Yanvarın son günləri Rusiya hakimiyyəti üçün son illərin ən gərgin dövrü olaraq keçdi. Müxalifət lideri Aleksey Navalnının həbsdən azad edilməsi tələbi ilə ölkə paytaxtında və bir çox iri şəhərlərdə çoxminli insanların iştirakı ilə mitinqlər keçirildi. Putin Rusiyası son 20 ildə heç zaman olmadığı siyasi gərginlik içərisinə daxil olub. Ortada hakimiyyəti narahat edəcək miqyasda müxalif kütlə mövcuddur.
İqtidar mitinqlərin böyüməsinin qarşısını almaq üçün güc strukturlarından istifadə edir. Eyni zamanda sonuncu mitinqlərə görə Rusiya hakimiyyəti ABŞ-ı ittiham etdi. Dörd il öncə isə Amerika seçkini Trampın xeyirinə saxtalaşdırmaqda Rusiyanı ittiham edirdi. Sanki yerlər dəyişir. Rusiyada inqilaböncəsi vəziyyətdirmi? Navalnı Putini devirə biləcəkmi? Rusiya qarışsa, necə olacaq? Bunun Qarabağ məsələsinə təsirini hesablamaq mümkündürmü?
Navalnının Bayden komandasından ilhamlandığı deyilir. Bu haqda beynəlxalq ekspertlərin də iddiaları var. Putin öz əsas siyasi rəqibini azad edəcəkmi? Azad etsə, ölkədə gərginlik azalacaqmı?

Elçin Mirzəbəyli: “Onun düşüncə tərzi, strateji baxışları nə rus insanını, nə də Qərbi qane etmir”
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, hər dəfə Rusiyanın bu və ya digər ərazisində, yaxud elə paytaxt Moskvanın özündə etiraz aksiyaları keçiriləndə, baş verənlərin ətrafında məqsədyönlü şəkildə emosional mühitin yaradıldığının və Azərbaycan da daxil olmaqla, bəzi ölkələrdəki siyasətçilərin bu mühitin təsiri altına düşdüyünün şahidi oluruq. Əslində isə Rusiyada ciddi heç nə baş vermir. Əksinə, uğurlu bloger, uğursuz siyasətçi Navalnının iştirakı ilə pandemiyanın yaratdığı sosial problemlərdən yaranan “etiraz buxarı”nın boşaldığının şahidi oluruq: “Navalnı Rusiyanın siyasi elitasının heç bir qütbünün təmsilçisi deyil. Aşırı və bir az da dayaz düşüncəli millətçidir. İstər Rusiya daxilindəki, istərsə də xaricindəki nə biznes elitasının, nə də demokratik düşərgənin Navalnıya dəstəyi hiss olunmur. Aleksey Navalnının Rusiyanın idarəçilik sistemini deyil, dövlət başçısını hədəfə alması da sübuta yetirir ki, bu adamın ölkəsindəki problemlərin mahiyyətindən xəbəri yoxdur və sadəcə, alternativ fikir söylədiyi üçün populyarlıq qazanıb. Rusiyada və bu ölkədən kənarda Aleksey Navalnıdan dəfələrlə üstün intellektə, analitik təhlil imkanlarına malik blogerlər var. Mənə görə Aleksey Navalnı siyasi paparassidir, vəssalam. Sadəcə, olduğu mühit və kütləyə hesablanmış təbliğat onun məşhurlaşmasına imkan yaradıb. Rusiyanın indiki prezidenti ilə Aleksey Navalnının müqayisəsi isə sadəcə, gülüncdür. Vladimir Putin Rusiyanın mövcud idarəçilik sisteminin ustasıdır. Təbii ki, əgər şimal qonşumuzda real demokratik proseslər vüsət alsaydı və Rusiya ictimaiyyətinin düşüncə tərzi bu proseslərə uyğunlaşsaydı, o zaman eyni sözləri başqa bir şəxs haqqında söyləyə bilərdik. Rusiya cəmiyyətini çox yaxşı tanıyan biri kimi demək istəyirəm ki, Rusiya vətəndaşlarının mütləq çoxluğu ən azı yaxın 50-60 ildə ”Qərb demokratiyası" adlanan mifi qəbul etməyəcək və patriotizmdən üz çevirməyəcək. Rus insanı üçün ölkəsinin dünyada söz sahibi olması, güclü görünməsi, “mujik” (kişi) xarakteri nümayiş etdirməsi hər şeydən üstündür. Rusiya tamamilə fərqli bir ölkədir və mental baxımdan ətrafındakı bütün ölkələrdən, o cümlədən Avropadakı qonşularından fərqlənir. Qərbin Rusiyaya və onun maraqlarına münasibətdə uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri də məhz bu amildir".

Politoloq hesab edir ki, Rusiyada daxili gərginliklərdə, Putinin zəifləməsində, daxili problemlərə başının qarışmasında ABŞ maraqlıdır. Bu mənada Moskvanın Vaşinqtonu ittiham etməsi məntiqli görünür. Aleksey Navalnının Vladimir Putini əvəz etməsinə gəldikdə isə bunu düşünmək belə gülüncdür: “Sözügedən bloger Putinin komandasındakı ən zəif fiqurdan belə zəifdir. Onun düşüncə tərzi, postsovet məkanındakı münaqişələrə, Rusiyanın təsir məkanlarına münasibəti və bu yöndə olan strateji baxışları isə nə rus insanını, nə də Qərbi qane etmir.
Navalnı rus-gürcü müharibəsindən öncə Cənubi Osetiya və Abxaziyanı silahlandırmağı, Gürcüstanı bombalamağı və işğal etməyi, Rusiyada yaşayan bütün gürcüləri qovmağı tələb edirdi. Donbas və Krımla bağlı da Navalnının ritorikası fərqli deyildi. Bu isə şübhəsiz ki, Qərb dairələrini heç bir halda qane edə bilməz.
Navalnı bütün postsovet ölkələri ilə viza rejiminin və sərt miqrasiya siyasətinin tərəfdarıdır. Onun qənaətinə görə, nə Cənubi Qafqaz, nə də Orta Asiya dövlətləri ilə xüsusi münasibətlər qurmağa dəyməz. Navalnı Şimali Qafqaza və Rusiyanın digər federal subyektlərinə münasibətdə də ölkənin mövcud dövlət quruluşuna qarşı olan yanaşmalarla çıxış edur ki, Rusiyanın aktiv və passiv patriotları da bu mövqeni qəbul edə bilməzlər. Rusiyanı böyük, nəhəng dövlət, müasir “Roma imperiyası” gözündə görənləri isə etnik rusların mütləq əksəriyyətini təşkil edir.
Navalnı azad ediləcək və bu elə bir məqamda baş tutacaq ki, onun azadlığı Rusiya hakimiyyətinin maraqlarına xidmət edən hansısa prosesə hakimiyyətin arzuladığı kimi təsir göstərsin".
