|
İran Bakının təklif etdiyi sabitlik və sülh qatarına minə biləcəkmi?

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin regiona səfəri son günlərin ən mühüm xəbərlərindən biri oldu. İranlı nazir səfər xəritəsi olaraq Bakı,  Moskva, Ermənistan və  Naxçıvana da getdi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qafqazda altıtərəfli əməkdaşlıq formatı” adlandırılan təklifini alqışlayan Zərif ölkəsinin regionda sülhə, sabitliyə və sakitliyə şərait yaradan bütün sahələrdə köməklik göstərməyə və əməkdaşlıq etməyə hazır olduğunu elan edib.

Heç şübhəsiz ki, üç Cənubi Qafqaz ölkəsini (Azərbaycan, Ermənistan və Gürcüstan), habelə qonşu dövlətləri (İran, Rusiya və Türkiyə) əhatə edən regional əməkdaşlıq və sabitlik təşəbbüsünə qoşulmaq İran üçün sanksiyalarla üz-üzə qaldığı bir vaxtda çox mühümdür. İranın bu formata qoşulmasının siyasi və iqtisadi əhəmiyyəti nə olacaq? Altılıq formatı gələcəkdə regional bir iqtisadi güc mərkəzinin yaradılmasına dəstək ola bilərmi?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov: “Əməkdaşlığın bu formatı ilk növbədə onun iştirakçısı olacaq 6 ölkədən üçünə daha çox lazımdır. Belə ki, Rusiya və İran hazırda Avropa Birliyinin və Amerika Birləşmiş Ştatlarının ciddi sanksiyaları ilə üz-üzə qalıb. ABŞ-da seçkilərdən sonra Ağ Evin yeni sahibi isə onun prezidentliyi zamanı Rusiyaya qarşı indikindən daha sərt sanksiyaların tətbiq ediləcəyini hələ seçkiqabağı çıxışlarında bəyan etmişdi. Birləşmiş Ştatların yeni rəhbərliyinin İrana qarşı münasibətinin bir qədər yumşaldılacağı gözlənilsə də, bu, hələ İrana tətbiq olunan sanksiyaların tam dayandırılması anlamına gəlmir. Deməli, Rusiya və İran hələ bundan sonra da sanksiyalar burulğanında çabalamaq məcburiyyətində qalacaqlar. Rusiya isə yaxın zamanlarda bu burulğanın ən dərin yerinə yuvarlanmaq şansına sahibdir. Ermənistana gəldikdə isə bu ölkənin durumunu, xüsusilə də alçaldıcı məğlubiyyətdən sonrakı durumunu bir qədər dərin məntiqlə saf-çürük etsək, qərəzsiz deyə bilərik ki, bu ölkə de-yure bir dövlətdir, de-fakto isə Rusiyanın Cənubi Qafqazdakı muxtar əyalətidir.

Oxu.az - Fikrət Yusifov: “Ermənistan dövlət kimi özünü qorumaq istəyirsə,  onu çökdürən bu müharibəni saxlamalıdır”

Fikrət Yusifov: “Hər üç ölkə heç bir sıxıntı keçirmədən...”

Ən azından ona görə ki, bu ölkənin sərhədlərini belə Rusiya qoruyur. Belə durumda olan Ermənistan Rusiyanın təhriki və dəstəyi ilə apardığı işğalçılıq siyasətinin qurbanı kimi 30 ildir ki, ciddi blokada həyatı yaşayır. Ona görə nəqliyyat kommunikasiyalarının açılması bu gün boğularaq ölmək təhlükəsi yaşayan Ermənistan üçün oksigen yastığı qədər zəruridir. Yeni formatın üç ölkəsi - Azərbaycan, Türkiyə və Gürcüstanın isə durumu tamamilə fərqlidir. Yəni hər üç ölkə heç bir sıxıntı keçirmədən dünyanın istənilən ölkəsi ilə ticari və iqtisadi əlaqələrini həyata keçirir. Əməkdaşlığın yeni formatı bu üç olkəyə də fayda gətirəcəkdir. Bölgədə nəqliyyat və iqtisadi dəhlizlərin açılması üçün Moskvanın göstərdiyi canfəşanlıq tək Rusiyanın deyil, həm də onun yaxın dostları olan Ermənistan və İran üçündür”.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Elçin Mirzəbəyli: “Bölgədə baş verən hər hansı bir prosesdən kənarda qalmaq bu ölkənin maraqlarına uyğun deyil”

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan və Türkiyə prezidentlərinin altıtərəfli əməkdaşlıq formatı ilə bağlı təşəbbüslərinin İran tərəfindən yüksək dəyərləndirilməsində qeyri-adi heç nə yoxdur: “Əvvəla, İran regionun üç böyük dövlətindən biridir və bölgədə baş verən hər hansı bir prosesdən kənarda qalmaq bu ölkənin maraqlarına uyğun deyil. İkincisi, dünyada baş verən proseslər, xüsusilə də qlobal pandemiyadan sonrakı dövr regional əməkdaşlığın vacibliyini önə çəkir. Daha öncə, hələ 2011-ci ildən Aralıq dənizi hövzəsində cərəyan edən prosesləri nəzərə alsaq, o zaman bu və ya digər regionda münaqişəli vəziyyətlərin, zəif hakimiyyətlərin və ziddiyyətlərin mövcud olmasının həmin regionu xarici müdaxilələr üçün açıq qoyduğunu müəyyənləşdirə bilərik. Yəni altıtərəfli əməkdaşlıq formatı ilk növbədə regional təhlükəsizlik və bu formata daxil olacaq hər bir dövlətin təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. İran enerji resurslarına və digər təbii ehtiyatlara malik olan bir ölkədir və çox önəmli bir coğrafi mövqeyə malikdir. Fars və Oman körfəzləri və körfəzlər arasındakı yeganə keçid olan Hörmüz boğazı İranın qlobal geosiyasi əhəmiyyətini daha da artırır. Nəzərə alsaq ki, Hörmüz boğazındakı Keşm adasının İranın nəzarətində olması bu ölkənin boğaz üzərindəki üstünlüyünü təmin edir ki, bu da mühüm strateji əhəmiyyətə malikdir. Digər tərəfdən, unutmaq lazım deyil ki, İran, eyni zamanda bu ölkənin sərhədləri daxilində yaşayan, sayı müxtəlif mənbələrdə 35-40 milyon olduğu qeyd edilən Azərbaycan türklərinin, həmçinin qaşqay, türkmən və digər türk xalqlarının ortaq vətəni, ortaq dövlətidir. Məhz bu amil İranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin ortaq dəyərlər üzərindən inkişafını, əməkdaşlığını zəruri edir. Həmçinin Rusiyada da çoxsaylı türk xalqlarının yaşadığını nəzərə alsaq, şimal qonşumuzla da həmçinin ortaq mədəniyyət üzərindən əməkdaşlığı genişləndirmək imkanlarımız var. Ümid edək ki, İran da, Rusiya da artıq türklərə təhlükə mənbəyi kimi baxmağın yanlış olduğunu anlayıblar. Çünki türklər - həm Azərbaycan, həm Türkiyə, həm İran, həm Rusiya, həm də başqa yerlərdə yaşayan soydaşlarımız böyük bir coğrafiyada sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir, yaşadıqları dövlətlərin ərazi bütövlüyü uğrunda əksər hallarda, həmin dövlətlərin titil xalqlarından daha çox fədakarlıq edirlər. Gürcüstanın ”altılıq formatı"na münasibətinə gəldikdə isə rəsmi Tiflis Cənubi Osetiya və Abxaziya nəsələlərinə görə Rusiya ilə heç bir formatda təmsil olunmaq istəmədiyini deyir. Amma bi fikirləri bir o qədər də imperativ şəkildə dilə gətirmir. Əslində bu formatda iştirak Gürcüstan üçün də mühüm önəm kəsb edir, əks təqdirdə, regional iqtisadi layihələrdən kənarda qala, Ermənistanın tranzit ölkə kimi imkanlarını artıra bilər. Məhz bu baxımdan, Gürcüstanın tərəddüd etdiyini, nəticəni proqnozlaşdırmağa çətinlik çəkdiyini düşünürəm".