Elman Nəsirov: “Bu, sayca 9-cu görüşdür və rəqəmin özü artıq xeyli mətləblərdən xəbər verir”
Fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək.
Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.
M.Çavuşoğlunun gürcüstanlı həmkarı ilə ikitərəfli görüşü də olacaq. Danışıqlarda ölkələr arasında münasibətlər və regional məsələlərlə bağlı proseslər, həmçinin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə olunacaq.

Deputat Elman Nəsirov “Yeni Müsavat” bildirdi ki, bu formatda görüşlər intensiv xarakter daşıyır. Sayca 9-cu görüşdür və rəqəmin özü artıq xeyli mətləblərdən xəbər verir. Bu gün sözün həqiqi mənasında Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri çox dinamik inkişaf tempinə malikdir. Bu da heç şübhəsiz ki, hər üç dövlətin maraqlarına xidmət edir, regionda əməkdaşlıq mühitini daha da artırır. Belə bir format təsadüfi deyil: “Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti kimi ikitərəfli münasibətlər formatı müəyyən edib. İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda heç şübhəsiz ki, üçtərəfli, dördtərəfli və bütövlükdə çoxtərəfli münasibətlərin inkişafı üçün münbit şərait təmin edilmiş olur. Xüsusilə də bizim qonşularla münasibətlərimiz həlledici istiqamətdir. Yəni ikitərəfli münasibətlər inkişaf edib çoxtərəfli münasibətləri şərtləndirir, çoxtərəfli münasibətlərdə isə qonşularla münasibətlər xüsusi yerə və çəkiyə malikdir. Məsələyə bu prizmadan yanaşdıqda həqiqətən də Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir. Fundamental məsələlərdə biz ortaq mövqedən çıxış edirik və xüsusilə də taleyüklü məsələlərdə bir-birimizin yanındayıq. Vətən müharibəsində həm Türkiyənin, həm də Gürcüstanın davranışı bir daha nümayiş etdirdi ki, bizim münasibətlərimizin strateji xarakterli olması təsadüfi deyil. Xüsusilə Türkiyə ilə münasibətlər sözün həqiqi mənasında dövlətlərarası münasibətlər əslində necə olmalıdır sualına cavab vermək üçün ən gözəl nümunədir”.
Deputatın sözlərinə görə, münasibətlərimiz daha da inkişaf etməkdədir, eyni zamanda bəzən spektiklər də tapılır və onlar söyləyirlər ki, Azərbaycan-Rusiya-Ermənistanın məlum razılaşmasına görə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında komunikasiyalar bərpa olunduqdan sonra - xüsusilə dəmir yolu işə salındıqdan sonra müəyyən mənada Gürcüstanla tranzit məsələlərində münasibətlərə təsirsiz qalmayacaq və sair. Bu yanaşmalar kökündən səhv yanaşmadır: “Azərbaycanla Gürcüstanın münasibətləri strateji xarakter kəsb edir. Bizi çox strateji tarixi əhəmiyyətli xətlər birləşdirir. Bu, Bakı-Tiflis-Ceyhan neft kəməridir, Bakı-Tiflis-Ərzurum qaz kəməri və eyni zamanda Bakı-Tiflis-Qars dəmiryolu xəttidir. Belə fikirlər ortaya atılır ki, Ermənistan ərazisindən keçməklə Naxçıvana dəmiryol xəttinin çəkilməsi və Naxçıvandan da Türkiyəyə xəttin davam etdirilməsi ikinci dəmir yolu xəttinin işə salınması anlamındadır və bu da Gürcüstanın əhəmiyyətini azalda bilər. Bu da səhv, səthi yanaşmadır. Azərbaycanın meqalayihələri Gürcüstan ərazisindən keçməklə reallaşdırılır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində funksiya həyata keçirəcək. Bu funksiyanın həyata keçirilməsi Gürcüstan ərazisindən istifadə olunmaqla reallaşdırılacaq. Ona görə də Azərbaycanın Gürcüstanla əlaqələrinin daha böyük imkan və potensialı var. Bu, hər iki dövlətin maraqlarına uyğundur”.
Həmsöhbətimiz onu da dedi ki, regionda yeni əməkdaşlıq mühiti formalaşır. Bu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşdırılacaq altıtərəfli əməkdaşlıq formatıdır. Artıq Ermənistanın da bu formata qoşulmasının elementləri var: “Baxmayaraq ki, Ermənistanda revanşist qüvvələr göz qabağındadır. Amma hər halda, Ermənistan hökuməti hesablamalar aparır və bu qənaətə gəlir ki, yeganə çıxış yolu Azərbaycan Prezidentinin irəli sürdüyü altıtərəfli formatdır. Burada şübhəsiz ki, altılığın içində Azərbaycan-Türkiyə-Gürcüstan yer alır. Hesab edirəm ki, üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli 9-cu görüşü bundan sonrakı əməkdaşlığın daha da dərinləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir”.
