Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
Komitə sədri Səməd Seyidov çıxış edərək bildirib ki, Azərbaycana ən yaxın dövlət Türkiyədir: “Artıq şəxsiyyət vəsiqəsi ilə səfərlər etmək mümkün olacaq. 90 gündən artıq qalmaq istəyənlər isə pasportdan istifadə edəcəklər. Artıq sərhədlər açıldı, artıq heç bir məhdudiyyətlər yoxdur. Bu yeni reallığı Azərbaycan və Türkiyə prezidentləri birgə yaradıblar. Görün Türkiyə və Azərbaycan nə qədər bir-birinə yaxınlaşıb. Faktiki bir millət iki dövlət siyasətini həyata keçiririk. Belə bir sazişin qəbul olunması hər bir Türkiyə və Azərbaycan vətəndaşları üçün çox əhəmiyyətlidir”.
Deputat Anar İsgəndərov Türkiyə və Azərbaycan arasında tarixi bağlardan bəhs edib: “1915-ci ildə Çanaqqala döyüşündə minlərlə azərbaycanlı Osmanlı Türkiyəsinin ordusu ilə birgə yadellilərə qarşı döyüşlərdə həlak oldu. 1918-ci ildə Osmanlı Azərbaycanın istiqlalı üçün 1400 şəhid verdi. 1990-cı ilin qanlı yanvar qırğını ilə bağlı yeganə obyektiv materiallar dərc edən Türkiyə mediası oldu. Çox təəssüflər olsun ki, dünyanın başqa heç bir ölkəsi bu qırğınla bağlı obyektiv məlumat vermədi. 44 günlük müharibədə də Türkiyə mediası Azərbaycanla birgə oldu”.
Milli Məclisdəki müzakirələrdən sonra layihə təsdiqlənib.
