ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Ukrayna ərazilərinin (Krım və Donbasın bir hissəsi) işğalına görə Qərbin Rusiyaya qarşı sanksiyalarını dayandırmayacağını bəyan edib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton bununla bağlı 7 ildir eyni mövqeyi sərgiləyir.
“Biz, yəni ABŞ, onun müttəfiq və tərəfdaşları sanksiyalarla bağlı təzyiqləri azaltmaq niyyətində deyilik. Həm Almaniya, həm də Fransa problemin Ukrayna dövləti və onun xalqı üçün ədalətli olan həllində maraqlıdır”,-deyə o qeyd edib.
Ukraynada isə Donbasla bağlı ümidsiz sədalar daha çox gəlməkdədir. Ölkənin tanınmış hərbi ekspertlərindən polkovnik Oleq Jdanov rəsmi Kiyevin Donbas üzrə bütün kompromis variantları tükətdiyini söyləyib.
“Bizim qarşımızda “pis” və “çox pis” ssenari dayanıb. “Pis ssenari Ukraynanın Minsk razılaşmalarından çıxdığını və onun yerinə yetirilməsinin mümkün olmadığını bəyan etməsidir. Bundan daha betər isə Minsk sazişinin tam icrası və Ukraynanın Rusiyanın tərkində İttifaq dövlətinə daxil olmasıdır.
Oleq Jdanovun fikrincə Donbas münaqişəsi bu il də dondurulmuş vəziyyətdə qalacaq.
