|
Deputatlardan parlamentin iclasında Tarif Şurasına və BNA-ya etirazlar

Milli Məclis Türkiyə ilə Azərbaycan arasında imzalanmış çox mühüm qanun layihələrini qəbul etdi; vətəndaşlarımız qardaş ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedəcək

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə keçirildi. Dövlət himni oxunduqdan və deputatlar qeydiyyatdan keçdikdən sonra spiker giriş nitqi ilə çıxış etdi. S.Qafarova bildirdi ki, bu gündən Milli Məclisin saytı artıq yeni dizaynda istifadəyə verilib.

Deputat Fazil Mustafa son qiymət artımları ilə bağlı izahatın aparılması zərurətindən danışdı. “Bundan istifadə edən qüvvələr o boyda qələbəyə kölgə salmaq üçün fürsət axtarırlar”, deyən F.Mustafa şəhid məzarları ilə bağlı yaranmış vəziyyətə də toxundu. “Prezident xəbər tutan kimi, şəhid məzarları ilə bağlı məsələ həll olundu”, millət vəkili bildirdi.

Deputat Əli Məsimli şəhidlərin vaxtilə təhsil aldığı məktəblərə onların adının verilməsi ilə bağlı təşəbbüslərin olduğunu da xatırlatdı: “Elə kəndlər var ki, bir neçə şəhidlər var, məktəb isə birdir. Bizə şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur. Təklif edirəm ki, küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin. Qanunvericilikdə hansısa müddəaları şəhid ailələrinin xeyrinə dəyişmək olar”.

Deputat Məlahət İbrahimqızı isə müharibə veteranları arasında çoxsaylı işsizlərin olduğuna diqqət çəkdi: “Təklif edərdim ki, Vətən müharibəsindən qayıtmış minlərlə işsizin işlə təmin edilməsi məsələsi həllini tapsın”.

Deputat Tahir Kərimli Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etirazını bildirdi. Millət vəkili ölkə konstitusiyasına istinadən bildirdi ki, həmin maddələr vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. “Nə haqla Tarif Şurası vətəndaşların rifah halını məhdudlaşdırır? Hansı haqla? Biz təcili Tarif Şurasını ləğv etməliyik. Baş nazirin rəhbərliyi ilə vəziyyətdən çıxış yolunun tapılması müzakirə edilməlidir. Biz heç bilmirik nə vaxt bahalaşma olacaq. Cənab Prezidentin rəhbərliyi altında görülən bu qədər böyük işlərə kölgə salmaq düzgün deyil”.

Deputat Erkin Qədirli: “Tarif Şurası parlamentin nəzarətindən kənar büdcəyə müdaxilə edən qurumdur. Büdcəyə müdaxilə olmamalıdır. Mən demirəm ki, Tarif Şurası ləğv olunmalıdır. Təklif edirəm ki, biz bu məsələyə baxaq və ehtiyac olarsa, cənab Prezidentə də təkliflər təqdim olunsun”. 

Deputat Sabir Rüstəmxanlı da Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etirazını bildirdi: “Biz yaz sessiyasında Tarif Şurasını bura dəvət etməliyik ki, hansı kriteriyalarla qiymət dəyişir? Bizim ölkəmizdə vəziyyətin stabil saxlanmasına cavabdeh olan orqanların dinləmələrini keçirməliyik”.

Komitə sədri Zahid Oruc hərbçilərin maaşı ilə bağlı məsələyə reaksiya verdi: “Mən ümid edirəm ki, qalib ordunun yüksəkliklərdə xidmət edən hərbçilərinə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək”.

Millət vəkili həmçinin azad edilmiş ərazilərdə memorial komplekslər yaradılacağına ümidvar olduğunu vurğuladı.

“Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, istənilən problemi həll etmək iqtidarındadır. Belə bir güclü dövlətin ön cəbhədə olmuş, tarixi qələbəni əldə etmiş hərbçilərinin maaşı ilə bağlı məsələdə həssas davranmalıyıq”.

Bu fikirləri deputat Elman Nəsirov söylədi. Həmçinin qeyd etdi ki, bu gün hətta bizim əsgər və sabitlərimizin maaşının artırılmasına da böyük ehtiyac var. Deputat sosial şəbəkələr üzərində nəzarəti təmin edən qanunun qəbul olunması təklifi ilə də çıxış etdi.

Deputat Qüdrət Həsənquliyev: “Bizim qanunvericilikdə xarici sülhməramlıların dəvət olunması ilə bağlı müddəa var. Amma onların statusu ilə bağlı hər hansı tənzimləmə yoxdur. Birgə Monitorinq Mərkəzində təmsil olunan Türkiyə və Rusiya hərbçilərinin statusu da məlum deyil. Orada baş verə biləcək hər hansı hadisə ilə bağlı hansı addımların atılacağı da məlum deyil. Ya yeni qanun qəbul olunmalıdır, ya da bizim qanunumuz var, Azərbaycan sülhməramlıların xaricdəki əməliyyatlarda iştirakı ilə bağlı, o qanuna bir maddə əlavə edilə bilər”.

Deputat Azərbaycanda təhsillə bağlı çoxsaylı qanunların olduğunu, amma vahid Təhsil Məcəlləsinin qəbul edilməsi zərurətinin olduğunu da söylədi.

“Əsgərlərimiz 44 günlük muharibədə rəşadət göstərib. Hərbçilərimiz evlə təmin olunsun deyirik. Eyni zamanda hərb sahəsində çalışanlar yüksək əmək haqqı almalıdır. Bu dünya təcrübəsində də var. Dünən 50 manat alan bu gün 20 alır. Buna aydınlıq gətirilməlidir”.

Bu fikirləri isə komitə sədri Siyavuş Novruzov söylədi. O qeyd etdi ki, bizim möhtəşəm qələbəmizdən sonra  Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı təhdidlər başlayıb: “Burada biz çox diqqətli olmalıyıq. Vaxtilə Türkiyə diplomatlarına qarşı terror planları işə salınmışdı, türk diplomatlar qətlə yetirilmişdilər.  Xaricdə oturub, erməni pulları alanlar təxribat xarakterli məlumatlar yayırlar. Yaxud Ermənistanla Azərbaycan arasında min km-dən artıq sərhəd var. Bu sərhədləri 3-5 günə dəqiqləşdirmək mümkün deyil, hissə-hissə məsələ həllini tapacaq. Bəzi məsələləri televiziyada şişirdib yayırlar”.

Komitə sədri dedi ki, Milli Məclisin internet televiziyasının yaradılması lazımdır.

Spiker Sahibə Qafarova bildirdi ki, İTV-də hər həftə 1 saatlıq “Parlament saatı” olacaq.

Deputat Aydın Mirzəzadə: “Azərbaycanın bölgələrində  işsizliyin səviyyəsinin azaldılması üçün radikal tədbirlər görülsün. Vergi yükünün azaldılması da çox yaxşı olardı”.

Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilərək qəbul edildi.

İclasda Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən təşkil olundu. İntizam komissiyasının tərkibinin əvvəlki üzvlərdən təşkil olunması təklif edildi.

İclasda Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsi müzakirəyə çıxarıldı və təsdiq olundu. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi təsdiqlənən Humay Elçin qızı Əfəndiyeva parlamentdə and içdi. 

İclasda parlamentin İntizam komissiyasının tərkibi təsdiqləndi. Müzakirələrdən sonra komissiyanın tərkibi səsverməyə çıxarılaraq qəbul edildi.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə  Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarıldı. Layihə barədə təqdimatı komitə sədri Zahid Oruc edərək sənədin olduqca mühüm əhəmiyyətə malik olduğunu söylədi. Həmçinin Türkiyə və Azərbaycanın media platformasında böyük uğurlar qazanacağına ümidini ifadə etdi, iki qardaş ölkənin media təmsilçilərinin 44 günlük Vətən müharibəsində birgə fəaliyyətinin çox uğurlu nəticələr verdiyini qeyd etdi.

Komitə sədri Qənirə Paşayeva da layihənin önəmindən danışdı.

Deputat Azay Quliyev bildirdi ki, Anlaşma Memorandumuna qanun statusunun verilməsi çox önəmlidir, bu,  gələcəkdə çox strateji rol oynayacaq. 

Deputat Fəzail Ağamalı dedi ki, sənəd “bir millət iki dövlət”ə uzun zaman kəsiyindən bəri reallaşdırılan, informasiya müharibəsində birgə hərəkət etmək, birgə mübarizə aparmaq şansı  verir: “Vətən müharibəsi dövründə Türkiyə mediası yeganə media idi ki, yanımızda idi. Bir Azərbaycan vətəndaşı və millət vəkili olaraq bütün Türkiyə mediasına təşəkkürümü bildirirəm. İndi bir millətin 6 dövlətə çevrilməsi prosesi gedir və ümid edirəm ki, tezliklə bunun da şahidi olacağıq”.

Müzakirələrdən sonra Memorandum təsdiqləndi.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı.

Layihəyə əsasən, Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Komitə sədri Səməd Seyidov çıxış edərək bildirdi ki, Azərbaycana ən yaxın dövlət Türkiyədir: “Artıq şəxsiyyət vəsiqəsi ilə səfərlər etmək mümkün olacaq. 90 gündən artıq qalmaq istəyənlər isə pasportdan istifadə edəcəklər. Artıq sərhədlər açıldı, artıq heç bir məhdudiyyətlər yoxdur. Bu yeni reallığı Azərbaycan və Türkiyə prezidentləri birgə yaradıblar. Görün Türkiyə və Azərbaycan nə qədər bir-birinə yaxınlaşıb. Faktiki bir millət iki dövlət siyasətini həyata keçiririk. Belə bir sazişin qəbul olunması hər bir Türkiyə və Azərbaycan vətəndaşları üçün çox əhəmiyyətlidir”.

“Əgər Türkiyə ilə ortaq platforma yaradırsa, o halda Azərbaycan telekanallarında yayımlanan Türkiyə filmlərinin tərcümə edilməsi düzgün deyil. Belə olan halda filmləri tərcüməsiz yayımlamaq daha doğru olardı”.

Deputat Hikmət Məmmədov bu fikirləri müzakirələr zamanı söylədi. O, digər mühüm bir məsələyə də diqqət çəkdi: “Digər tərəfdən, bəzi media orqanları Türkiyədən gələn terminləri yersiz şəkildə tərcümə edir. Məsələn, ”Zeytun dalı" əməliyyatını “Zeytun budağı” əməliyyatı kimi tərcümə edirik, bu, əməliyyatın adıdırsa, onu tərcümə etmək düzgün deyil. Hətta bəzən ürəyimiz soyumur, Türkiyə Cümhuriyyəti adını Türkiyə Respublikası kimi tərcümə edirik. Bu dövlətin adı Türkiyə Cümhuriyyəti kimi qəbul olunub, sən necə onu tərcümə edə bilərsən?"

Deputat Sabir Rüstəmxanlı da Türkiyə türkcəsində işlənən bir sıra sözlərin azərbaycancaya tərcümə olunmasına qarşı çıxdı. Bildirdi ki, hətta Devlət Bahçelini “tərcümə edib”, “Dövlət Bağçalı” yazırlar, bu da yolverilməzdir.

Müzakirələrdən sonra Türkiyə və Azərbaycan arasında imzalanmış çox mühüm bir razılaşma təsdiqləndi.

Deputat Tahir Kərimli Novruz bayramı münasibətilə amnistiya verilməsi barədə çağırış etdi.

İclasda “Məşğulluq haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarıldı. Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir.

İclasda Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirə olundu.

Deputat Qüdrət Həsənquliyev qızılın, platinin və digər qiymətli metalların idxal vergisindən azad edilməsi barədə müddəalara etirazını bildirdi. “Qonşu Gürcüstanda uşaq geyimləri, uşaq bezləri, uşaq qidaları vergidən azad edilib. Gəlin biz də qızılın idxalının vergidən azad olunmasının əvəzinə, uşaq qidaları, uşaq bezləri və uşaq geyimlərini idxal vergisindən azad edək. Çünki bizdə qızıl idxal olunur, səhv etmirəmsə, ötən il 205 milyon manatlıq qızıl ixrac olunub. Belə olan halda qızılın idxalının vergidən azad edilməsinin səbəbini başa düşə bilmirəm”. Q.Həsənquliyev digər mühüm məsələyə də diqqət çəkdi: “Müəyyən dərmanlar var ki, COVİD xəstələri üçün əlçatan deyil. Onların idxalı ilə bağlı şərtləri yumşaltmaq olar ki, insanlar üçün əlçatan olsun, vətəndaşlarımız əlavə əziyyət çəkməsin”.

Deputat Aqil Abbas film çəkilişi ilə bağlı məsələyə toxundu: “Möhtərəm Prezident filmlər üçün pul ayırır. Bu filmi çəkməlisən ki, ondan qazanc götürəsən. Pulu ayırıb kinostudiyanın hesabına götürən kimi, vergilər oradan 18 faizini çıxır. Dədənin dədəmə borcu var, qoy bu filmi çəkək də! Filmi çəkək, sataq, sonra vergi tutulsun. 18 faiz 300 min manatdır. 300 min manata orta film çəkmək olar. Tarif Şurası da gözəl işləyir, suyun qiymətini qaldırdı, sevindik. Heç olmasa burada deyilən söz burada qalmasın. 5-6 ildir deyilir, heç nə dəyişmir”.

Deputat Etibar Əliyev piyada keçidləri ilə bağlı problemlə diqqət çəkdi. Bildirdi ki, dəfələrlə bu mövzuda məqalələr yazaraq problemin həllini zəruri sayıb.   

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimovla aralarında yaranmış mübahisədən bəhs edib. Musavat.com xəbər verir ki, deputat bir həftə bundan qabaq ona tanımadığı nömrədən zəng gəldiyini qeyd edib. “Qəzəbli formada bir səs məndən soruşdu ki, Rüfət Quliyev, sənin Vüsalla problemin var, yoxsa BNA ilə?! Soruşdum ki, danışan kimdir? Dedi Vüsal Kərimovam”. Ardınca deputat spiker Sahibə Qafarovaya xitab edib: “Hörmətli Sahibə xanım, mən neçə ildir millət vəkiliyəm, hələ görməmişəm ki, dövlət qurumunun işçisi, yaxud onun rəhbəri bu şəkildə danışsın, onun üstünə gəlsin. Bu, çox acınacaqlı və təhqiramiz formada danışıq idi. Bu barədə Milli Məclisin rəhbərliyinə, şəxsən sizə məlumat verdim, çox sağ olun ki, həssas yanaşdınız. Hər bir məsələnin köklü şəkildə həlli var. Mən şəxsən sizdən, həmçinin deputat həmkarlarımdan dəstək gözləyirəm”.

Sədr məsələnin araşdırılacağını bildirdi. 

Parlamentin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq.

Digər dəyişikliklə avtoxuliqanlıq hərəkətlərinin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq.