Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninq Turan İnformasiya Agentliyinə müsahibə verib. Səfir müsahibəsində bir sıra vacib məqamlara toxunub. Xüsusilə, o sualları cavablandırarkən mətbuat və QHT sektoru ilə bağlı dedikləri diqqətləri daha çox çəkib.
Diplomat qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuatla əməkdaşlıq edirlər: “Biz Azərbaycan jurnalistlərinin və məsuliyyətini artırmaq məqsədi daşıyan layihə üzərində işləyirik. Mətbuat müstəqil olmalı və barışıq yollarının axtarışı məqsədilə azad müzakirələr təşkil etməlidir. Ermənistan mətbuatı da bunda iştirak etsə, bu, çox yaxşı və faydalı olardı. Bu il bu layihəni həyata keçirə biləcəyimizə ümid edirik. İki ölkə nümayəndələrinin görüşməsi və bu məsələləri birgə müzakirə etməsi vacibdir”.
Səfir daha sonra deyib: “Azərbaycan kimi ölkələrdə mətbuatın maliyyə müstəqilliyi böyük problemdir. Bundan başqa, ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışırlar, azad reklam bazarı yoxdur. Bu vəziyyətdə jurnalistlər hakimiyyətdən asılı vəziyyətə düşür və onların azad mətbuat kimi fəaliyyəti çətinləşir. Eyni zamanda, jurnalistika biznes sahəsi kimi inkişaf edə bilmir. Demokratik ölkədə hakimiyyət mətbuatın maliyyə müstəqilliyi üçün şərait yaratmalıdır. Şərqi Avropa ölkələrində analoji proseslər baş verir, bu ölkələrdə çap KİV-lərinə maraq azalır və internet-saytların və sosial medianın fəallığı artır.
ATƏT-in, Avropa Şurasının bu məsələlərin həllində müstəqil KİV-lərə dəstək göstərən institutları var. Buna görə bu cür əməkdaşlığın qarşısını alan qanunvericilik məhdudiyyətləri aradan qaldırılmalıdır. Mətbuat və vətəndaş cəmiyyəti xarici donorlarla işləmək imkanına malik olmalıdır. Hakimiyyət bütün bu məsələləri nəzərə almalı və KİV-lərin və vətəndaş cəmiyyətinin maliyyə müstəqilliyini təmin etməlidir. Mövcud problemlərin aradan qaldırılması məqsədilə hakimiyyət və jurnalistlər arasında müzakirələr təşkil etmək, başqa ölkələrin təcrübələrindən istifadə etmək faydalı olardı. Azərbaycanda vəziyyət nadir deyil, bu cür problemlər başqa ölkələrdə də yaranır, buna görə onların həlli ilə bağlı kifayət qədər beynəlxalq təcrübə var. Biz öz tərəfimizdən təcrübəmizi bölüşməyə və kömək etməyə hazırıq. Bunun üçün feyk xəbərlərə, ədavət və düşmənçilik təzahürünə qarşı mübarizə aparmaq üçün dialoq və xoş məram zəruridir”.
Məlumat üçün bildirək ki, bundan öncə də britaniyalı nazir vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirmişdi. Odur ki, səfirin bu açıqlamalarının ardından bir sıra suallar yaranıb. Alman diplomatın bu açıqlaması təsadüf sayıla bilərmı, o cümlədən mətbuata da böyük qrantlar ayrılması mümkünmü?

Rəfail Becanov
“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov səfirin açıqlamlarına “Yeni Müsavat”da belə şərh verdi: “Təbii ki, mediada çalışanların hər biri, o cümlədən bütün KİV-lər medianın inkişafı ilə bağlı fikirlərə xoş yanaşır. Ona görə də media ilə bağlı bütün fikirlər xoşumuza gəlir. Amma bunu ittiham və ya zəhmətimizə kölgə salınanda qəbul etmirik. Bizim müstəqil mediamız var, sözümüzü deyirik, tənqid edirik. Amma təhqirlə tənqidin sərhədlərini düzgün bilmək lazımdır. Məsələn, sosial şəbəkələr bəzən, bəlkə də əksər vaxt tənqid yox, təhqir subyektinə çevrilir. Mediada isə o elementlər yoxdur. Ona görə də bəzən kənardan qəsdlə Azərbaycana belə baxılır ki, müstəqil media yoxdur. Dediyimiz kimi, müstəqil media var. Amma fəaliyyət imkanlarımız, maliyyə resurslarımız kifayət deyil . Yəni tam gücümüzlə işləmək imkanlarımız yoxdur. Bunun da müəyyən səbəbləri var. Reklam bazarı doğrudan da yoxdur. Olan reklamlar da imtiyazlı mediaya verilir. Araşdırma mövzularla bağlı problemlər var və bunu kimsə inkar edə bilməz. Tam sərbəst işləmək üçün araşdırma aparılan sahələrdə açıqlıq, əlçatanlıq olmalıdır. Bu kimi problemlər olsa da, müstəqil media var və mümkün olan qədər də fəaliyyət göstərir. Biz də medianın sərhədsiz fəaliyyətini istəyirik. Son vaxtlar bir neçə il əvvəlki media siyasətindən dövlət də imtina edib. İslahatlar, yeni yanaşmalar tətbiq olunur. Bu da göstərir ki, Azərbaycan dövləti də medianın sürətli inkişafında və daha çox müstəqilliyində maraqlıdır. İndiki qənaət budur. Amma bizim mediamız hələ necə deyərlər gəncdir. Ona görə də Qərbin media təcrübəsi bizim inkişafımıza töhfə verər. Azərbaycan Qərbə inteqrasiya edir və mediamız da onların təcrübəsindın yararlana bilərsə, bu təbii ki, yaxşı olar. Media menecerliyi, reklam bazarı təcrübələri bizim də marağımızdadır. Ona görə də bu məsələlərdə hər hansı əməkdaşlıq olarsa, bunu alqışlamaq gərəkdir. Qəbul edirik ki, Qərb mediasından öyrənəcəyimiz çox şey var. Biz istərdik ki, bu əməkdaş mübadiləsinə qədər inkişaf etsin”.
