|
Həmsədrlərin müzakirə edəcəyi heç nə qalmayıb, amma yenə gəlirlər...

ATƏT-in fəaliyyətsiz missiyası uzun fasilədən sonra yenidən hərəkətə keçmək istəyir; Prezident hələ keçən il onlara sözünü demişdi: “Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm”

Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən, ancaq 28 il ərzində irəliyə doğru heç bir addım atmayan və yalnız status-kvonun qorunub-saxlanmasına çalışan ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən peyda olmaqdadırlar.

Xəbər verildiyi kimi, 16 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə videokonfrans formatında görüşü keçirilib. XİN-in mətbuat xidməti idarəsindən  verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Elə həmin gün ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yer alan bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabrın 12-də, təqribən bir illik fasilədən sonra ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi. 44 günlük müharibə nəticəsində torpaqlarını məhz həmsədrlərin illərdir mane olduğu üsulla - hərbi yolla azad edən Azərbaycanın dövlət başçısı diplomatlarla kifayət qədər kəskin danışmışdı". Təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir", dövlətimizin başçısı hər bir vətəndaşımızı məmnun edən mövqeyini çatdırmışdı. Prezident  açıq şəkildə demişdi ki, “Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”.

Ölkə başçısının bu sözlərindən sonra həmsədrlərin yenidən fəallaşmaq cəhdləri anlaşılan deyil, bu barədə əvvəllər də yazmışıq. Amma bu dəfə məsələyə fərqli rakursdan yanaşaq. Məsələn, Minsk Qrupunun dirçəlməsi, aktivləşməsi Azərbaycanı niyə narahat etsin ki? Xeyli ərazimizi işğaldan azad etmişik, möhkəmlənmişik, bölgədə liderliyimizi isbat etmişik. İndən belə Minsk Qrupu olmur, kim olur-olsun, bizə nə edəsidir? Azərbaycan Prezidentinin mövqeyi bəllidir, Qarabağa son səfərində də bir daha xəbərdarlığını etdi. Sitat: “Ermənistan revanşa qalxsa, yenidən dəmir yumruq başının üstünü alacaq!” Belə olan təqdirdə Minsk Qrupunun yenidən prosesə müdaxiləsi mümkünmü?

Ceyhun Məmmədov ile ilgili görsel sonucu

Ceyhun Məmmədov: “Turistik səfərlər təşkil edib hesabat verməklə, onlayn görüşlər keçirməklə iş bitmir”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a öncə bildirdi ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupu münaqişənin həllinə töhfə verə, Ermənistanın təxribatçı fəaliyyətinin qarşısını ala bilmədi: “Ermənistan beynəlxalq hüququn normalarını pozaraq bütün dünyaya meydan oxudu. Münaqişə həll olunmur, Ermənistan işğal etdiyi əraziləri boşaltmır, Azərbaycana isə deyilirdi ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Qondarma rejim seçki və andiçmə şousu təşkil edərkən, Paşinyan ”Qarabağ Ermənistandır" deyəndə, Tovuz təxribatını törədəndə də bu qurum adekvat reaksiya vermədi, qəti mövqe nümayiş etdirmədi. Artıq bu quruma ciddi inam və etimad yoxdur. Səbəb də özləridir".

Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə video formatda görüşünə gəldikdə, C.Məmmədovun sözlərinə görə, sanki demək istəyirlər biz də varıq, fəaliyyətimiz davam edir:  “Ancaq biz bu fəaliyyəti görmürük. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrləri çağırılmamış qonaq qismində Azərbaycan gələrkən onlara ciddi dərs vermişdi. Onlar bu dərsdən yaxşı nəticə çıxarmalıdırlar. 44 günlük Vətən müharibəsi dövründə bütün müdaxilələrə baxmayaraq Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra etdi, torpaqları işğaldan azad etdi. Bu gün də Azərbaycan erməni təxribatlarının qarşısını özü alır və alacaq. Dəmir yumruq hər an hazırdır. Bu qurum əvvəlcə bu gündən sonrakı fəaliyyət planını ortaya qoymalıdır. Yoxsa turistik səfərlər təşkil edib hesabat verməklə, onlayn görüşlər keçirməklə iş bitmir. Əvvəlki qaydada fəaliyyət bizi qane etmir”.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “10 noyabrdan sonra həmsədrlər oyundankənar vəziyyətdə qalıblar və bunu özləri də anlayırlar”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, həmsədrlərin yeganə mövzusu Dağlıq Qarabağın “statusu” ola bilər: “Hazırda bu, bizi maraqlandırmır. 10 noyabrdan sonra həmsədrlər oyundankənar vəziyyətdə qalıblar və bunu özləri də anlayırlar. Doğrudur, Rusiya həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir, ancaq bu heç nəyi həll etmir. Moskvanın özü üçün də bu gün ”status" mövzusu önəmli deyil, çünki Kreml bilir ki, Bakı bu mövzunu müzakirə etməyəcək. Kreml, Bakı və Ankara 10 noyabrdan sonra kommunikasiya xətlərinin açılması və regional layihələri müzakirə edirlər. Bu mövzular isə həmsədrlərin səlahiyyətinə aid deyil".

E.Şahinoğlunun sözlərinə görə, həmsədrlər Bakı və İrəvanla keçirdikləri videokonfrans və bununla bağlı yaydıqları bəyanat vasitəsilə demək istəyirlər ki, “mövcuddurlar, işləyirlər və havayı maaş almırlar”. “Halbuki başda işsiz qalan Andjey Kaspşik olmaqla həmsədrlərin maaşlarının ən azı yarıbayarı kəsilməsi lazımdır. Onlara 10 noyabrdan sonra ehtiyac yoxdur. Andjey Kaspşik 20 il ərzində yağlı kabablar hesabına xeyli kökəlib, ona bu yaşda dieta lazımdır”, deyə, politoloq bildirdi.

E.Şahinoğlu hesab edir ki, biz həmsədrlərdən çəkinməməliyik: “Prezident İlham Əliyev həmsədrlərə Bakıda açıq dedi ki, bundan sonra vasitəçilərin fəaliyyətinə ehtiyacımız yoxdur. Doğrudur, biz bu formatdan imtina etmirik, ancaq Bakının onlara mesajı açıqdır: 26  il danışıqları və işğalı uzatdınız, heç bir nəticə əldə etmədiniz, məsələni özümüz həll etdik, ona görə də mövzu bizim üçün qapanıb.

Özünə hörmət edən vasitəçilər bundan sonra fəaliyyətlərini korrektə etmək barədə düşünməli idilər. Düşünmürlərsə, deməli, turistik fəaliyyətlərini davam etdirmək istəyirlər".

Təbii ki, Ermənistan və Qarabağdakı bir ovucluq erməni üçün həmsədrlərin dirilməsi çox əhəmiyyətlidir. Onlar bir sıra hallarda məqsədli şəkildə təxribatlara əl atır, yaxud süni şəkildə gərginlik yaratmağa çalışırlar ki, Minsk Qrupunun dövriyyəyə girməsinə imkan yaransın. Lakin rəsmi Bakı mövqeyində qətidir, həmsədrlərin müzakirə edəcəyi heç nə qalmayıb, status cəhənnəmə vasil olub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Üstəlik, qardaş Türkiyənin də Minsk Qrupu ilə bağlı mövqeyi Azərbaycandan fərqlənmir. Ankara həmişəki kimi, Bakının yanındadır. Yəqin ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 18-19 fevral tarixlərində reallaşacaq Azərbaycan səfərində bir daha Qarabağ ətrafındakı vəziyyət müzakirə ediləcək və həmsədrlərin revanş cəhdləri də diqqətdən kənarda qalmayacaq.