Elman Nəsirov: “Prezidentin xalqdan ciddi dəstək alması, mövcud reallıqlar onların yuxusuna haram qatır”
Dövlət başçısı İlham Əliyevin AzTV-yə müsahibəsində məmurları sərt tənqid etməsi son günlərin əsas müzakirə mövzusuna çevrilib. Bu müsahibə həmçinin müxalifət düşərgəsinin hökuməti tənqid etmək üçün əllərində olan imkanların çoxunu da geri alıb. İndi isə bu camiə başqa bir “hücum taktikası” seçib. Deyirlər ki, bu məmurları həmin vəzifəyə prezident özü təyin edib. Sanki prezident təyin etdiyi məmurları tənqid edə, işdən çıxara, danlaya bilməz.
YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesi ilə bağlı çox ətraflı, geniş məlumat verib: “Burada cənab Prezident xüsusilə Şuşa şəhəri, onun baş planı, şəhərin yenidən qurulması və s. kimi məsələlərdən bəhs edərkən bir sıra məmurların üzərində xüsusilə dayandı. Onların bir çoxunun Şuşa şəhərində regional mərkəz yaratmaq, ofis əldə etmək, şəhərdə istədikləri yerləri hasarlamaq, oradan təbiəti seyr etmək, bir sözlə, xüsusi imtiyazlar qazanmaq niyyətlərini çox sərt tənqid etdi. Buna çox kəskin şəkildə etirazını ifadə etdi. Eyni zamanda barmaq silkələdi ki, bu yolu tutan məmurlar sərt şəkildə cəzalandırılacaq. Cənab Prezident hər zaman söyləyir ki, onun bir amalı var, o da güclü Azərbaycan dövləti qurmaq və xalqına ləyaqətlə xidmət etməkdir. Söyləyir ki, özü xalqının bir nömrəli xidmətçisidir. Onu da dəfələrlə bildirib ki, bütün məmurlar xalqa xidmət etməlidir. Xalqa ləyaqətlə xidmət göstərən məmurların daha da irəli çəkiləcəyini də dəfələrlə qeyd edib. Bunun əksini tutan məmurların cəzalandırılacağını söyləyib. Açıq şəkildə bildirdi ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib, məmurlar paytaxtı deyil. Cənab Prezident konkret ünvanlarla qurumları və onların rəhbərlərini tənqid etdi. İndi bir sıra radikal müxalifət təmsilçiləri cənab Prezidentin bu kəskin, radikal və prinsipial mövqeyinə də don geyindirməyə çalışırlar. Söyləyirlər ki, narazı qaldığı həmin məmurları Prezident özü təyin edib. Çox qəribə, anlaşılmaz məntiqləri var. Ümumiyyətlə, onların bütün davranışları məntiqsizdir. Cənab Prezident söyləyib ki, etimad göstərirəm. Hər zaman da bildirir ki, xalqa ləyaqətlə xidmət göstərsəniz, bu halda sizləri inkişaf, irəliləmə gözləyir. Əksi olanda isə cəzanın gözlədiyinin də mesajını ünvanlayır. Amma hər kəs cəzalandırılmır. O şəxslər cəzalandırılır ki, etimad göstərilib, amma onlar bunu doğrulda bilməyiblər”.
Deputat deyir ki, radikal müxalifətin bu yanaşması qəbuledilməzdir: “Ölkə başçısı təkcə adları qeyd olunan qurumların rəhbərlərinə həmin tənqid və iradlarını ünvanlamayıb. Bütün məmurlara ünvanlanmış yanaşmadır ki, digərləri də bundan nəticə çıxarsın, öz işlərinə yenidən baxsınlar və öz işləri ilə məşğul olsunlar, onlara aid olmayan fəaliyyətdən uzaq dursunlar. Ona görə də, hesab edirəm ki, radikal müxalifətin bu yanaşması tamamilə əsassızdır. Bulanıq suda balıq tutmaqdan başqa bir şey deyil. Ümumiyyətlə, bu düşərgənin bəyəndiyi heç nə yoxdur. Xalqa xidmət etməyən məmuru vəzifədən çıxarmayanda deyirlər ki, niyə çıxarmırsan. Görəndə ki, qüsurları, nöqsanları olduğu üçün məmurlar işdən çıxarılır, cəzalandırılır, başlayırlar ki, bəs özün təyin etmişdin-filan. Bu qədər məsuliyyətsiz davranış ortaya qoymaq olmaz axı. Bu səbəbdən də bu gün həmin müxalifətin heç bir sosial bazası yoxdur. Çünki onlar sifariş əsasında işləyir, öz xarici himayədarlarının maliyyəsi, sifarişləri əsasında fəaliyyət göstərirlər. Xalqımız bütün bunları görür. Hər kəs görür ki, cənab Prezident çox ciddi və dərinləşdirilmiş islahatlar kursu həyata keçirir. Onun yeni dalğası 2018-ci ildən ölkəmizdə başlayıb. Bu kontekstdə çox ciddi kadr islahatları da həyata keçirilməkdədir. Bunlar həqiqətlərdir və xalqımız bunu yaxşı görür. Xalqımız cənab Prezidentə inanır və öz etimadını ifadə edir. Radikal müxalifət isə bundan narahatdır. Çünki görürlər ki, bu islahatlar Azərbaycanı gücləndirir, daha da möhkəmləndirir, xalq-hakimiyyət birliyini daha da güclü edir. Bütün bu reallıqlar radikal müxalifətin yuxusuna haram qatır. Bu səbəbdən də öz amplualarına uyğun şəkildə şər-böhtan kampaniyası aparırlar”.
