|
Aqrar sahənin inkişafına enerji kəsintisi əngəli

“Əgər qış aylarında istixanalarda bir neçə saat qaz və ya işıq kəsilərsə...”

Azərbaycanda son illərdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqəti sayəsində, iqtisadi-sosial siyasətin tərkib hissəsi olaraq kənd təsərrüfatının inkişafı mərhələsi başlayıb. Ədalət naminə qeyd edək ki, İnam Kərimov kənd təsərrüfatı naziri təyin edildikdən sonra aqrar sektorda ciddi canlanma müşahidə olunur. Ötən illərdə bunun nəticələrini görmüşük.

Kənd təsərrüfatında gəlir, ölkəyə xaricdən valyuta gətirən, prioritet istiqamətlərdən biri də istixanalar və faraş meyvə yetişdirilməsidir.

Azərbaycanda bu sahə də inkişaf etməkdədir və bir sıra sahibkarlar Bakıda və regionlarda istixanaların sayını, həcmini artırmaqda maraqlıdırlar.

Azərbaycanda hələ sovetlər dönəmindən “parnik” biznesi mövcud olub. Son illərədək istixanalarda əsasən pomidor, xiyar yetişdirilib. Həmçinin istixana şəraitində gülçülük də mövcuddur.

Axır bir neçə ildə pomidor-xiyarla yanaşı, digər tərəvəz növləri - badımcan, bibər, paxlalı bitkilər və faraş meyvələr də istixana şəraitində yetişdirilir, daxili və xarici bazarlara idxal edilir.

Qeyd edək ki, Türkiyədə, Avropa ölkələrində bu sektor kifayət qədər inkişaf edib və ciddi gəlir gətirən sahələrdən biridir.

Azərbaycanda da fermerlər, qeyd etdiyimiz kimi, bu sahəyə ciddi maraq göstərir, böyük investisiyalar qoyurlar.

Babək rayonunda yaradılan istixana kompleksində bol məhsul yetişdirilir -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Redaksiyamıza müraciət edən sahibkarlar qeyd edir ki, qısa müddətdə bu sektordan gələn gəlirləri maksimuma çatdırmaq mümkündür və buna doğru addımlar atılır. Dövlətin bu sahəyə diqqəti və qayğısı da nəzərəçarpacaq dərəcədə böyükdür.

Bu sahədə çalışan iş adamları eyni zamanda bir problemə diqqət çəkirlər. Onlar qeyd edir ki, faraş meyvə-tərəvəz yetişdirilən istixanaların enerji - qaz və işıqla təminatında dayanıqlılıq, kəsintinin olmaması əsas iki şərtdən biridir. Habelə aqrar sahənin inkişafında mühüm rol oynayan soyuducu anbarların da işıqla kəsintisiz təminatı mütləqdir. Eyni zamanda inkubatorlar üçün də bu məsələ önəmlidir.

Onlar fikrini belə əsaslandırır ki, əgər qış aylarında istixanalarda bir neçə saat qaz və ya işıq kəsilərsə, xüsusilə də bu çiçək və ya tozlanma dövrünə təsadüf edərsə, çəkilən bütün əziyyət hədər gedə bilər.

Son bir neçə gündə azı iki sahibkar Göyçaydan və Şəmkirdən olan biznesmenlər bununla bağlı gileylərini bildiriblər. Məsələn, bir neçə gün öncə Göyçayın bir hissəsində elektrik enerjisi kəsilib və həmin ərazidə olan, elektrik enerjisi ilə qızdırılan istixanaların qızdırılması mümkün olmayıb. İşıq idarəsindən texniki qəza olduğu bildirilib.

Bu cür halların gələcəkdə də baş verə biləcəyi istisna deyil.

İsmayıllıda yeni istixanalar yaradılır - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Sahibkarlar deyir ki, bu sahənin inkişafı üçün istixanaların yerləşdiyi ərazilərin enerji təminatı ilə bağlı tədbirlər görülməlidir. Ya ayrıca xətlər verilməlidir, yaxud da mövcud xətlər, borular, yarımstansiyalar, transformatorlar, qazpaylayıcı qurğular təmir və bərpa edilməli, yenilənməlidir.

Əks təqdirdə, sahibkarlar alternativ enerji mənbələrinə - daş kömürlə, odunla isitmə metodlarına, böyük generatorlar almağa məcbur olacaqlar. Bu da öz növbəsində yetişən məhsulun qiymətinə ciddi təsir göstərəcək.

Sahibkarlar qeyd edir ki, Prezidentin apardığı iqtisadi-sosial, aqrar siyasət, elan etdiyi istiqamətlər özünü doğruldur. Habelə, onlar qeyd edir ki, aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatında, kənd təsərrüfatında ciddi irəliləyişlər var. Həmçinin sahibkarların qaldırdığı məsələlərə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri çevik, operativ reaksiyalar verirlər, iş adamları bunu fəaliyyətlərində gördüklərini bildirirlər. Onlar istixana biznesinin inkişafının daha da sürətləndirilməsi üçün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən enerji kəsintisi ilə bağlı yaranan və qarşıda yarana biləcək oxşar problemlərin ortaya çıxmaması, istixanalarda çəkilən hədərlərin bir anda məhv olmaması üçün bu məsələyə diqqət yetirilməsini, müvafiq strukturlara ciddi tapşırıq və göstərişlər verilməsini xahiş edirlər.