|
Rusiya və İrandan yarımayan Ermənistan Hindistana boylanır

“Üç tərəfli anlaşma Ermənistana qarşı çıxarılmış ölüm hökmüdür”

Erməni alimi Azərbaycan-Türkiyə-Pakistan strateji ittifaqına qarşı Ermənistan-Hindistan strateji alyansını yaratmağı təklif edir. O yazır ki, Türkiyə Kəşmir məsələsində Pakistana dəstək verir, bu yaxşılığın əvəzində isə rəsmi İslamabad Türkiyənin Cənubi Qafqazda və Qərbi Asiyada yeritdiyi siyasətə yardım göstərir. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer alır. Ancaq Pakistan yeganə ölkədir ki, Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edir. Bütün bunları erməni müəllif yazır. Biz isə onu da əlavə edək ki, müsəlman həmrəyliyindən çıxış edən Səudiyyə Ərəbistanı da Ermənistanı dövlət kimi tanımır. Ancaq ölkənin kralı arada-sırada Ermənistana təbrik məktubları göndərir.

Yuxarıda diqqətinizə çatdırdığımız fikirlərlə Yeghia Tashjian çıxış edir. Kimdir o? Region üzrə analitikdir, araşdırmalarla çıxış edir. Livan ermənisidir. Beyrutdakı Amerika Universitetində ictimai siyasət və beynəlxalq məsələlər üzrə təhsil alıb. Daşnak məfkurəsində olan birisidir. Təsadüfi deyil ki, ultra-millətçi baxışları ilə tanınan “Vanın səsi” adlı radioda “Türkiyə bu gün” adlı veriliş aparır. Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına haqq qazandırmaqla məşğuldur.

1602042972_pashinyan.jpg (52 KB)

İkinci Qarabağ savaşında biabırçı məğlubiyyətlə üzləşən Ermənistanda hazırda iki əsas düşüncə ortadadır. Baş nazir Nikol Paşinyanın da yer aldığı yanaşmaya görə, Ermənistan Türkiyə və Azərbaycanla anlaşmaq zorundadır, çünki erməni dövlətinin və xalqının maraqları bunu tələb edir. İkinci yanaşma isə revanşistlərə məxsusdur. Onlar erməni xalqını Azərbaycan və Türkiyəyə qarşı yeni müharibəyə səsləyirlər. Biabırçı məğlubiyyətə baxmayaraq, Ermənistanda Türkiyə və Azərbaycanla anlaşmaya meylli olanlar daha çoxdur.

Yeghia Tashjian qisasçılar sırasındadır. Onun yazdıqlarının təhlili bir daha Türkiyə və Azərbaycana düşmən olan ermənilərin çıxılmaz vəziyyətdə olmasından xəbər verir.

“Ermənistan və Hindistan Türkiyə-Azərbaycan-Pakistan birliyinin getdikcə güclənməsindən narahatdır. Birgə narahatlıq onların bir araya gəlməsini şərtləndirir”,-deyə erməni analitik yazır.

O vurğulayır: “Ankara və Bakı pan-türkçü əhval-ruhiyyədədir. Bu isə Hindistana və onun xalqına təhlükə sayılmalıdır. Xüsusən, Ankara pan-İslamçı və pan-Türkçü xəyallarla yaşayır. Bütün türk xalqlarını, o cümlədən Orta Asiyanı bir dövlətdə birləşdirmək arzusundadır. Bu isə Hindistanın milli maraqlarına və ərazi bütövlüyünə təhlükə deməkdir”.

bb5649a003dc83db835f4e964cb3b9c7.jpg (96 KB)

Ümumiyyətlə, erməni millətçilərinin əsas arqumenti budur ki, biz Ermənistan olaraq Turan dövlətinin yaranmasının qarşısını alırıq. Buna görə də az qala bütün dünya, o cümlədən Rusiya, İran, ABŞ, Avropa Birliyi, Çin, Hindistan... bizə minnətdar olmalıdır. Və bu minnətdarlıq maddi və mənəvi dəstək şəkilində Ermənistana ödənilməlidir.

Erməni analitik xatırladır ki, Nikol Paşinyan bir neçə dəfə Kəşmir məsələsində Ermənistanın Hindistanın yanında yer aldığını bəyan edib. Hindistanın Baş Naziri Narendra Modiyə təklif edib ki, iki ölkə arasında iqtisadi və siyasi əlaqələri gücləndirmək lazımdır. Ermənistanla Hindistanın siyasi əlaqələri nə dərəcədə ciddidir? Bu suala müsbət cavab vermək çətindir. İqtisadi əlaqələr isə... Ermənistan Hindistandan dörd “Swathi” kontrbatareya radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib. Bu haqda “The Times of İndia” nəşri bildirir. Məlumata görə, sövdələşmənin dəyəri təxminən 40 milyon dollar civarındadır. Erməni analitik də iki ölkə arasında olan iqtisadi əlaqələrdən danışarkən, bu sövdələşməni vurğulayır. Təbii qarşılamaq lazım gəlir. Çünki ortada bundan başqa elə bir şey yoxdur...

Bəs, Ermənistanla Hindistanın siyasi əlaqələrini gücləndirmək üçün nə etmək lazımdır? Yeghia Tashjian bu suala birmənalı cavab verir: “Hindistan Osmanlı Türkiyəsində erməni soyqırımının baş verdiyini rəsmən tanımalıdır”.

Deyək ki, Hindistan məsələsi erməni millətçiləri üçün təzə söhbət deyil. “The Times of İndia” qəzeti bir neçə dəfə Türkiyə-Azərbaycan-Pakistan birliyi haqqında yazıb və hökumətə təklif edib ki, bu birliyə qarşı Hindistan müəyyən siyasi gedişlər etməlidir. Ən yaxşı gediş isə Hindistanın Türkiyəyə düşmən olan Yunanıstan, Kipr və Ermənistanla yaxınlaşması ola bilərdi. Təbii ki, bu kimi yazıları erməni analitiklər də izləyirlər. Məhz bu kimi yazılara istinadən Ermənistan-Hindistan strateji müttəfiqliyi kimi utopik fikirlər irəli sürülür.

Kiçik bir haşiyəyə çıxaraq qeyd edək ki, Hindistanın indiki ərazisinin ən azı 90 faizi 300 ilə qədər Moğol imperiyasının əsarəti altında olub. Əmir Teymurun nəvələrinin qurduğu bu möhtəşəm türk imperiyası Böyük Britaniya ilə savaşdan sonra Hindistanı əldən verib. Ancaq əsasən Hinduizmə etiqad edən Hindistanın simvolu türk-müsəlman abidəsi olan Tac-Mahal məscididir. Üstəlik, Hindistanda 200 milyon nəfərdən çox müsəlman yaşayır. O müsəlmanlar isə həm də moğol imperiyasının irsinin daşıyıcıları kimi ortadadırlar. Hindistanda isə moğol memarlıq abidələrinin sayı-hesabı bilinmir. Bu kimi amillər-300 illik türk keçmişi Hindistanı həqiqətən də narahat edir. Ermənistan da bu narahatlıq üzərində siyasət yürütməyə çalışır. Başa düşüləndir. Ancaq Ermənistanın Hindistan cəbhəsində uğur qazanacağı əlçatmaz görünür. Ən azı ona görə ki, bu ölkələr fərqli çəki dərəcələrində çıxış edirlər.

 

Yeghia Tashjianın bu məqaləsi həm də ortaya xeyli suallar çıxarır. Bəllidir ki, tarixən Ermənistanın əsas müttəfiqi Rusiya və İran olub. Ancaq İkinci Qarabağ savaşı göstərdi ki, heç onlar da dar ayaqda Ermənistana sahib çıxa bilmədilər.


Yeghia Tashjianın başqa bir məqaləsində Ermənistan-İran münasibətlərindəki incəliklərə toxunur. Təəssüflə qeyd edir ki, tarixən İran Türkiyə və Rusiya ilə bərabər Cənubi Qafqazda söz sahibi olmaq uğrunda rəqabət aparıb. Ancaq son Qarabağ müharibəsində İran heç cür Ermənistanı müdafiə edə bilmədi. İran İsrail ilə Azərbaycanın yaxın münasibətdə olduğunu bilir. Bu, İranın ürəyincə deyil. Ancaq İran düşündü ki, o, Ermənistana açıq dəstək versə, Türkiyə də açıq şəkildə müharibəyə qoşulacaq. Bu isə müharibənin uzanmasına gətirib çıxarardı. Belə bir vəziyyətdə Qərb İrana qarşı “azəri kartı”ndan istifadə edə bilərdi. Bu isə İranın şimalında vəziyyətin nəzarətdən çıxmasına səbəb olardı. Ona görə də İran sakit şəkildə qalibin yanında yer aldı və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Müəllif bildirir ki, Azərbaycanın işğal altındakı ərazilərində İran Ermənistanla əməkdaşlıq edirdi və bu əməkdaşlıqdan yararlanırdı. Azərbaycanlılar həmin əraziləri geri aldı və o ərazilərdə Azərbaycan bayrağı qaldırıldı. Bu isə İranda yaşayan azərbaycanlıların arasında coşqu yaratdı. Milli düşüncəyə təkan verdi. İranın dini lideri “Qarabağ islam torpağıdır”, deyərək öz ərazisini işğaldan azad edən Azərbaycanı təbrik etdi: “Ancaq Türkiyə və Azərbaycandan fərqli olaraq İran Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çağırışlarını davam etdirir. İran hesab edir ki, üç tərəfli anlaşmadan sonra Qarabağ problemi dondurulub, yəni həllini tapmayıb”.

Eyni zamanda, Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin hər hansı bir formada dəyişdirilməsinin İran üçün “qırmızı xətt” olduğunu rəsmi Tehran tərəfindən xüsusi ilə vurğulanması erməni millətçilərinə qol-qanad verib. Qeyd etdiyimiz son iki məqama görə, Ermənistan İranın Azərbaycana tərəf çıxmasına, hətta işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək layihələrdə yer almasına da anlayışla yanaşmaq zorundadır. Müəllif onu da etiraf edir ki, Türkiyə və Azərbaycan İranı Qarabağ məsələsindən tamamilə təcrid etdilər. Üç tərəfli anlaşmanı isə məqalə müəllifi Ermənistana qarşı çıxarılmış ölüm hökmü kimi dəyərləndirir.

Yeghia Tashjian yazır ki, Türkiyə Cənubi Qafqazda öz nüfuzunu ciddi şəkildə artırdı. İran isə xeyli itkilər verməli oldu. Belə ki, əvvəllər Türkiyə öz mallarını həm də İran üzərindən Orta Asiyaya ötürürdü. Azərbaycan da Naxçıvan və Türkiyə ilə İran üzərindən əlaqə saxlayırdı. İndi bu əlaqələrə olan ehtiyac aradan qalxır. Türkiyə və Azərbaycan birbaşa Ermənistan üzərindən əlaqə saxlayacaqlar. Artıq yolların açılacağı barədə önəmli razılaşmalara imza atılıb. Beləliklə, Qarabağ Savaşından qalib çıxan Azərbaycan və Türkiyəyə qarşı mövcud olan İranın təzyiq vasitələri sıradan çıxıb. Türkiyənin Azərbaycanda hərbi baxımdan güclənməsi və Rusiyanın bölgəyə sülhməramlılar yeritməsi də İranda qıcıq doğurur.

Göründüyü kimi, hətta qisasçı ermənilər də etiraf edirlər ki, İran və Rusiya üçün Ermənistanı müdafiə etmək getdikcə çətinləşir. İşğal altındakı ərazilərin əldən çıxması Ermənistanı və Dağlıq Qarabağı çıxılmaz vəziyyətə salıb. Maddi baxımdan iflasla üzləşən ermənilər bu fəlakətdən qurtarmaq üçün hətta uzaq Hindistana belə ümidlə baxırlar.

Ermənilər Qərbdən də kömək gözləyirlər. Eyni zamanda Qərbi də erməniləri satmaqda ittiham edirlər.

Müəllif yazır: “2018-ci ildə “Məxməri İnqilab” baş verdi. Biz düşündük ki, bundan sonra hər şey yaxşı olacaq. Biz düşündük ki, mədəni və liberal Qərb, o Qərb ki, sülhə səsləyir, Azərbaycanın aqressiv davranışının qarşısını almaq üçün Ermənistanın yanında yer alacaq. Biz sadəlövh idik və elə bu səbəbdən də sonradan özümüzü satılmış kimi hiss etdik”.

Gördüyünz kimi, ermənilər heç cür başa düşə bilmirlər ki, Qərbin sürətli inkişaf dövrü yaşayan Türkiyə və Azərbaycanda da maraqları var. Və həmin maraqlar tənəzzüldə itib-batan Ermənistanda olan maraqlardan müqayisə olunmaz dərəcədə yüksəkdir. Elə bu səbəbdən də Qərb balaca Ermənistana görə xüsusi önəm daşıyan bu maraqları təhlükə altına atmaq fikrində deyil.

Elbəyi Həsənli, Sürix

Armenian Scholar Yeghia Tashjian Suggests An Armenia-India Strategic Partnership To Counter The Azerbaijan-Turkey-Pakistan Alliance | MEMRI

Iran and the Second Artsakh War: Has Tehran lost its leverage over the South Caucasus? (armenianweekly.com)

Russia and the Future Status of Shushi (By Yeghia Tashjian ‹ New Eastern Politics

How can Armenians overcome their national crisis? (By Yeghia Tashjian) ‹ New Eastern Politics