Qəsəbə sakini məmur özbaşınalığına etiraz edib maşınını yandırdı; “Eldar” kafesinin sahibinə ağır ittihamlar
Xəzər rayonu, Türkan qəsəbəsindən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlməkdədir. Fevralın 17-dən 18-nə keçən gecə qəsəbə sakini Seymur Quliyev Nəzakət Quliyevaya məxsus daş karxanasına basqın etmişdi. Zərərçəkənlərin “Yeni Müsavat”a verdiyi məlumata görə, Samir Quliyev artıq polis əməkdaşları tərəfindən tutulub. Xatırladaq ki, Samir Quliyev karxanada işləyən fəhlələrə odlu silahdan atəş açıb, 2 fəhləni isə silahın qundağı ilə vurub ağır xəsarətlər yetirib. Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Karxanada cinayət baş verməzdən 1 gün əvvəl isə Türkanda qəsəbə sakini Qərib Nadirov məmur özbaşınalığına, şikayətinə əhəmiyyət verilməməsinə etiraz əlaməti olaraq özünə məxsus maşını odlayıb. Türkan qəsəbəsindəki Mədəniyyət Mərkəzinin qarşına gedən Qərib Nadirov maşınının üstünə benzin tökərək yandırıb.
Verilən məlumata görə, Qərib Nadirov illər öncə qəsəbə ərazisində 25 sot torpaq alıb. Həmin torpaq sahəsini hasarlamaq istəyib. Türkan qəsəbə icra nümayəndəliyinin Zamin adlı işçisi əraziyə gələrək ondan əvvəlcə 5 min manat pul istəyib. Əks halda, tikintiyə imkan verməyəcəklərini deyib. Qərib Nadirov tələb olunan pulu verib. Bundan sonra ondan əlavə olaraq 3 min manat istənilib. Həmin məbləği də ödəyib. Bir müddət sonra Zamin yenidən əraziyə gəlib və 2 min manat da tələb edib. Uzun mübahisədən sonra Qərib Nadirov bu məbləği də ödəməyə razılaşıb. Tikinti başa çatdıqdan sonra isə Qərib Nadirovun yaxın qohumu Nisəxanım Nadirova Türkan qəsəbəsindəki Qaratəpə deyilən ərazidə əlindən alınan əmlakı ilə bağlı müxtəlif dövlət orqanlarına şikayət yazıb, dava açıb. Qərib Nadirovun nümayəndəsi Vüqar Əmirov deyir ki, Nisəxanım Nadirovanın dayandırılması üçün ona təzyiqlər göstərilib. Nəticə vermədikdə isə Qərib Nadirov “zəif bənd” kimi seçilib. Yaxın qohumu kimi Qərib Nadirovun torpaq sahəsinin hasarı sökülüb. Qərib Nadirovun şikayətlərinə isə əhəmiyyət verilməyib. Vətəndaş baş verənlərə etiraz olaraq özünün “Priora” markalı avtomobilini qəsəbənin mərkəzində yandırıb. Bundan sonra da onu dinləyən, şikayətinə baxan olmayıb.

Vüqar Əmirov deyir ki, Nisəxanım Nadirovanın Türkanda Qaratəpə deyilən ərazidəki 25 otaqdan ibarət əmlakı qəsəbə sakini Mollağa Məmmədov tərəfindən sökülüb, torpaq sahəsi isə zəbt olunub. Vüqar Əmirov deyir ki, “Eldar” kafesinin sahibi olan Mollağa Məmmədov qəsəbədə hegemonluq edir, torpaqları zəbt edərək satır. Zəbt olunan torpaq sahələrindən biri də onun qardaşı Afər Əmirova məxsusdur. “İllərdir ki, qardaşım Afər Əmirov da yazmadığı, şikayət etmədiyi ünvan qalmayıb. Türkanda Mollağanın zəbt etdiyi torpaqlar saysız-hesabsızdır. Bu günə qədər onun əməlləri araşdırılmamış qalıb. Torpaq zəbt etməklə yanaşı, torpaqları maşınlara doldurub satırlar. Türkanda Azərbaycan qanunları işləmir ki, gedib şikayət edəsən, ona görə də camaat məcbur qalıb bu adamların dediyini edir. Şikayət edənləri isə ölümlə hədələyirlər. Mənim özümə də susmayacağım təqdirdə öldürüləcəyim haqda xəbər göndəriblər”, – deyə, Vüqar Əmirov bildirib. Baş prokuror Kamran Əliyevə müraciət edərək Türkan qəsəbəsində baş verənləri araşdırmaq üçün xüsusi istintaq qrupunun göndərilməsini xahiş edib.
