|
AŞPA-da Xocalı soyqırımının tanınması tələb ediləcək

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb. Aprelin 24-dək Strasburqda keçiriləcək sessiyada Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Səməd Seyidovun başçılıq edir. Heyətə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildir.

AŞ PA-nın yaz sessiyasında erməni-türk savaşı gözlənilir. Ermənilərin AŞ PA sessiyasına qondarma “soyqırım” məsələsi ilə bağlı sənəd çıxarmağa hazırlaşdığı barədə xəbərlər yayılıb. “Belə bir sənədin müzakirəyə çıxarılmaması üçün Azərbaycan nümayəndə heyəti hansısa addımlar atacaqmı? Türkiyə nümayəndə heyəti ilə bu məsələdə birgə hərəkət etmək gözlənilirmi?” sualları ilə Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafaya müraciət etdik. Fazil Mustafa bildirdi ki, lazımi addımlar atılması nəzərdə tutulub: “Əlbəttə, heç tərəddüdsüz Türkiyə ilə birlikdə koordinasiyalı addımlar atılacaq. Çünki bu həm də Azərbaycana qarşı yönələn bir məsələdir, ona görə də birlikdə mövqe ortaya qoymağa məhkumuq. 24 apreli də yəqin ki, gərgin mübahisələr içində keçirəcəyik. Ümid edirəm ki, nümayəndə heyətimiz Azərbaycanın maraqlarını layiqincə qoruya biləcəkdir. Təbii ki, bizim nümayəndə heyətinin də hazırlığı var və məqamı gələndə ortaya qoyulacaq. Xüsusilə Xocalı soyqırımının tanınması tələbi əsas arqument olaraq gündəmə gətiriləcək”.