MHP liderinin Üzeyir Hacıbəylinin adına məktəb inşa etdirmək arzusu dövlət tərəfindən müsbət qəbul edildi; tanınmış təhsil adamlarının reaksiyaları
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin Şuşada məktəb tikdirmək təşəbbüsü müsbət qarşılanıb. “Yeni Müsavat”ın məlumatına görə, MHP sədrinin təklifi Azərbaycan dövləti tərəfindən xoş niyyət kimi qəbul edilib.
D.Bahçeli bildirib ki, Şuşada tikdirəcəyi məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adını verməyi nəzərdə tutub.
“16 yanvar 2020-ci il tarixində sosial şəbəkə vasitəsilə bir açıqlama vermişdim. Demişdim ki, əgər Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin icazəsi olarsa, şəxsi göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu olaraq, Şuşada doqquz siniflik məktəbin tikilməsi hədəfimizdir”, - deyə MHP lideri qeyd edib.
Onun sözlərinə görə, məktəbin təməlinin 30 yanvar 2021-ci il tarixində qoyula biləcəyini söyləyib:

“Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qarşılıqlı razılıq və təsdiqi ilə Şuşada məktəb tikmək layihəmiz uyğun görülüb. Prezidentlərimizə həssaslıqlarına görə təşəkkür edirəm. Proses və layihənin bütün mərhələləri barədə onlara məlumat veriləcək. Şuşada məktəb tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təslim ediləcək.
Qarşıdakı günlərdə əməkdaşlarımızı Şuşaya göndərəcəyik. Məktəbin harada tikiləcəyi müzakirə ediləcək. Məktəb tikintisi üçün ərazi müəyyən edildikdən sonra təməli qoyulacaq".
Çıxışı zamanı MHP sədri həmçinin Şuşada tikiləcək məktəbin ilkin eskizlərini də nümayiş etdirib. Bu təşəbbüs Azərbaycanda da rəğbətlə qarşılanıb.
Qardaş ölkənin partiya liderinin belə bir ideya ilə çıxış etməsi, Şuşada təhsilə töhfə vermək niyyəti son dərəcə sevindirici haldır. Eyni zamanda həmin məktəbin müəllimlərinin də bir qisminin türklərdən təşkil olunması üçün səy göstərilməsinə ehtiyac var.

Deputat, təhsil mütəxəssisi Etibar Əliyev “Yeni Müsavat”a bildirdi ki, bu addımı çox müsbət qarşılayır: “Bahçelinin bu ideyası gözəldir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə məktəblərin, peşə məktəblərinin, kolleclərin açılması ilə müəllimlərin, şagirdlərin cəlb olunmasına böyük həvəsi yarana bilər".
E.Əliyev qeyd etdi ki, azad olunmuş rayonlarda kitabxanaların olması da çox vacibdir: “Kitab işini bilən kimi bu layihəyə məmuniyyətlə qoşula bilərəm. Həmçinin Qarabağda məktəblər fəaliyyətə başlayanda bir təhsil işçisi kimi orada çalışmağa hazıram. Düşünürəm ki, müəllimlər də bu təşəbbüsə həvəslə qoşulacaqlar".
Təhsil eksperti, müəllim Kamran Əsədov da vurğuladı ki, bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin məktəb açması olduqca müsbət bir addımdır. Onun sözlərinə görə, müasir beynəlxalq əlaqələrdə təhsil sisteminin güclü rolu var: “Bu nöqteyi-nəzərdən Türkiyənin Şuşada məktəb açması burada yeni təhsil mühiti yaradacaq. Digər tərəfdən isə Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var".

K.Əsədov dedi ki, mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet, orta məktəb yarada bilər: “Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Belə ki, Bakıda, “Ağ şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bu tipli bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb.
İnanıram ki, Azərbaycan-Türkiyə birgə məktəbin yaradılmasına ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Türk məktəbinin Qarabağda olması həmdə simvolik olaraq müsbət xarakterizə olunur.
Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, mənə orada işləmək təklif olunsa, qəbul edəcəm və böyük zövqlə gedib işləyəcəm".
