|
YAP-dan qələbəni gözdən salmağa çalışanlara sərt cavab

Prezident İlham Əliyev düşməndən azad etdiyi, işğaldan qurtardığı torpaqları bərpa edir, o torpaqlarda bayrağımızı qaldırır, amma özünü müxalifət adlandıran radikal qrup hələ də böyük qələbəni gözdən salmaq cəhdlərini davam etdirir. Hətta son günlər müsahibələrində, yazılarında  “Qarabağdan Azərbaycana təhlükə var”, “Qarabağ ruslara satılıb” kimi fikirləri cəmiyyətə yayırlar.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, radikal qaragüruhçuların bu mövqeyi təkcə Prezident İlham Əliyevə qarşı deyil, birbaşa Azərbaycana, millətə qarşı olan mövqedir: “Özünü müxalifət adlandıran qaragüruh istənilən müsbət işləri, hətta ən parlaq qələbəni belə, qara rəngdə görür, gözdən salmağa çalışır. Milli Şurada Əli Kərimlinin ətrafında toplanan o kiçik qaragüruh Azərbaycanın 30 ilə yaxın işğalda olan torpaqlarının cəmi 44 günə azad olunmasını, azad olunmuş ərazilərimizdə qısa müddətdə abadlıq işlərinə başlanması kimi uğurları da görmək istəmir, bu cür möhtəşəm uğurları hətta ”məğlubiyyət" adlandırmaqdan utanmırlar. Diqqət etdikdə açıq-aydın görünür ki, ermənilərlə onların mövqeləri tamamilə üst-üstə düşür. Ermənilər də Azərbaycan xalqının, dövlətinin qələbəsini həzm edə, qəbul edə bilmir, bu qaragüruh qrup və onların başında dayananlar da. Belə qənaətə gəlmək olur ki, onlar da Azərbaycan xalqının düşmənidirlər. Azərbaycanın 200 il tarixində heç vaxt rast gəlinməyən bu cür qələbəyə də “düşmən qarşısında məğlubiyyət” damğası vurmağın başqa adı ola bilməz. Bu, ancaq və ancaq xalqa, dövlətə qarşı düşmən mövqedə olmaqdır. Onların Azərbaycan dövlətinin müzəffər Ali Baş Komandanına qarşı yazdıqları, səsləndirdikləri fikirlər əslində Azərbaycan xalqına, torpaqlarımızın azad olunması uğrunda döyüşmüş qəhrəmanlarımıza qarşıdır".

Deputat qeyd etdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşib torpaqlarımızın azad olunmasına nail oldu: “İndi də Qarabağın abadlaşdırılması işində onun ətrafında birləşib. Bu tarixi işi də xalq-Prezident birliyinin, dövlətimizin qüdrətinin sayəsində dünyaya nümunə olacaq səviyyədə həyata keçirəcəyik. Bu birlik qaragüruhçu radikal qrupun yuxusuna haram qatır. Ona görə də bütün gücləri ilə qarayaxma kampaniyası, möhtəşəm qələbələrimizi gözdən salma kampaniyası həyata keçirirlər. Ancaq onların heç bir fikri, heç bir təbliğatı xalqımız tərəfindən qəbul edilmir. Xalq onların iç üzünün son zamanlar daha da açıldığını görür və onlara hiddətlə yanaşır. Azərbaycan xalqı onun tarixi zəfərini gözdən salanların onlara düşmən kəsildiyinə əmin olur. Yəni bir qədər dərinə vardıqda bəlli olur ki, qaragüruhçu radikallar apardıqları kampaniya ilə əslində özlərinə zərbə vurmuş olurlar. İstənilən jurnalist çıxıb bu məsələ ilə bağlı əhali arasında sorğu keçirsə, görünəcək ki, Milli Şura deyilən qrupun liderləri olan Əli Kərimliyə, Cəmil Həsənliyə və digərlərinə insanların münasibəti necədir. Vətən müharibəsində qazandığımız qələbəni gözdən salmaq yolunu tutmaları bu adamları cəmiyyətin nəzərində tamamilə yerlə bir edib. Eləcə də gedib Avropada, xaricdə oturub qələbəmizi gözdən salmağa çalışan şəxslərin apardığı çirkin təbliğat onlara xalqın nifrətini qazandırıb”.

Aydın Hüseynov ile ilgili görsel sonucu

Aydın Hüseynov

Aydın Hüseynov onu da dedi ki, bu gün möhtəşəm qələbəni gözdən salmağa çalışan şəxslər azad olunmuş rayonlarımızda gəzməyə, istirahət etməyə gedəndə hansı üzlə gedəcəklər, bu maraqlıdır: “Şübhəsiz ki, onlar azad edilmiş füsunkar rayonlarımıza gedib gələcəklər. Orada istirahətə də gedəcəklər. Onlar həmin vaxta indi dediklərinə, yazdıqlarına görə utanacaqlarmı, görəsən? Məncə, yox. Çünki onlarda utanmaq kimi hisslər, məsuliyyət hissi yoxdur. İllərlə deyirdilər ki, bu iqtidar bir qarış da torpağı azad etməyəcək. Biz o zaman da deyirdik ki, bunlar düşmən mövqedən başqa bir şey deyil. Zaman keçdi və sübut olundu ki, həmin qruplar qara təbliğatla məşğul idilər. Torpaqlar azad olundu. Onlar özlərinə cəsarət tapıb keçmişdə dedikləri fikirlərə görə peşman olduqlarını dilə gətirmədilər, üzr istəmədilər. Çünki onlar da utanmaq kimi hisslər yoxdur. Ona görə də sabah Qarabağın cənnət guşələrinə də heç bir utancaqlıq hissi keçirmədən gedib gələcəklər. İlham Əliyevin Ali Baş Komandanlığı ilə azad edilmiş torpaqlarımızda gedib istirahət edəndə həmin radikallar bugünkü mövqelərinə görə utanacaqlarmı”.