Azərbaycan hakimiyyəti ilə ABŞ arasındakı gərginliyin yenidən artması müşahidə edilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın bir neçə gün öncə yenə də ABŞ-ı və prezident Barak Obamanı sərt tənqid edən məqaləsinin dərc olunmasından bir gün sonra Dövlət Departamentinin sözçüsünün buna reaksiya verməsi isə münasibətlərin həqiqətən də gərginləşdiyi barədə iddiaların çoxalmasına səbəb olub.
Ekspertlər bildirir ki, artıq ABŞ da Azərbaycan hakimiyyətinin ittihamlarını sükutla qarşılamaq istəmir. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ABŞ-Azərbaycan iqtidarı münasibətlərində soyuqluq artsa da, vəziyyəti hələ pik həddə gərginlk kimi dəyərləndirmək yanlışdır: “Münasibətlərdə soyuqluq var. ABŞ Dövlət Departamentinin sözçüsünün ”Azərbaycan" qəzetinin məlum yazısı dərc olunandan dərhal sonra açıqlama verməsi isə yeni mərhələnin başlanması sayıla bilər. Əvvəllər Azərbaycan iqtidarı açıq qapıya qol vururdu, qarşı tərəfdən isə cavablar gəlmirdi. Amma artıq Dövlət Departamentinin sözçüsünün son iki mətbuat konfransındakı açıqlamaları göstərir ki, bu, artıq ikitərəfli oyundur.
İkitərəfli oyunda da tərəflər bir-birinə güzəştə getmək fikrində deyillər. Bunun hara qədər gedəcəyini söyləmək bir qədər çətin də olsa, ehtimal eləmək olar ki, bu tendensiya yaxşı nəticəyə aparmır. Sadəcə, anlaşılmayan bir şeydir ki, niyə indiki geosiyasi durumda, bu qədər çətinliklər yarandığı bir vaxtda ABŞ kimi dövlətlə bu cür münasibət müstəvisinə keçmək lazımdır. Bir qədər bu anlaşılmır. Burada adekvat bir siyasətin aparıldığı görünmür".
Politoloq istisna etmir ki, Vaşinqtondan rəsmi Bakıya pərdəarxasında çox kəskin təzyiq və tələblər var. Azərbaycanın rəsmi mediasında ABŞ-a qarşı kəskin məqalələrin dərc olunması da bununla bağlıdır: “Mən belə bir halın olmasını istisna etmirəm. Amma belə şeylər varsa, onun da cavabı başqa cür verilməlidir. Azərbaycan hakimiyyətinə üzdə görünməyən pərdəarxası təzyiqlər varsa, ona bu cür açıqlıqla cavab verməklə daha güclü görünür. Əksinə, bu, Azərbaycan tərəfini bir qədər gülünc vəziyyətə qoyur. Pərdəarxası təzyiqlər varsa, ona cavab verməkmi yaxşıdır, yoxsa bu cür isteriya yaradıb gülünc vəziyyətə düşməkmi? Mən başa düşmürəm ki, Azərbaycan iqtidarı nədən bu cür edir”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, indi ABŞ-Azərbaycan münasibətləri bir qədər soyuyub və müəyyən qarşıdurma elementləri müşahidə olunur: “Lakin indiki vaxtda ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Ən azından bu saat ABŞ-ın başı Rusiya ilə bağlı, İŞİD-lə bağlı problemlərə qarışıb. Belə bir şəraitdə regionun mühüm dövlətlərindən biri olan Azərbaycanla münasibətləri kökündən korlayacaq addım atmaq yerinə düşməzdi. Amerika Azərbaycanla münasibətləri düzəldəcək. Bu münasibətlərin düzəlməsi üçün lazım olan nə varsa hamısı ediləcək. Çünki Azərbaycan-ABŞ münasibətlərinin o qədər də uzaq olmayan keçmişi yaxın dostluq və strateji əməkdaşlıq tellərinə əsaslanırdı. İndi münasibətlər bir qədər soyuyub və müəyyən qarşıdurma elementləri müşahidə olunur. Amma bəzən bu, mediada həddən artıq şişirdilmiş şəkildə təqdim olunur. Mən güman edirəm ki, hər halda, Azərbaycan tərəfi də müəyyən kompromislər yolu seçməklə bu münasibətlərin normal məcraya yönəlməsinə çalışacaq. ABŞ tərəfi də sözsüz ki, Azərbaycanla münasibətlərin sanksiyalar tətbiqi səviyyəsinə qədər pisləşməsini istəməz”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Azərbaycan” qəzetinin yenidən ABŞ-ı və prezident Barak Obamanı sərt tənqid etməsinə belə münasibət bildirib: “Azərbaycan” qəzeti ABŞ prezidenti Barak Obamanı tənqid etməyi çox sevir. Bu, istənilən qəzetin müstəsna hüququdur, istənilən dövləti və siyasətçini tənqid edən səhifəlik yazılar dərc etmək mümkündür. Ancaq Barak Obama aprelin 24-də İrəvana getməyəcək, “soyqırım” abidəsinə gül-çiçək qoymayacaq. Rusiya prezidenti Vladimir Putin isə hər ikisini edəcək. “Azərbaycan” qəzeti Putinin bu səfərinə yazı həsr edəcəkmi? Ümumiyyətlə, bu qəzetdə Rusiyanın Ermənistandakı hərbi bazaları, Moskva ilə İrəvanın ortaq hərbi təlimlərinin kimə qarşı yönəlməsi barədə yazı oxuyacağıqmı?"//Musavat.com
