ABŞ-ın Texas əyalətində tarixi qar çovğunu yaşanır. Musavat.com bildirir ki, Reuters xəbər agentliyinin yaydığı məlumata görə, qar çovğunu və kəskin soyuq hava şəraiti üzündən baş verən hadisələr zamanı əyalətdə ən azı 21 nəfər ölüb, milyonlarla insan isə elektrik enerjisinin kəsilməsi ilə üz-üzə qalıb.
1,3 milyon insanın işıqsız qaldığı Hyuston şəhərində isə bələdiyyə başçısı Silvester Törner elektrik enerjisi olan müəssisələrdən isinmək istəyən xalqa öz qapılarını açmağı istəyib.
Mütəxəssislər ölkənin bu hissəsini iflic edən soyuq hava şəraitinin həftənin sonuna qədər davam edəcəyini bildirir.
Şimal qütbündən gələn və bütün ölkəni təsir altına alan soyuq hava şəraiti səbəbindən vaksinasiya prosesi də demək olar ki, dayandırılıb.
CNN-in yaydığı məlumata görə, ümumilikdə 105 milyon amerikalı ağır qış şəraitində yaşayır. Hazırda ölkənin 75 faizinin qar altında olduğu açıqlanıb.
