|
Çində şagirdlərin məktəbdə mobil telefondan istifadəsi qadağan olundu

Çində şagirdlərin məktəblərdə mobil telefondan istifadəsi qadağan olunub. Musavat.com BBC Türkçə-yə istinadən bildirir ki, bu barədə Çin Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə şagirdlər yalnız ailələrinin yazılı icazəsi ilə məktəblərə telefon gətirə biləcək. Qaydalara əsasən şagirdlər məktəbə daxil olan kimi mobil telefonlarını işçilərə təhvil verməlidirlər.

Nazirlik qeyd edib ki, şagirdlərin göz sağlamlığını nəzərə alaraq, həmçinin onların internet asılılığının qarşısını almaq, dərslərinə fokuslanmasını təmin etmək üçün bu cür qərar qəbul edilib. Bundan başqa, müəllimlərə şagirdlərinə mobil telefonlar üzərindən ev tapşırığı verməyi dayandırmaq tələbi də qoyulub.

18 yaşına qədər olan çinlilərin 74 faizinin mobil telefonu var

Məlum olub ki, 18 yaşa qədər olan çinlilərin 74 faizinin mobil telefonu var. Belə ki, Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinin 2019-cu ildə yaydığı məlumata görə ölkədə 175 milyon internet istifadəçisi 18 yaşdan kiçikdir.

Çin rəsmiləri qeyd edir ki, gənc insanların internet asılılığı ilk öncə onların sağlamlığına mənfi təsir edir, saatlarla telefonda oyun oynayan uşaqların isə zehninə ciddi zərər vurur.

Araşdırmalar da onu göstərib ki, Çində 2018-ci ildə gözündə problemlər yaranan uşaqların sayında kəskin artım olub.

Beləliklə, Çində hazırda şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə icazə verilmir. Bundan əvvəl də bəzi məktəblərdə belə bir qadağalar müşahidə olunurdu. Hətta qaydanı pozan şagirdlərin telefonlarının digər şagirdlərin gözü önündə qırıldığı haqda məlumatlar var idi.

Fransa bu qadağanı 2018-ci ildə edib

Fransa bu qadağanı hələ 2018-ci ildə qəbul edib. Ölkə parlamentinin qəbul etdiyi qərara əsasən ibtidai və orta məktəblərdə şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunub.

Artıq İngiltərədə də bu cür qadağa ilə bağlı müzakirələr var. İngiltərəli valideynlərin yarısı məktəblərdə telefonların qadağan olunmasını istəyir. Hələlik bu məsələ məktəblərin öz öhdəsinə buraxılıb.