|
Təhsil naziri canlı yayında suallara cavab verdi, ekspertlərdən yeni təklif var

Kamran Əsədov: “Nazir müavinləri, nazirliyin şöbə müdirləri də canlı yayınlara çıxsınlar”
Xəbər verdiyimiz kimi, bu gün təhsil naziri Emin Əmrullayev sosial şəbəkə vasitəsilə canlı yayın açaraq, təhsilin hazırkı durumu və insanları maraqlandıran suallarla bağlı danışıb. Pandemiya dönəmindəki təhsil, müəllimlərin məvacibi, summativ qiymətləndirmələr, ali məktəblərin fəaliyyətinin bərpası ilə bağlı məqamlara aydınlıq gətirən nazirin insanlarla ünsiyyətdə bu yolu seçməsi isə müsbət hal kimi dəyərləndirilib.

Musavat.com xatırladır ki, E.Əmrullayev nazir gələn gündən etibarən bir neçə dəfə canlı yayın vasitəsilə insanlarla ünsiyyət yaradıb, onların suallarını cavablandırıb. Ondan öncə isə ölkədə Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bir neçə ildir ki, canlı yayından istifadə edərək, insanların suallarını cavablandırır.
Nazirin canlı yayın zamanı vurğuladığı məqamlardan biri ali təhsil müəssisələrinin əyani təhsilə keçməsi ilə bağlı səsləndirilən tələblər olub. E.Əmrullayev bildirib ki, bu, istək yox, mümkünlük məsələsidir. “Biz daha çox pandemiyanın dinamikasını izləyirik və ilkin mümkün vəziyyətdə çalışırıq ki, dərsləri bərpa edək",- nazir əlavə edib: “Distant təhsil hazırda bizim müəyyən mənada edəcəyimiz seçimdir. Çalışırıq ki, daha çox şagirdin təhsilinin davamlılığını təmin edək”.

O, eyni zamanda bir çox valideynlərin narazılığına səbəb olan summativ qiymətləndirilmələrə verilən məhdud vaxtdan şikayətlənib. Deyib ki, böyük summativ qiymətləndirmədə 20 suallıq tapşırıqlara 20 dəqiqə vaxtın verilməsi düzgün deyil və distant formada aparılan qiymətləndirmə 60 dəqiqə olaraq müəyyən olunub: “Xahiş edirəm ki, bu məsələni müəllimlərimiz nəzərə alsınlar”.

Nazir gələn suallar əsasında müəllimlərin maaşına da toxunub. Bildirib ki, ötən dövr ərzində müəllimlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Onun sözlərinə görə, bir həftə bundan əvvəl əmək fəaliyyətinə başlayan və ondan sonrakı 3 il müddətində həmin və ya digər kənar rayonların təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə verilən kompensasiyanın məbləği təxminən 50 faiz artırılıb, 60 manatdan 90 manata qaldırılıb: “Fevralın 5-dən isə daimiləşmə əmri olacaq. Həmin o kompensasiya artımı nəzərə alınmaqla müəllimlərə veriləcək”.

Canlı yayında açıqlanan ən mühüm məsələlərdən biri isə Vətən müharibəsində şəhid olan şəxslərin ali təhsil müəssisələrində təhsil alan ailə üzvlərinin təhsil haqqının ödənilməsi olub. Nazir deyib ki, bu günə qədər Vətən müharibəsində şəhid olan şəxslərin ali təhsil müəssisələrində təhsil alan 35 nəfər ailə üzvlərinin – bacı, qardaş, həyat yoldaşının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri təmin olunub: “Bu istiqamətdə bir neçə addım atılıb, “YAŞAT” Fondu yaradılıb. Biz də müəyyən qərar layihələri hazırlamışıq. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addım atılacaq”.

resize.jpg (39 KB)

Təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın təhsil nazirinin “Facebook” sosial şəbəkəsi vasitəsilə səslənən suallara cavab verməsi müasirlik və şəffaflıq baxımdan olduqca mühüm hadisədir. Onun fikrincə, müasir alətlər, müasir texnika bu cür ünsiyyət vasitələrini daha mütləq edir: “Ümumiyyətlə, bu təcrübəni mütəmadi etmək lazımdır. İnformasiya əlçatanlığı baxımdan uğurlu addımdır. Hesab edirəm ki, davamlı olmalıdır. Ən azı həftədə bir dəfə olmalıdır. Təhsil ölkədə hər 10 nəfərdən ikisinə aid olan sahədir. Hamını maraqlandırır və hamını narahat edən suallar, məqamlar var bu sahədə”.
K.Əsədov bildirdi ki, təhsil nazirinin çıxışını bir neçə hissəyə bölmək olar. Onlardan birincisi fevralın 1-dən etibarən ibtidai siniflər və məktəbəhazırlıq siniflərində tədrisin bərpa olunacağıdır. Onun fikrincə, bu məsələdə yoluxma faizi olduqca vacib məqamdır: “Müəllimlərin işə qəbulu, yerləşdirilməsi ilə bağlı mövzuda da cavablar olduqca əsaslandırılmış idi. Amma bu yayında mənim ən çox diqqətimi çəkən məsələ nazirin təhsil prosesi ilə bağlı məsələlərdə təkliflərlə çıxış etməsi oldu. Mövqeyi açıqdır və bunu direktorların işə qəbulu ilə bağlı etdiyi təklifi açıq şəkildə göstərirdi. Hətta direktorların işə qəbul prosesinin “Facebook” vasitəsilə açıq keçirilə biləcəyini də dedi. Bu yeniliyi müsbət qiymətləndirirəm”.
Müsahibimiz hesab edir ki, 1 saat yarım canlı yayın etmək böyük bir məsuliyyətdir. Onun sözlərinə görə, yayın zamanı texniki işçilərin nazirə insanların suallarını sistemləşdirib təqdim etməsi də yayını daha məhsuldar edirdi: “Bu, yeni mərhələdir. Keyfiyyətli təhsil sisteminə bu cür yeniliklərlə nail olmaq mümkündür. Canlı yayınlar, informasiya mübadiləsi davam etməlidir”.
K.Əsədov təklif edir ki, bundan sonra canlı yayınların daha çox diqqət görməsi üçün yeniliklər etmək lazımdır. Bunlardan biri də canlı yayına kimlərinsə əlavə qoşulmasıdır. Müsahibimizin fikrincə, nazir müavinləri, nazirliyin digər şöbələrinin nümayəndələri də canlı yayına çıxmalı, insanların verdiyi sualları cavablamalıdılar.