Fevralın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılması nəzərdə tutulan beş Milli Prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.
Bu prioritetlərə nail olmaq üçün iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Sənəddə qeyd olunur ki, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir: “Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.

Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır".
Bundan əlavə, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir: “Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.
Böyük qayıdışın təmin olunması çərçivəsində hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.
Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir".

Sənədi dəyərləndirən iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, nəzərdə tutulan prioritetlərin reallaşması üçün ölkədə əksmərkəzləşmə vasitəsilə idarəetmənin effektivliyinin artırılması baş verməlidir: “Əksmərkəzləşmə hesabatlılıq deməkdir, iştirakçılıq deməkdir, şəffaflıq deməkdir, ictimai nəzarət deməkdir, ən aşağı pillədən ən yüksək pilləyədək idarəetmənin vətəndaşın səsindən asılı olması deməkdir. Xüsusilə sənəddə tarazlı bölgə inkişafından, inklüziv və dayanıqlı inkişafdan söhbət gedirsə, sovetlərdən miras qalan hazırkı yüksək mərkəzləşmiş idarəetmə ilə bu imkansızdır”.
Ekspertə görə, Milli Prioritetlər və “Azərbaycan - Gələcəyə baxış -2020" sənədlərinin hər ikisi ortamüddətli dövr üzrə prioritetləri müəyyən edən sənəddir: “Aşağı-yuxarı hər ikisində oxşar prioritetlər var. Məsələn, dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyat, tarazlı bölgə inkişafı, təkmil sosial müdafiə sistemi, insan kapitalı, qeyri-neft sektorunun və özəl sektorun inkişafa hər 2 sənədin aparıcı xəttidir. Sonuncu sənəddə əsas fərqləndirici cəhət qlobal trendə uyğun olaraq “yaşıl iqtisadiyyat” istiqamətini qabartmasıdır. Prioritetlərin doğru seçilməsi bir ayrı mövzudur, gərək bunu yaxşı analiz edək, görək, bütün məsələlər əhatə olunubmu. Amma hətta prioritetlər doğru seçilsə belə, onun reallaşdırılması üçün strategiya və proqram sənədlərinin peşəkar işlənməsindən asılı olacaq bundan sonra. Məhz bu sənədlərdə hər prioritetin əhatə etdiyi müxtəlif sferaların inkişafı üçün dəqiq mexanizmlər, nəticəsi ölçülə bilən fəaliyyətlər müəyyən edilir. Məsələn, burada insan kapitalının inkişafı yazılır. Amma bağça təhsili modern tələblərə hansı addımlarla uyğunlaşdırılacaq, orta və ali təhsil sistemində menecment və iştirakçılıq necə təmin ediləcək, universitetlərin şəffaflığı necə artırılacaq? Bütün bunlar üçün yaxşı işlənmiş, orta ağla söykənən proqram və strategiya sənədlərinə, mövqe sənədlərinə, siyasət sənədlərinə ehtiyac var".

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, sənəd Azərbaycanda müasir çağırışlara və standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni, innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur: “Bu prioritetlərdə diqqəti cəlb edən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivliyin təmin olunmasına nail olmaqdır. İnklüzivlik formalaşan və istifadə olunan dəyərdə cəmiyyətin daha yaxından iştirak etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması da əsas hədəflərdən biridir.
Rəqabət qabiliyyətinin genişləndirilməsi, sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni təşviq mexanizmlərinin tətbiqi daha bir prioritetdir. Bu, həm daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın çoxalmasına, həmçinin qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Bu isə son nəticədə milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlığın qorunub saxlanmasına şərait yaradacaq".
Millət vəkili bildirir ki, sosial təminatla bağlı islahatlar davam edəcək, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulur: “Bundan başqa, müavinətlər də daxil olmaqla, sosial ödənişlərə ayrılacaq vəsaitlərin həcmində də artım olacaq. Pensiya məbləği ilə sığorta haqqı arasında mütənasiblik elə təmin olunacaq ki, vətəndaşlar daha çox pensiya ala bilsinlər.
Nəhayət, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış yaxın on ildə ölkəmizin əsas prioritetlərindən biridir. Bunun reallaşması dəymiş zərərin müəyyənləşdirilməsi, infrastrukturun formalaşdırılması, sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın aparılması kimi mərhələlər üzrə həyata keçiriləcək.
Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti mərhələdə də davam etdiriləcəyindən xəbər verir".

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Azərbaycanın qarşısında yeni bir dövr dayanır: “Ötən mərhələyə baxsaq, böyük bir yol qət etdiyimizi deyə bilərik: əvvəlki onilliyə nəzər salsaq, bir çox sahələrdə islahatlar həyata keçirdiyimizi, bəzi məsələlərdə yubandığımızı və sair görərik. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair hökumətin konkret planının olması olduqca vacib məsələdir. Hökumət Azərbaycandan kənarda baş verə biləcək bütün riskləri nəzərə almaq şərtilə, növbəti onillik üçün hansı vəzifələri yerinə yetirməli olduğunu özü üçün mütləq dəqiqləşdirməli idi. Prezident İlham Əliyevin təsdiqlədiyi Milli Prioritetlər bu baxımdan, çox mühüm əhəmiyyət kəsb edir”.
Ekspertin sözlərinə görə, bütün prioritetlər üzrə görüləcək işlər müəyyənləşdirilərkən xarici faktorlarin yarada biləcəyi risklər nəzərə alınmalıdır: “Elə risklər var ki, onların qarşısını almaq mümkün deyil. Məsələn, nəinki əvvəlki onilliyin başlanğıcında, yaxud ortasında, heç 2019-cu ilin yayında belə 2020-ci ildə pandemiyanın yaratdığı iqtisadi şokları heç kim proqnozlaşdırmırdı. Lakin bu, o demək deyil ki, on illik sosial-iqtisadi inkişaf prioritetləri və onlara nail olunması üçün görüləcək işlər müəyyənləşdirilərkən bu və ya digər risklərin təsiri nəzərə alınmamalı, eyni zamanda onlardan sığortalanmaq yolları işlənib hazırlanmamalıdır.
2020-ci ildə baş verən pandemiyanın təsirlərinə qarşı mübarizə sahəsində Azərbaycanda əldə olunan nəticələr göstərdi ki, hökumət 2014-2015-ci illərdəki böhrandan nəticə çıxarmağı bacarıb. Bu baxımdan, növbəti onillik üçün də bu təcrübənin daha da təkmilləşdirilməsi gözləniləndir".
P.Heydərov hesab edir ki, milli prioritetlərə nail olunması ilə bağlı ölkə iqtisadiyyatında sağlam rəqabət mühitinin formalaşdırılması ən mühüm çağırışlardan biridir: “Belə mühit imkan verəcək ki, ölkədə dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat formalaşsın, qeyri-neft istehsalı və ixracı ölkəni əmtəə bazarındakı şoklardan qoruyacaq həddə qədər artsın. Ümumiyyətlə, müəyyənləşdirilmiş prioritetlərin hamısı bir-biri ilə sıx bağlı məsələləri nəzərdə tutur. Məsələn, biz təhsili yüksək səviyyəyə çatdırmadan qeyri-neft sektorunu inkişaf etdirməyə, rəqabətqabiliyyətli və innovativ iqtisadiyyatı formalaşdırmağa nail ola bilmərik. Müasir dünyada inkişaf fiziki güc, əmək deyil, innovativ texnologiyalar əsasında baş verir.
Sosial ədalətə əsaslanan cəmiyyətə nail olunması idarəetmədə islahatların fasiləsizliyinin təmin edilməsindən keçir. Belə islahatlar idarəetmədə şəffaflığın artmasına, səmərəliliyin yüksəlməsinə, operativliyin təmin olunmasına gətirib çıxara bilər.
Qarşıdakı on il ərzində biz həm ölkə iqtisadiyyatının inkişafı, sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması üçün islahatları davam etdirməliyik. Bu, həm də özündə ədalətli məhkəmə sisteminin yaradılmasını ehtiva edir. Ədalətli məhkəmə sistemi həm də rəqabətli iqtisadi inkişafın təmin olunması, ölkəyə xarici investisiya axınının təmin edilməsi baxımından son dərəcə vacib amildir. Bununla yanaşı, sağlam rəqabəti təmin edəcək qanunverici baza formalaşdırılmalıdır".
