Milli Məclisdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə zamanı deputat Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimovla aralarında yaranmış mübahisədən bəhs edib.
Deputat bir həftə bundan qabaq ona tanımadığı nömrədən zəng gəldiyini qeyd edib. “Qəzəbli formada bir səs məndən soruşdu ki, Rüfət Quliyev, sənin Vüsalla problemin var, yoxsa BNA ilə? Soruşdum ki, danışan kimdir? Dedi Vüsal Kərimovam”.
Ardınca deputat spiker Sahibə Qafarovaya xitab edib: “Hörmətli Sahibə xanım, mən neçə ildir millət vəkiliyəm, hələ görməmişəm ki, dövlət qurumunun işçisi, yaxud onun rəhbəri bu şəkildə danışsın. Bu, çox acınacaqlı və təhqiramiz formada danışıq idi. Bu barədə Milli Məclisin rəhbərliyinə, şəxsən sizə məlumat verdim, çox sağ olun ki, həssas yanaşdınız. Hər bir məsələnin köklü şəkildə həlli var. Mən şəxsən sizdən, həmçinin deputat həmkarlarımdan dəstək gözləyirəm ki, millət vəkilini təhqir etmək olmaz”.
Sədr məsələnin araşdırılacağını bildirib. “Mən sadəcə bilmək istəyirəm ki, bu yalnız sizin gördüyünüzdür, yoxsa seçicilər də eyni vəziyyətlə üzləşiblər? Sonra bu barədə ayrıca danışarıq”,-deyə spiker qeyd edib.
