|
General Xaçaturovdan hakimə üstüörtülü təhdid:

Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) keçmiş baş katibi və Ermənstan Müdafiə nazirliyinin keçmiş baş qərargah rəisi, Nikol Paşinyan dönəmində korrupsiya ittihamı ilə həbs olunan general Yuri Xaçaturov məhkəmə prosesində onu mühakimə edən qadın hakimə maraqlı müraciət edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, general Xaçaturov hakimə könüllü şəkildə işdən əl çəkməsini “tövsiyə edib”.

Qeyd etmək lazımdır ki, ruspərəst Yuri Xaçaturovun illərdir ordusuna rəhbərlik etdiyi dövlətn dilini bilmədiyi ortaya çıxıb. Onun bütün müraciətləri rusçadan erməni dilinə xüsusi tərcüməçi vasitəsilə hakimə çatdırılır.

Erməni general hakim Anna Danibekyanın prosesə sədrlik etməkdən imtina etməsi halında “prokurorluq tərəfindən cəzalandırılmamaması üçün” vəkilinə onu müdafiə etməyi tapşırıb.

“Mən sizdən yaşca böyüyəm, ona görə də sizə məsləhət verə bilərəm. Ortada bir cinayət var. Özünüz-özünüzə sual edin ki, mən obyektiv ola bilərəmmi? Əgər birdən qeyri-mümkün olan bir şey baş versə, yəni siz hakim olmağı buraxsanız və buna görə prokurorluq sizi cəzalandırmaq fikrinə düşsə, mən sizi müdafiə edə bilərəm. Siz cavan, gözəl qadınsınız, gələcəyinizi düşünün və sağlam olun”,-deyə o söyləyib.