|
Türkiyə ilə Rusiyanı ayırmaq planı -

Politoloq  deyir  ki, yeni Ağ Ev administrasiyası Ankara-Rusiya əlaqələrinə zərbə vurmaq üçün iki ölkə arasında təxribatlar  edə bilər

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken deyib ki, ABŞ-ın yeni administrasiyasının əsas məqsədlərindən biri Türkiyənin Rusiya ilə yaxınlaşmasının qarşısını almaq və onun NATO üzrə aparıcı rollarda qalmasına şərait yaratmaqdır. Qeyd edək ki, Rusiya və Türkiyə əməkdaşlığı indi Bakının da ciddi marağında olan məsələdir. Xüsusilə Qarabağda bu iki ölkənin müharibə dövründə və ondan sonrakı dövrdə əməkdaşlığı bizim üçün mühümdür.

ABŞ-ın yeni administrasiyasının “ayırmaq” siyasətinin Bakıya hansı mənfi nəticələri ola bilər? Türkiyə ilə Rusiyanın münasibətlərini poza bilərlərmi?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ümumilikdə ABŞ-ın yeni prezidenti Baydenin Rusiyaya və Putinə, yumşaq desək, dost olmayan münasibətdə olduğu məlumdur. Bu mənada Bayden administrasiyasının buna uyğun siyasət yürüdəcəyi əvvəldən də gözlənilən idi. ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenin də səsləndirdiyi fikirlərə elə həmin siyasətin ilkin təzahürləri kimi baxmaq lazımdır: “Sirr deyil ki, ABŞ qarşıdakı illərdə prioritet vəzifə olaraq Rusiyanın həm siyasi, həm də iqtisadi cəhətdən zəiflədilməsi istiqamətində addımlar atacaq. Xüsusilə də Yaxın Şərqdə və keçmiş postsovet məkanında Rusiyanın təsir imkanlarının maksimum səviyyədə azaldılmasına çalışacaq. Bu səbəbdən də aydın məsələdir ki, ABŞ administrasiyasının NATO  alyansının aparıcı dövləti olan, həmçinin qeyd etdiyim regiona Alyansın digər dövlətləri ilə müqayisə olunmayacaq dərəcədə təsir imkanlarına malik olan Türkiyənin Rusiya ilə yaxınlaşmasına hər vasitə ilə mane olmağa çalışacağı gözləniləndir. Amma ABŞ yürüdəcəyi siyasətdə onu da nəzərə almalıdır ki, Türkiyənin son dövrlərdə Rusiya ilə məlum yaxınlaşması elə ABŞ-ın özünün son illərdə Türkiyəyə münasibətdə apardığı yanlış siyasətin nəticəsidir. Rusiya ilə Türkiyə arasında bir çox sahələrdə əməkdaşlıq artıq o qədər sıxlaşıb ki, onu pozmaq asan deyil”.

Bu, ermənilərə verilən çox ciddi mesajdır - Arzuxan Əlizadə

Arzuxan Əlizadə

A.Əlizadə hesab edir ki, ABŞ ən azından yuxarıda qeyd etdiyi səbəblərə görə, yəni Türkiyənin regiona təsir imkanlarını nəzərə alaraq bu dövlətə daha çox dəyər verməli, Türkiyədən yalnız öz məqsədləri üçün istifadə etmək siyasətindən əl çəkməlidir. Eyni zamanda ABŞ-ın yeni administrasiyası Rusiyanı zəiflətmək məqsədinə nail olmaq istəyirsə, bunun üçün ilk növbədə regionun aparıcı dövlətinə çevrilmiş Azərbaycana münasibətini də köklü surətdə dəyişməli, xüsusilə də Rusiyanın regionda forpostu olan Ermənistana dəstək verilməsinə son qoymalıdır: “Yalnız bu halda regionda yeni münasibətlər sisteminin formalaşmasına və bu kontekstdə Rusiyanın regiona təsir imkanlarının zəiflədilməsinə nail olmaq mümkündür.  Hazırda qonşu Ermənistan da daxil olmaqla, Türkiyə, Rusiya və Azərbaycan arasında yeni formatda əməkdaşlığın digər səbəblərlə yanaşı, regionda kommunikasıyaların açılması baxımından bu dövlətlərin ümumi maraqlarına xidmət etdiyi səbəbi ilə də mümkün olduğu məlumdur. Lakin hesab edirəm ki, Rusiya tərəfinin hər zamankı kimi əlahiddə ambisiyaları ucbatından bu əməkdaşlığın dayanıqlı olmayacağı istisna deyil. Hər bir halda, düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan və qardaş Türkiyə  birgə maraqlardan çıxış edərək hər iki dövlət üçün daha əlverişli əməkdaşlıq formatına üstünlük verəcəklər. Şübhəsiz ki, Türkiyə ilə Rusiyanın yaxın münasibətlərdə olması Azərbaycanın marağına bir çox hallarda cavab verir. O baxımdan da hesab etmək olar ki, bu iki dövlətin münasibətlərinin pozulması xüsusilə Qarabağ məsələsində və digər bir sıra məsələlərdə zərərimizə ola bilər. Ermənistanın isə xeyrinə işləyər”.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin erməni diasporunun maraqlarına uyğun Türkiyə və Azərbaycana qarşı siyasəti, bəyanatlar verməsi Cənubi Qafqazda Ankara-Moskva-Bakı formatına qarşı yönəlib: “Məhz Bayden administrasiyası çalışır ki, Türkiyə-Rusiya əlaqələrinə zərbə vurulsun, Ankara ABŞ-ın diqtəsi ilə hərəkət etsin. Məhz Baydenin növbəti illərdə əsas strategiyası Türkiyəni zəiflətmək olacaq. Ümumiyyətlə, Türkiyənin ABŞ-dan uzaqlaşması məhz Vaşinqtonun Ankaranın maraqlarını tanımamasından irəli gəlir. ABŞ Türkiyənin NATO  tərkibində güclü olmasında maraqlı deyil. Bayden, Entoni Blinken Ankara-Rusiya əlaqələrinə zərbə vurmaq üçün iki ölkə arasında yeni təxribatlar da edə bilərlər. Ankara-Moskva əməkdaşlığının pozulmasının mümkün olacağı gözlənilən deyil. Vaşinqton bunu bacarmayacaq. Çünki Rusiya və Türkiyə çox ciddi siyasi-iqtisadi və enerji, hərbi texniki sahələrdə əməkdaşlıq edir.  ABŞ Rusiya və Türkiyə əlaqələrini pozarsa, Azərbaycana qarşı mənfi nəticələri ciddi olmayacaq. Azərbaycan artıq ərazilərini işğaldan azad edib. Azərbaycana qarşı erməni lobbisinin himayəsi altında destruktiv fəaliyyət Vaşinqtonun öz maraqlarına zərbə vura bilər". Ekspertin fikrincə, regionda yeni formalaşan geosiyasi-geoiqtisadi nizam Ankara-Moskva əməkdaşlığını labüd edib. Məhz Vaşinqtonun Ankaraya qarşı mənfi siyasəti nəticəsində Moskva-Ankara əməkdaşlığı yeni müstəviyə daxil olub. Artıq Türkiyənın ABŞ-a ehtiyacı yoxdur, ABŞ-ın isə Türkiyəyə ehtiyacı var".