“Pul qazanan kişi başqadır. Qadın ona qulluq etməlidir. Bazarlıqdan gələn kişi qapını təpiklə açıb içəri girə bilər. Onun başına dolanaram, ayağını da yuyaram. Qadın evin xanımı və qulluqçusu olmalıdır. Mənə qarşı diqqəti varsa, niyə ona qulluq etməyim? Mən düz danışıram”.
Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Günün sədası” verilişində qonaq olarkən deyib. Qarmon ifaçısı kişi xəyanətini dəstəklədiyini bildirib:

“Atam 52 yaşında rəhmətə gedib. Həmişə qazanıb, biz 4 uşaq olmuşuq. Anam atam ölənə kimi bazara getməmişdi. Daha sonra bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm.
Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan”.
