|
Amerika Rusiyanı internetsiz qoymaqla təhdid edir - mümkündürmü...

Ekspert: “Daxildə internet qurmaqdan bəhs oluna bilər, ancaq bunun da adı artıq internet olmur”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedyev ölkə KİV-nə müsahibəsində bildirib  ki, Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər. Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.

“Məlum olduğu kimi, internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa, onda bu baş verəcək”, - D.Medvedyev bildirib.

O, internetin açarının okeanın o tayında olduğunu da vurğulayıb.

Ümumiyyətlə, bu kimi fikirlər Rusiya tərəfindən zaman-zaman ortaya atılır. Bəs belə bir halın baş verməsi mümkündürmü?

Onu da yada salaq ki, bu yaxınlarda sabiq ABŞ prezidenti Donald Trampın da sosial şəbəkələrə çıxışı məhdudlaşdırılmışdı. Bu cür məhdudiyyətlər fərdlərə tətbiq edildiyi kimi ölkələrə də tətbiq edilə bilərmi?

Ekspertlər bildirirlər ki, qloballaşan dünyada belə fikrin ortaya atılması nağıla bənzəyir. Lakin bununla belə, müəyyən məhdudiyyətlər tətbiq edilə, internet məkanına çıxış müəyyən mənada məhdudlaşdırıla bilər.

2015-ci ildə bunun əksini ifadə edən xəbər yayılmışdı. Belə ki, həmin ərəfədə bildirilirdi ki, Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri ABŞ-ı internetdən məhrum etmək niyyətindədir.  “The New York Times” yazırdı ki,  bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Uilyam Marks bildirib.

Onun sözlərinə görə, ABŞ-la qarşıdurma olacağı halda Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri ABŞ-ı internetdən məhrum edə bilər. Uilyam Marks qeyd etmişdi ki, ABŞ-ın Hərbi-Dəniz Qüvvələri və kəşfiyyat xidmətlərinin komandanlığı sualtı internet kabellərinin olduğu Şimal dənizi və Asiyanın şimal-şərqi arasındakı ərazilərdə, həmçinin Birləşmiş Ştatların sahillərində Rusiyanın əhəmiyyətli aktivliyini müşahidə edir.

“The New York Times”ə görə, Amerika hərbçiləri də hesab edirlər ki, Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri suyun dərinliklərində çəkilən kabelləri kəsmək imkanlarına malikdir.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Osman Gündüz

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Osman Gündüz aşağıdakıları bildirdi:

“Rusiyadan bu cür mesajlar daha öncə də verilib. Ancaq bu, reala bənzəmir. Əlbəttə ki, Rusiya özü dünya şəbəkəsindən ayrıldığını elan edə bilər. Daxildə internet qurmaqdan bəhs oluna bilər, ancaq bunun da adı artıq internet olmur. Onun adına ”daxili kompüter şəbəkəsi" demək olar. Yəni bu cür nəhəng şəbəkənin qurulması, idarə edilməsi böyük vəsaitlər tələb edir. Bu, bir ölkənin timsalında olan məsələ deyil. Ona görə də hesab edirəm ki, bu cür açıqlamaların kökündə hansısa siyasi və digər buna bənzər məqsədlər dayanır. Bu mesajlar inandırıcı deyil. Dünya elə inkişaf səviyyəsindədir ki, internetin əldə edilməsi üçün xeyli addımlar atılır. İri şirkətlər var ki, onlar internet əldə etmək üçün səmaya yüz minlərlə peyk buraxırlar. Yaxşı, göyü necə bağlayacaqsan?"

Ekspert bildirib ki, bu cür yarışmalar da böyük vəsaitlər tələb edir:

“Sovet dönəmində dünyada radioların yarışması gedirdi. Qərbdə ”Azadlıq", “Amerikanın səsi” kimi radiolar var idi. SSRİ çalışırdı ki, həmin radioların tezliklərini boğsun, yayımının qarşısını alsın. Yəni bu da “soyuq müharibə”nin bir elementi idi. Efirin söndürülməsi mübarizəsinin axırı nəticəsiz qurtardı. İndi də hesab edirəm ki, səyləri, pulu, gücü ölkənin informasiyaya əl çatanlığına sərf etmək lazımdır. Baxırıq ki, xəbərlərdə deyilir ki, bu gün filan şirkət internet almaq üçün göyə 150 peyk buraxdı. Təsəvvür edirsinizmi bu nə deməkdir? Düşünürəm ki, Rusiya da bunun fərqindədir və bəyanatlar da başqa məqsədlərlə səsləndirilir".