqtisadiyyatının pandemiyanın təsirlərindən çıxma prosesinin sürətlənəcəyinə inamı artıran bu amil yalnız əmtəə bazarlarında deyil, maliyyə bazarında da müsbət əhval-ruhiyyə yaradıb. Yəni bazarlar pandemiyanın ağır dövrünün arxada qaldığına getdikcə daha çox əmin olurlar. İqtisadi fəallığın artması neftə tələbatın da artması demək olacaq. Eyni zamanda yaz gəlir, havaların istiləşməsi gözləntiləri var. Buna görə də bazarlar müsbət gözləntilərin təsiri altındadır. Bazarı canlandıran daha bir amil OPEK+ çərçivəsində hasilatın azaldılmasıdır. Bu addımın təsiri yanvardan etibarən özünü göstərməkdədir. Daha bir amil ABŞ-dakı kəskin havaların bir neçə həftəlik dövrdə hasilatın azalmasına səbəb olmasıdır. Qeyd edim ki, havalar yalnız ABŞ-da deyil, Avropada, Rusiyada da kəskin soyuq keçir. Hava şəraiti yalnız ABŞ-da deyil, Rusiyada da hasilatın azalmasına səbəb olub. Bu yaxınlarda Rusiya açıqlama verdi ki, bazara OPEK+ çərçivəsində nəzərdə tutulandan daha az həcmdə neft çıxara bilir. Bütün bunlar hazırda dünya neft bazarında qiymətlərin yüksəlməsini şərtləndirir”.

Ekspertin fikrincə, artım uzunmüddətli deyil: “Hazırkı əhval-ruhiyyə uzunmüddətli deyil. Çünki bazara çıxarılmasını gözləyən böyük neft potensialı var. Burada söhbət yalnız OPEK+ çərçivəsində azaldılan hasilatdan deyil, həm də ABŞ-da gözlənilən istehsal artımından gedir. Belə ki, qiymətlərin 60 dollardan yuxarı olması şist neft hasilatçılarını quyuların sayını sürətlə artırmağa həvəsləndirəcək. Məlumdur ki, ABŞ-da quyuların qazılması və hasilatın başlanması çox qısa müddətə başa gəlir. Buna görə də yaxın dövrdə ABŞ-da gündəlik  hasilatın 2-3 milyon barel artması ehtimalı çox yüksəkdir. Beləliklə, dünya bazarına gündəlik 6-7 milyon barel daha artıq neftin qısa müddət ərzində çıxarılması mümkündür. Gələn həftə OPEK+ ölkələrinin nazirləri iclas keçirəcəklər. Böyük ehtimalla, hasilatın artırılmasına dair qərar qəbul olunacaq. Bu isə qiymətlərin uzun müddətə 65-70 dollar ətrafında qalmasına imkan verməyəcək. Bundan əlavə, onu da nəzərə alaq ki, nefti idxal edən ölkələrin də onu belə yüksək qiymətə almaq imkanları yoxdur. Pandemiya bütün ölkələrə böyük zərər vurub. Bu şəraitdə baha qiymətə neft almağı hər ölkə bacarmayacaq. Bu isə tələbin azalmasına gətirəcək. Eyni zamanda idxalçı ölkələrin bazara başqa yollarla müdaxiləsi də mümkündür”.

E.Sadiqov qeyd edir ki, baha neft və neft məhsulları inflyasiya riskini artırır ki, bu da hazırda böhrandan yeni-yeni çıxmaqda olan ölkələrə sərf etməyən variantdır: “Həmin ölkələr bu baxımdan da bahalı neftə qarşı birgə addımlar atmağa məcbur olacaqlar. Bütün bunlar onu deməyə əsas verir ki, orta və uzunmüddətli dövrdə neftin qiymətinin 70-lərdə qalması real deyil. Düşünürəm ki, bu dövrdə qiymət 60-65 dollar arasında sabitləşəcək - həm satıcı, həm alıcılar üçün ən optimal qiymət diapazonu budur”.

Yeri gəlmişkən, Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,84 dollar, yaxud 1,32 faiz artaraq 65 dollara yaxınlaşıb. Maraqlıdır ki, həmişə “Brent” markalı neftdən 1-2 dollar baha satılan Azərbaycan nefti son bir ildə ikinci dəfədir ki, ondan daha ucuz qiymətə düşür...