|
Hökumət çörəyin bahalaşmaması üçün hərəkətə keçdi - mühüm gəlişmə

Buğda və un ixracına əlavə rüsum tətbiq edildi; un istehsalçılarına da subsidiya veriləcək

Azərbaycan hökuməti ölkədə buğda, un və un məhsullarının qiymətinin artmasının qarşısını almaq üçün hərəkətə keçib. Baş nazir Əli Əsədovun imzaladığı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən Azərbaycanda un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiqləməli, un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etməlidir. Eyni zamanda un istehsalçılarına ödənilmiş subsidiya barədə icmal hesabatı 2021-ci il 1 iyun tarixinədək Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Qərara uyğun olaraq subsidiyanın ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılacaq.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Baş nazirin digər qərarı ilə Azərbaycandan xaricə buğda ixracına əlavə rüsum tətbiq olunur. Belə, Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. Bu, baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. Eyni zamanda qərara əsasən Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq. Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

Qeyd edək ki, yanvarın əvvəlindən etibarən dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna Rusiyanın buğda ixracına tətbiq etdiyi kvota və əlavə rüsum səbəb olub. Rusiya hökuməti bu ilin 15 fevralından 30 iyununadək Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından kənar ölkələr üçün buğda, arpa, çovdar və qarğıdalı ixracı üzrə 17,5 milyon  tonluq kvota müəyyənləşdirib. Bu kvotadan artıq satışın hər tonuna 50 faiz (amma 100 avrodan əskik olmamaq şərtilə) gömrük rüsumu tətbiq olunacaq. Kvota daxilində arpa, çovdar və qarğıdalı ixracı gömrük rüsumundan azaddır, buğdaya isə 1 ton üçün 25 avro rüsum müəyyənləşdirilib.  Kvotanın tətbiqində məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaqdır.

Moskvanın bu qərarı dünya bazarında ciddi təşvişə səbəb olub. Nəticədə həm Avropa, həm də ABŞ-da əmtəə birjalarında buğdanın qiymətində 2014-cü ildən bəri ən yüksək həddə qədər bahalaşma baş verib. Rusiyanın buğda ixracına kvota tətbiqinin bazara belə böyük təsirinin əsas səbəbi dünyanın ən iri buğda ixracatçısının məhz bu ölkə olmasıdır.  Rusiya Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə taxıl istehsalı əvvəlki illə müqayisədə 9,8 faiz artaraq 133,03 milyon ton təşkil edib. Bunun 85,873 milyon tonu buğdadır. Beləliklə, buğda istehsalı 2019-cu ildəkindən 15,3 faiz artıqdır. 2020-ci il ərzində Rusiyadan xaricə 39 milyon tona yaxın buğda ixrac olunub. Bu həcmin 11,3 milyon tonu Türkiyə tərəfindən alınıb.

Əvvəllər buğdanı əsasən Qazaxıstandan alan Azərbaycan son 5 ildə bu məhsulun idxalında 98 faizə qədər Rusiyadan asılı vəziyyətə gəlib. Məsələn, 2020-ci il ərzində 1 milyon 343 min 263,3 ton təşkil edən buğda və meslin idxalımızın 1 milyon 328 min 389,8 tonu Rusiyadan reallaşıb. Bu isə ixraca tətbiq olunan əlavə rüsumun Azərbaycana gətiriləcək buğdanın qiymətində bahalaşmaya səbəb olacağı deməkdir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumilikdə 2020-ci ildə Azərbaycan 296,9 milyon dollar dəyərində 1 milyon 365,1 min ton buğda idxal edib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon dollar (12,8  faiz) və 219,9 min ton ( 13,9  faiz) azdır.

Nəzərə alsaq ki, 2020-ci ildə ölkədə 2019-cu illə müqayisədə 350 min ton az - 1 milyon 860 min ton buğda istehsal olunub, bu zaman ən azı iyun ayına qədər idxal buğdasından kəskin asılılıqda olacağımızı söyləyə bilərik.

Hökumət çörəyin bahalaşmaması ile ilgili görsel sonucu

Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2019-cu ildə ölkədə 2 milyon 114 min tondan yuxarı buğda istehsal olunub. Buğda idxalı isə 1,6 milyon tona yaxın olub. İl ərzində un və yarma istehsalına 2 milyon 386 min 859 ton buğda sərf edilib. Beləliklə, buğda ilə özünütəminat səviyyəsi 57,2 faiz təşkil edib. 2020-ci ildə buğdanın həm istehsalında, həm də idxalında kəskin azalma qeydə alınıb. Bu azalma Azərbaycanda un çatışmazlığına səbəb olmayıb, çünki 2019-cu ildəki rekord idxaldan sonra 2020-ci ilə də rekord həcmdə qalıq keçib - 864,1 min ton. Lakin 2020-ci ildə istehsal və idxalda azalmanın baş verməsi nəticəsində 2021-ci ilə daha aşağı ehtiyatla keçmişik.

Onu da qeyd edək ki, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunda buğda ehtiyatları yaradılması nəzərdə tutulur. Bu fondda hər yeni məhsul mövsümündə 750 min ton ehtiyatın toplanmalıdır ki, bu da ölkədə ərzaq buğdasına olan tələbatın 30 faizindən yuxarıdır. Təəssüf ki, ötən il Taxıl Fonduna nə qədər buğda alındığına dair məlumat açıqlanmır.

Nazirlər Kabinetinin buğda və buğda unu ixracına əlavə rüsum tətbiq etməsi bir qədər qəribə görünür. Çünki Azərbaycan heç vaxt bu məhsulların ixracatçısı kimi tanınmayıb. Hər halda, 2020-ci il ərzində ölkədən kənara bir kq da olsa buğda və ya buğda unu ixrac olunmayıb. Əksinə, buğdadan əlavə, 2909,79 ton buğda, buğda-çovdar unu idxal edilib ki, bunun da 2863,11 tonu Rusiyadan gətirilib.

Bu halda, ixraca əlavə rüsum təyin olunması nədən irəli gəlib? Burada iki variant mümkündür: Birincisi, ola bilsin, qonşu ölkələrdə qiymətlərin bahalaşmasından yararlanmaq istəyən bəzi işbazlar ölkədən xaricə buğda və un satmağa başlayıblar. Yanvar ayı üzrə idxal-ixrac statistikası açıqlanmadığına görə bunu dəqiqləşdirmək mümkün deyil. Lakin belə bir ehtimalı istisna da etmək olmur, çünki ötən ilin fevral-martında Azərbaycandan kənara milyonlarla tibbi maska çıxarılmışdı. Nazirlər Kabinetinin ixraca əlavə rüsum tətbiq etməsinin ikinci səbəbi də elə bu təcrübədən qaynaqlana bilər: mümkün ixracın qarşısını almaq.

Hökumət çörəyin bahalaşmaması ile ilgili görsel sonucu

Nəzərə alsaq ki, Azərbaycanda yeni mövsüm buğdası bazarlara iyunun ortalarından sonra daxil olur, onda qərarlarda müddət olaraq mayın 1-nin qeyd olunması da maraq doğurur. Çünki buğda ixracımızda əsas yeri tutan Rusiyada da kvota yeni məhsulun əldı edildiyi iyunun 30-dək tətbiq olunub. Bu baxımdan, Azərbaycanda da müvafiq addımların ən azı iyunun 15-dək müddəti əhatə etməsi daha məqsədəuyğun olardı.

Yeni məhsulumuzunsa bol olacağı gözlənilir. Belə ki, rəsmi məlumatlara əsasən 2021-ci il məhsulu üçün Azərbaycanda 1 milyon 37 min 507 hektar sahədə payızlıq əkin aparılması nəzərdə tutulub. Bu sahələrin 564 min 793 hektarı suvarılan, 472 min 714 hektarı dəmyə sahələrdir. 2020-ci il dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 faizində faktiki şum aparılıb, 929 min 760,3 hektar sahədə isə səpin işləri həyata keçirilib. Həmin tarixədək fermerlər tərəfindən 594,9  min hektar sahədə buğda, 367,2 min hektar sahədə arpa səpilib.

Kənd təsərrüfatı naziri İnam Kərimovun  Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində verdiyi məlumata görə, ötən il Azərbaycanda müşahidə olunan kəskin quraqlıq nəticəsində 100 min hektar buğda sahəsindən məhsul əldə etmək mümkün olmayıb. Nazir bildirib ki, 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.

2021-ci il məhsulu üçün buğda əkinlərinin genişləndirilməsi həm də işğaldan azad olunan ərazilərdə əkinə başlanması hesabına həyata keçirilir.  Bu barədə Prezident İlham Əliyev bir neçə gün əvvəl işğaldan azad olunmuş Zəngilan, Laçın və Cəbrayıl rayonların səfəri zamanı məlumat verib: “Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq”.