Siyasi təhlilçilərin fikrincə, Obama dövründə olduğu kimi Bayden administrasiyası da Azərbaycana qarşı qərəzli və sərt xətt götürəcək
Donald Tramp ABŞ prezidenti seçiləndə Azərbaycanın rəsmi qəzetlərindən biri bunu şadyanalıq yönündə səciyyələndirmişdi. Rəsmi mətbu orqan Barak Obama dövrünü “qaramat illər” adlandırmış, onun rəhbərliyi dönəmini ABŞ - Azərbaycan münasibətlərinin ən qara dövrü kimi xarakterizə etmişdi.
“Yeni Müsavat” yada salır ki, həqiqətən də Ağ Evin qaradərili sahibi Azərbaycana və onun hakimiyyətinə münasibətdə kifayət qədər sərt xətt götürmüşdü. Hətta seçkidən əvvəl qondarma erməni soyqırımını tanıyacağı vədləri ilə çıxış edirdi. Prezidentlik dövründə isə qondarma soyqırımı tanımasa belə, “aprel faciəsi” ifadəsini işlətmişdi.
Obamanın dövründə Türkiyə Ermənistanla az qalsın sərhədləri açırdı. Sürix protokolları da onun dövründə masaya gəlmişdi.
Siyasi yanaşmasına gəlincə, Obama administrasiyası Azərbaycan hakimiyyətinə təzyiqlərlə yadda qaldı, Dövlət Departamenti tənqidi bəyanatlarla çıxış etdi, o baxımdan rəsmi KİV-lər Demokratların hakimiyyətə gəlməsini bədxassəli hadisə kimi xatırlayırlar.
Trampın gəlişi isə az qala bayrama səbəb oldu. Çünki Respublikaçı prezident əvvəlcədən bəyan etmişdi ki, heç bir ölkənin daxili işlərinə müdaxilə olmayacaq. Elə belə də etdi, onun vaxtında Vaşinqton-Bakı əlaqələrində xoşagəlməz hal yaşanmadı.
Yanvarın 20-dən isə ABŞ-da prezident kürsüsünə yenidən Demokrat siyasətçi qalxıb. Cozef Baydenin komandasında ermənipərəstlər də var, vəzifəyə təyin etdiyi ermənilər də var, Azərbaycana maliyyə yardımını kəsməyə çağırış edənlər də...
Həmçinin Bayden administrasiyasının Azərbaycana təzyiqlər göstərəcəyi, Cənubi Qafqazda fəal iştirak edəcəyi, Qarabağ məsələsində təsirlərini artırmağa çalışacağı, hətta Minsk Qrupunu yenidən reabilitasiya edəcəyi gözlənilir.
Siyasi şərhçilər Bayden hakimiyyətinin Azərbaycan iqtidarına təzyiqlərini də istisna etmirlər.
Bəs rəsmi Bakının ABŞ Demokratlar Partiyası ilə münasibətləri necədir? Bayden iqtidarı da Azərbaycana münasibətdə qərəzli və sərt xətt tutarsa, hakimiyyətin bu istiqamətdə tədbiri varmı?
Ümumiyyətlə, Bayden xarici siyasət istiqamətlərini hələ ki açıqlamayıb. Onun Cənubi Qafqaz planlarının nədən ibarət olduğu da bilinmir. Ermənistan çox ümid edir ki, yeni prezident Qarabağda vəziyyəti dəyişməyə nail olacaq. Amma Bayden mövqe bildirməyib.
Aydın Mirzəzadə: “Yeni administrasiyadan Azərbaycanla əlaqələrin artan xətt üzrə gedəcəyini gözləyirəm”
Deputat, hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, bu və ya digər ölkələrdə hakimiyyətdə kimin olmasına baxmayaraq, Azərbaycan dövlətlərarası yaxşı qonşuluq münasibətləri qurmağa çalışır. YAP funksionerinin sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq nüfuzu var, ölkə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Vətən müharibəsinin gedişi də dünya tərəfindən başa düşüldü, qəbul edildi. ABŞ-dakı yeni administrasiya ölkədaxili və özünün əsas müttəfiqləri ilə münasibətlər qurmağa diqqət edəcək. Baydenin xarici siyasət haqda ilk çıxışı da olmalıdır. Hesab edirəm ki, müəyyən müddət sonra onun Cənubi Qafqaz siyasəti gündəmə gələcək".
A.Mirzəzadə hesab edir ki, Bayden, seçkidən də göründüyü kimi, ABŞ-ın maraqlarından çıxış edir: “Amerikanın maraqlarında Azərbaycan həmişə önəmli yer tutub. Hər iki dövlət beynəlxalq birlikdə stabilliyin, sülhün olmasında maraqlıdır. Eyni zamanda ABŞ və Azərbaycan beynəlxalq layihələrdə birgə iştirak edir, siyasi məsləhətləşmələr həyata keçirir. Ona görə yeni administrasiyadan Azərbaycanla əlaqələrin artan xətt üzrə gedəcəyini gözləyirəm".
Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Obama administrasiyası Azərbaycan hakimiyyətinə siyasi azadlıqlar məsələsində tənqidlər yağdırırdı: “O dövr idi ki, ”ərəb baharı" 30-40 illik rejimləri çökdürürdü, dünyada bir çevriliş dalğası start götürmüşdü, ABŞ inqilabları dəstəkləyirdi. Bu mənada bizə də münasibətdə sərt kurs götürülmüşdü. Ancaq Ağ Evin Azərbaycanda hansısa dəyişikliklər niyyəti yoxuydu. Sadəcə, təzyiq siyasəti yürüdürdü. Obama yanlış olaraq Bakı ilə əlaqələri korlamışdı. Tramp isə bizi qane edən siyasət apardı".
Ekspertin fikrincə, Baydenin Azərbaycana münasibəti Rusiya və Türkiyə üzərindən qaynaqlana bilər: “Düşünmürəm ki, onun dövründə əlaqələr çox yaxşı olacaq, amma münasibətlər gərginləşməyəcək. Burada İran faktoru var, İsrail-Azərbaycan münasibətləri var, Əfqanıstan məsələsini unutmaq olmaz, Qarabağda situasiya dəyişib, belədə sıxma-boğmanı aşkar şəkildə aparmayacaq".
Siyasi şərhçi ABŞ-ın gündəliyindən “rəngli inqilablar” ssenarisinin də çıxdığını düşünür:
“Amerika son seçkidə özü demokratiya böhranı yaşadı. Dünya onu məsxərəyə qoydu. Çünki ilk dəfə seçkidə saxtakarlıq edildiyi iddiaları səsləndi, Tramp tərəfdarları Konqresə hücum çəkdilər, nəticələr şübhə altına alındı.
İndi Bayden ölkəsində demokratiya məsələsinə baxmalıdır, ABŞ-ın dünyadakı imicini yaxşılaşdırmalıdır, ondan sonra başqa ölkələrə hansısa tövsiyələr verə bilər. Çünki son seçkidə yaşananlar üçüncü dünya ölkələrinə xas xüsusiyyətlər idi".
