|
Övladını erkən nikaha məcbur edən valideynləri hansı cəza gözləyir - ekspert rəyləri

Mehriban Zeynalova: “Bəzən oğlanlar da erkən nikaha cəlb edilir”

Son günlər ölkədə erkən nikahla bağlı məsələ yenidən gündəmə gəlib. Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində iki yeniyetmənin nişanlanması hadisəsi məsələni yenidən müzakirələrə çıxarıb.

Araşdırmalar onu göstərir ki, son illər ölkədə erkən nikahların sayı getdikcə azalmağa başlayıb. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqlamasına görə, 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 olduğu halda, 2018-ci ildə bu rəqəm 2129, 2019-cu ildə isə 2120 olub. Lakin bu bir faktdır ki, Azərbaycan cəmiyyətində bu məsələ hələ də həll olunmamış qalıb. Bir çox hallarda yeniyetmələr məhz valideynləri tərəfindən erkən nikaha cəlb edilir.

Mütəxəssislərin qənaətinə görə, erkən nikaha gətirən səbəblər aşağıdakılardır:

müəyyən vaxtdan sonra qızın “qarımış qıza” çevrilməsi qorxusu. Bir sıra valideynlər qızlarını tez evləndirməklə, tez bir zamanda “qız yükü”ndən qurtulmağa çalışırlar;

ailənin maddi vəziyyətinin aşağı olması. Bəzi aztəminatlı ailələr düşünür ki, evlilik həyatı onun övladına xoşbəxtlik gətirəcək;

qaçırılma halları. Mentalitet məsələlərinə daha bağlı olan ailələr qaçırılmış qızın geri qayıtmasını yolverilməz sayır və övladının erkən nikahına razı olur.

Lakin erkən nikahın çoxlu fəsadları ortaya çıxır. Fiziki və psixoloji baxımdan ana olmağa hazır olmayan qızlarda çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Mütəxəssislərin qənaətinə görə, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.

Erkən nikaha cəlb olunan qızlar  cəmiyyətdən təcrid olunur, təhsildən uzaqlaşır, gələcəkdə övladının savadlı yetişməsinə fayda verə bilmir. Daha bir məsələ. Dəfələrlə şahidi olmuşuq ki, erkən nikaha girən qızlar bəzən ailədəki çətinlikləri, zorakılıqları dəf edə bilmədikləri üçün intihara əl atır.

Bəs dövlət erkən nikahların qarşısını almaq üçün hansı addımlar atır? Azərbaycan qanunlarında yeniyetmələri erkən nikaha cəlb edən valideyn və digər şəxslər barəsində cinayət məsuliyyəti varmı?

Mehriban Zeynalova ile ilgili görsel sonucu

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox yaxşıdır ki, bu məsələ ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin qeyd edim ki, cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və  cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq.

Qeyd etdiyim kimi, bu məsələdə maarifləndirmənin öz yeri var. Həmçinin nikaha məcbur edilən şəxslər üçün 860 nömrəli qaynar xətt yaradılıb. Məktəblər, bələdiyyə bu cür hadisəni gördükdə məsələni qaldıra bilər və sairə. Yəni bu qurumların da rolunu artırmaq lazımdır. Dövlətin bu yöndə gördüyü işlər də qənaətbəxşdir. Lakin regionlarda bəzi stereotiplər hələ də var. Cəzalandırmanı həyata keçirəcək tərəflər bəzən buna normal baxır. Əgər məktəb, bələdiyyə, polis, məhkəmə bu cür hadisəni görüb, onu rəsmiləşdirməsə, göz yumsa və yaxud məsul qurumlar hadisəni bilib, hadisə ilə bağlı qərar qəbul etməsə onları cəzalandırmaq çox vacibdir.

Bəzən görürük ki, erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib. 18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə deməli valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçü valideynə cəza verilməlidir.

Əlbəttə ki, məcburi nikah təkcə 16-17 yaşda deyil, 20-22 yaşda da olur. Gənclər bəzən valideynlərinin iradəsinə zidd gedə, eləcə də qanuni yola əl ata bilmirlər. Cəmiyyətimzidə övladın valideyndən şikayət etməsi böyük qınaqla qarşılanır. Bu da qanunun həyata keçirilməsinə maneçilik törədir. Beləliklə, belə bir halla rastlaşan gənc valideynindən şikayət edəndə cəmiyyət tərəfindən yalnız o qınanılır, qınaq obyektinə çevrilir. Çox az halda kimsə gəncin tərəfində olur. Bu da qanunun icrasına mənfi təsir edir".

Mehriban Zeynalova da qeyd etdi ki, son illərdə ölkədə erkən nikaha girmə halları azalıb: “Bu azalmanı hər birimiz müşahidə edirik. Hazırda aşkarlanan hadisələr də 7-10 il bundan əvvəl baş verən hadisələrdir. Lakin bu, o demək deyil ki, problemin kökü tamamilə kəsilib. Hələ bilmirik ki, pandemiya dövründən sonra nələr aşkarlanacaq. Çox güman ki, bu cür hallarla qarşılaşacayıq. Pandemiya dövründə məktəblər bağlı oldu, toylar keçirilmədi. Təbii ki, nikaha girənlər oldu. Lakin onların arasında erkən nikahların da olub-olmadığını təxminən 6-7 aydan sonra biləcəyik. Məsələn, azyaşlı qızlar uşaq dünyaya gətirsə, bu zaman məsələ aşkarlanacaq, onda biləcəyik ki, pandemiya dövründə nə qədər erkən nikah olub”.

Mehriban Zeynalova erkən nikahın ən çox hansı bölgələrdə yayılmasından da söz açıb: “Əslində bu məsələni bölgələrə bölmək doğru deyil. Zamanında belə bir bölgü apardıq və diqqət daha çox cənub bölgəsinə yönəldi. Lakin sonra məlum oldu ki, Azərbaycanın 80 faiz bölgəsində bu cür hadisələr baş verir. O cümlədən Bakının ətraf kənd və rayonlarında, Gəncədə, Şirvanda, Aran rayonlarında bu məsələ diqqəti çəkməyə başladı. Buna görə də konsepsiya olanda bütün bölgə üçün olmalıdır. Bir bölgə üçün iş aparılanda digər bölgə yaddan çıxır. Bu baxımdan monitorinq hər zaman lazımdır. Ələxüsus da indi dini amillərin daha çox qabarmağa, münasibətlərin daha çox ona köklənməyə başladığını nəzərə alaraq, bu məsələni daim  diqqətdə saxlamalıyıq”.

Fərhad Mehdiyev ile ilgili görsel sonucu

 Fərhad Mehdiyev

Hüquqşünas Fərhad Mehdiyev isə qeyd etdi ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: “Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb”.

Araşdırmalara görə, dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger - 75%; Çad və Mərkəzi Afrika Respublikası - 68%; Banqladeş - 66%; Qvineya - 63%; Mozambik - 56%; Mali - 55%; Burkina-Faso və Cənubi Sudan - 52%;  Malavi - 50%; Hindistan - 47% fərqlənirlər.

Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 %  erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, Türkiyədə 18 yaşa qədər olan 180 mindən çox qız nikaha girir.

“Yeni Müsavat”