|
Turistlər COVİD-19-a qarşı peyvənd olunmaq şərti qarşısında -

Dünyanın bir çox ölkəsində və ya ən azından vaksinasiya kampaniyasına başlayan ölkələrdə COVİD-19-a qarşı peyvənd olunan insanların müəyyən imtiyazlar əldə edə və yaxud etməcəyi ilə bağlı müzakirələr gündəmdədir.

Musavat.com BBC Türkçə-yə istinadən bildirir ki, bu barədə “Guardian” qəzeti müxtəlif ölkələrdə olan jurnalistlərinin informasiyaları əsasında araşdırma aparıb.

Bildirilir ki, hökumətlərin bu barədə verəcəyi qərarlar onsuz da uzun müddət evə təcrid olunan, özlərini sıxıntıda hiss edən toplumda “ayrı-seçkilik yaratmaq” iddialarını yarada bilər. Lakin ehtimallar da var ki, yaxın aylarda peyvənd olunan insanlar rəsmi sertifikat daşımaqla, çölə çıxarkən tibbi maska taxmamaq, rahat şəkildə topluma qarışmaq kimi hüquqlara malik ola bilər.

Almaniya: Peyvənd olunan insanlar üçün xüsusi imtiyazlar olmasın

Almaniyada hökumətə bağlı müstəqil bir qurum olan Etik Şura “peyvənd olunan insanlar üçün ayrıca imtiyazların tanınmasına gərək olmadığını” bildirib. Qurum qeyd edib ki, peyvənd olunan insanların virusu daşıyıb-daşımadığı hələ dəqiqləşməyib, bu baxımdan onlara xüsusi imtiyazların tanınması təhlükəli ola bilər. Digər tərəfdən, peyvənd olunan insanlara xüsusi imtiyazların tanınması toplum içərisində “ayrı-seçkilik yaratmaq” iddialarına yol aça bilər.

“Lakin restoran və kinoteatrlar kimi özəl müəssisələr bununla bağlı öz qaydalarını qoymaq hüququna malikdirlər” deyə qurumdan bildirilib.

Ötən həftə Almaniyadakı bilet satışı ilə məşğul olan “Eventim” adlı şirkət öz müştərilərinə bildirib ki, onlayn bilet sifariş sisteminə peyvənd olunduğunu sübut edən sənədin də yüklənməsini təmin edəcək. Bu onu göstərir ki, tezliklə konsertlər və idman tədbirləri təşkil edən şirkətlər giriş üçün peyvənd olunmaq şərtini tələb edəcək.

Avropa peyvənd pasportunu hazırlamağa başlayıb

Danimarka artıq rəqəmsal peyvənd pasportunu təqdim etməyə hazırlaşdığını açıqlayıb. Estoniya isə bu prosesə bir müddət əvvəl başlayıb.

İsveç rəsmiləri qeyd edib ki, beynəlxalq standartlara cavab verilərsə, yaydan etibarən rəqəmsal peyvənd pasportu tətbiq etməyə başlayacaq. Ölkənin rəqəmsal texnologiya naziri Anders Ygeman bildirib ki, dünyada səyahətlər davam etdirilərsə, belə bir sənədin hazırlanması zəruridir:

“Əgər İsveç qapılarını turitlərin üzünə açdıqda və ölkələr yenidən turistlər qəbul etməyə başladıqda insanlara peyvənd olunduqları haqda sənəd veriləcək. Bu sənəd ölkələrə səyahət və fəaliyyətlər üçün lazım ola bilər”.

Yunanistan baş naziri Kiryakos Miçotakis isə Avropa Birliyinə “beynəlxalq səyahətlər üçün bir növ “sürətli zolaq” yaratmaq üçün ortaq bir peyvənd sənədi qəbul etməsini” təklif edib.

Vaksinasiya prosesinə ən çox tərəddüd edən toplumun olduğu Fransada isə peyvənd pasportunun yaradılmasına dair etirazlar var. Əksəriyyət qeyd edir ki, bu yolla insanları məcburi peyvəndə cəlb etmək istəyirlər. Ölkənin Baş nazir Jean Castex də qeyd edib ki, bu məsələ hüquqi problemlər ortaya çıxar bilər.

İngiltərə hökuməti peyvənd pasportu hazırlamağı düşünmədiyini açıqlayıb. Ölkənin vaksinasiya prosesindən məsul rəsmisi olan Nadhim Zaxavi qeyd edib ki, hökumət insanların başqa ölkələrə səyahət etməsinə icazə vermək üçün peyvənd pasportu hazırlamağı düşünmür. Zaxavi həmçinin qeyd edib ki, şəxslərin peyvənd olduğunu sübut etməsi lazım gələrsə, lazımi sənədləri ailə həkimlərindən almaq mümkündür.

İsrail rəsmiləri isə insanların restoranlarda yemək yeyə, teatra və kinoya getmələrini, səyahət etmələrini və beynəlxalq səyahətlərdə karantindən azad olmasını təmin edəcək bir "yaşıl pasport" tətbiq oluna biləcəyini açıqlayır. Beləliklə, ölkədə hər iki dozada “Pfizer” vaksini ilə peyvənd olanan insanlara veriləcək bu sənəd həm bir tərəfdən əhalini vaksinasiya prosesinə təşviq edəcək, həm də iqtisadiyyatın yenidən dirçəlməsinə gətirib çıxaracaq. Lakin vaksinasiyanın həqiqətən pandemiyanın qarşısını alıb-almayacağı dəqiqləşmədiyindən, rəsmilər hələlik bu fikrə ehtiyatla yanaşırlar.

Çin isə fevral ayının ortalarına qədər 50 milyon insanın peyvəndini tamamlamağı hədəfləyir. Ölkədə peyvənd olunan şəxslər peyvəndlə bağlı sənədlərini proqram vasitəsi ilə telefonlarına endirəcəklər, bununla da ölkə daxilində şəhər və bölgələrə rahat şəkildə səyahət edə biləcəklər. Lakin ölkənin bəzi bölgələrində yenidən virus sürətlə yayılmağa başladığı üçün hələlik bu plan dondurulub.