|
10 kq "İran malı" satan narkotaciə 11 il həbs cəzası kəsildi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatla saxlanılan şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər məhkəməsində külli miqdarda narkotik maddə əldə etmə və satmaqda ittiham edilən Elvin Zeynalovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə Elvin Zeynalov saxlanılan zaman onun üzərindən 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman isə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə, bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, narkotik İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilib.