Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə başlayıb. Deputat Sevinc Fətəliyeva caric məsələlərlə bağlı çıxışında ölkə prezidentinin sosial sahədə apardığı islahatların vətəndaşlarda məmnunluq yaratdığını bildirib Deputat qeyd edib ki, son vaxtlar əlilliyin təyin edilməsi ilə bağlı mühüm işlər görülür. Lakin deputat vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi narahatlıqların ortaya çıxdığını vurğuladı. Qeyd etdi ki, əlilliyin təyin olunması ilə əlaqədar olaraq qanunvericilikdə müəyyən boşluqların aradan qaldırılmasına ehtiyac var.
Deputat Nigar Arpadarai yaralıların, qazilərin üzləşdiyi problemlərlə bağlı danışaraq deyib ki, yaralılar bəzi sənədləri almaq üçün bir sıra qurumlara getməli olurlar. “İndiki mərhələdə bu məsələni sistem halına salmalıyıq. Bizim yaralılarımız, qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır. Məsələn, ASAN Xidmət tipli, səyyar bir sistemdən istifadə etmək olar, bizim könüllülər ordusu var”, deyən N.Arpadarai yaralı və qazilərə lazım olan sənədlərin onlara çatdırılmasını zəruri saydı.
