|
Amerikalı jurnalist Rusiya ilə müharibə halında NATO-nu nə gözlədiyini yazdı

“Rusiya ilə olası müharibə halında NATO-nu ciddi problemlər gözləyir”.

Bu fikir ABŞ-ın “The National Interest” jurnalının analitiki Con Rossomandonun məqaləsində yer alıb.

Yazıda Şimali Atlantika Alyansı tərəfindən Polşada “Qış-2020” adı altında keçirilən təlimlərin təhlili həyata keçirilib. Xatırladaq ki, həmin təlimlərdə “Şərqdən gələn şərti düşmənin 5 gün içində əzilməsi” məşq edilib.

Təlimlərdə ABŞ-ın ən yeni, müasir “F-35” 5-ci nəsil döyüş təyyarələrindən, “Patriot” raket əleyhinə müdafiə sistemlərindən, “HIMARS” reaktiv yayılım atəş qurğularından istifadə edilib.

“Lakin hərəkat göstərdi ki, Şimali Atlantika Alyansının şərq cinahı hələ də “rus müdaxiləsi” qarşısında zəifdir,-deyə Rossomando bildirib.

Bundan başqa, o, Rusiyanın Qərb hərb dairəsi qoşunlarında aparılan modernizasiya işlərinə də toxunaraq burada ən səviyyəli hissələrin yerləşdirildiyini xatırladıb. Amerikalı jurnalistin fikrincə, ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə hərbi mövcudluğunu gücləndirməməsi halında Rusiya NATO-nun bu ərazilərdəki birləşmələrini əzəcək.

Məqalədə Rusiya və Belarus ordularının NATO-nun sərhəd boyu ərazilərini ələ keçirərək, habelə Polşa və Litva arasında nəqliyyat qovşaqlarını tutaraq Alyans qüvvələrini ikiyə parçalaya biləcəyi vurğulanıb.