|
Xarici borcumuz təhlükəli həddə deyil, amma...

Ekspert: “İri dövlət şirkətlərinin dövlət zəmanətli kreditləşməsinə birdəfəlik son qoyulmalıdır”

Azərbaycan Maliyyə Nazirliyi ölkənin xarici borclarına dair məlumatı açıqlayıb. Məlumatdan aydın olur ki, xarici borcumuz illik müqayisədə 1,2 faiz azalmaqla  01 yanvar 2021-ci il tarixi vəziyyətinə 8 milyard 821,5 milyon dollar və ya 14 milyard 996,5 milyon manat təşkil edib. Bu, Azərbaycanın 2020-ci ildəki Ümumi Daxili Məhsulunun 20,7 faizi deməkdir.

Nazirliyin məlumatına görə, bu zaman müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8,1 milyard dollar və ya 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19,0 faizi, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil edib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

01 yanvar 2021-ci il tarixinə Azərbaycanda birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizi, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizi həcmində olub. Ümumilikdə daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizinə bərabər olub.

Qeyd edək ki, 2016-cı ildən bəri Azərbaycanın xarici dövlət borcunun pik həddi 2018-ci ilin sonunda qeydə alınıb və 9 milyard 398 milyon dollar və ya ÜDM-in 22,8 faizinə bərabər olub.

Azərbaycanın xarici borcu ÜDM-in 22,4%-nə bərabər olub

“Büdcə zərfi”nə görə, dövlət borcunun dayanıqlılığının təmin edilməsi birinci strateji məqsəd kimi müəyyənləşdirilib və bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək.

Dünya Bankının noyabr proqnozlarına görə, bu il Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20 faizini təşkil edəcək.

2021-ci il üçün büdcə zərfindən aydın olur ki, bu il xarici dövlət borcuna xidmət xərcləri 2 milyard 31,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 92,4 faizinə, dövlət büdcəsi gəlirlərinin 8 faizinə, dövlət büdcəsi xərclərinin 7,1 faizinə bərabərdir

Xarici dövlət borcu üzrə nəzərdə tutulan vəsaitlərin 466,2 milyon manatı faiz borcunun, 1 milyard 565,5 milyon manatı isə əsas borcun ödənilməsinə yönəldiləcək. Yəni 2021-ci ildə xarici dövlət borcu üzrə ödənişlərin 22,9 faizi faiz ödənişlərinə, 77,1 faizi isə əsas borcun qaytarılmasına sərf olunacaq. Xarici dövlət borcuna xidmət xərclərinin 1 milyard 753 milyon manatı birbaşa cəlb edilmiş kreditlər üzrə xərclərə, 278,7 milyon manatı isə məhz dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərə xidmət xərclərinə yönəldiləcək.

Hesablama Palatası tərəfindən 2020-ci ildə dövlət borcunun formalaşması, idarə olunması və hesabatlılığı üzrə aparılan auditin nəticələrinə əsasən 2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Respublikası hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərə xidmət xərclərinə 218,9 milyon dollar məbləğində vəsaitin istifadə olunduğu müəyyən edilib.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı Maliyyə Nazirliyi tərəfindən Hesablama Palatasına təqdim olunan məlumatların təhlilindən görünür ki, 2020-2024-cü illər üzrə dövlət büdcəsinə bu müəssisələrdən daxilolmalar 2 milyard 874,8 milyon manat, o cümlədən 2020-ci ildə 582,3 milyon manat, 2021-ci ildə 573,2 milyon manat təşkil etməlidir.

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi sənədinə verdiyi rəydən aydın olur ki, 2020-2024-cü illərdə “Azəralüminium” ASC Təminat Fonduna dövlət zəmanəti ilə almış olduğu kreditlərin qaytarılmasına görə 175,5 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC 281,9 milyon manat, “Azərbaycan Hava Yolları” QSC 1 milyard  383,8 milyon manat, “Azərenerji” ASC 290,5 milyon manat, “Azərişıq” ASC 26,9 milyon manat, “Azəristiliktəchizat” ASC 23,8 milyon manat, “Azərkosmos” ASC 142,8 milyon manat, “Azərsu” ASC 9,9 milyon manat, SOCAR 169,1 milyon manat, “Azİntelekom” MMC 322,6 milyon manat, Gənclər və İdman Nazirliyi 48 milyon manat vəsait ödəməlidir. 

Lakin təcrübə göstərir ki, dövlət zəmanəti ilə borc alan şirkət və təşkilatlar nə borcun özünü, nə də dövlətin onların əvəzində ödədiyi vəsaitləri qaytarmaqda maraqlı deyillər. Belə ki, Hesablama Palatası tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən qeyd etmək olar ki, 01 yanvar 2020-ci il tarixinə xaricdən dövlət zəmanəti ilə kredit alan 11 əsas qurumun Təminat Fonduna ödənilməmiş borcunun həcmi 383 milyon 709 min manat, 108 milyon 952,2 min dollar və 21 milyon 632,3 min avro təşkil edib.

Bu il də dövlət zəmanəti ilə iri müəssisələrə xarici kreditlərin verilməsi nəzərdə tutulur. Belə ki, 2021-ci ilin dövlət büdcə sənədinə əsasən xaricdən cəlb edilmiş kreditlərin  295,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə,  244,4 milyon manatı “Azərbaycan Dəmir Yolları” QSC-yə, 7,3 milyon manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə,  32,3 milyon manatı Ədliyyə Nazirliyinə;  30,3 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çatacaq.

Bundan əlavə,  2021-ci il ərzində dövlət daha 1 milyard manata yaxın xarici kredit üçün zəmanət verməyi planlaşdırır.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

 Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, hazırda Azərbaycanda xarici dövlət borcunun məbləği dövlətin maliyyə imkanları, həmçinin ölkə iqtisadiyyatının inkişaf səviyyəsi baxımından təhlükəli həddə deyil: “Xarici dövlət borcunun məbləği Ümumi Daxili Məhsulun 20 faizi həddindədir. Ölkənin maliyyə potensialı onun qaytarılmasında hər hansı problem vəd etmir. Halbuki dünyanın əksər ölkələrində belə problemlər mövcuddur. Hətta elə yüksək inkişaf etmiş ölkələr var ki, xarici borcları ölkə ÜDM-dən böyükdür”.

Ekspertin fikrincə, Azərbaycanda xarici borclarla bağlı əsas problem iri dövlət müəssisələrinin dövlət zəmanəti ilə aldıqları kreditlərlə bağlıdır: “Çox pis haldır ki, iri dövlət müəssisələri dövlətin zəmanəti ilə aldıqları kreditləri qaytarmaqda maraqlı deyillər. Hazırda bu yolla alınmış xarici dövlət borcunun ölkə ÜDM-nə nisbəti 2 faizə yaxındır. Bildiyiniz kimi, ötən ildən başlayaraq iri dövlət müəssisələrində idarəetmənin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılır, onların bir çoxu Azərbaycan İnvestisiya Holdinqinə tabe etdirilib. Bu addımların yaxınmüddətli dövrdə nə qədər effekt verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Amma atılan və atılacaq addımların iri dövlət müəssisələrinin dövlət zəmanətli kreditlərə həvəsini azaldacağını gözləmirəm. Bu baxımdan, hesab edirəm ki, dövlət bu cür kreditlərin həcmini ümumi xarici dövlət borcunun azaldılmasından daha sürətlə azaltmaq yolunu tutmalıdır. Kredit elə bir məhsuldur ki, hətta ən varlı dövlətlər də ondan istifadə edirlər. Bu baxımdan, Azərbaycanın xaricdən borc almaması mümkün deyil. Lakin düşünürəm ki, ortamüddətli dövrdə Azərbaycan belə borcların ölkə ÜDM-nin 10-15 faizindən yuxarı olmamasını hədəfləməlidir. Bunun üçünsə iri dövlət şirkətlərinin dövlət zəmanəti ilə kredit almaq təcrübəsinə birdəfəlik son qoyulmalıdır. Bunun da əsas yollarından biri həmin qurumların tam və qismən özəlləşdirilməsindən keçir”.