Yeganə Hacıyeva: “Avropa Məhkəməsi bəzi aktivistlər və siyasətçilər üçün mövsümi qazanc imkanları yaradan təsisat kimi fəaliyyət göstərir”
Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olmasından 20 il keçdi. Dünyanın tanınmış beynəlxalq təşkilatlarından biri olan bu quruma üzv olmağımızın ölkəmizə nə verdiyi barədə fərqli fikirlər var. Müxalifətçilərin bir çoxu iddia edir ki, Avropa Şurasına üzv olduqdan sonra keçən illər ərzində ölkədə demokratiya sahəsində geriləmələr olub və AŞ bu məsələdə ciddi bir iş görə bilməyib. İqtidar təmsilçiləri isə Avropa Şurasına üzvlüyümüzün Azərbaycanın dünyada nüfuzunu artırdığını, Azərbaycanın bu qurum vasitəsilə yeni tribuna qazandığını deyirlər. Eyni zamanda Avropa Şurasının bəzi hallarda ədalətsiz mövqe ortaya qoyduğu və dişsiz beynəlxalq qurum olduğunu iddia edənlər var.
Müstəqil siyasi ekspert Yeganə Hacıyeva hesab edir ki, Avropa Şurasına üzvlük Azərbaycana lazım idi və bunun müsbət nəticələri olub: “Avropa Şurasının Azərbaycanla münasibətlərinin nəticəsi kimi Azərbaycanda mətbuat üzərində senzura ləğv olunub, milli qanunvericiliyin təkmilləşdirilməsi, qanunvericilik, insan hüquqları və əsas azadlıqların təmin edilməsi ilə bağlı birgə layihələr həyata keçirilib. Avropa Şurasına tamhüquqlu üzv qəbul zamandan Azərbaycan AŞ-nin 55 konvensiyası və 8 hissəli sazişinə də qoşulub.
Avropa Şurası bir-biri ilə əlaqəli, lakin funksiyaları ilə fərqlənən iki təsisatdan - siyasi qurum olan Avropa Şurası Parlament Assambleyası və hüquqi qurum olan Avropa İnsan Hüquqları Məhkəməsindən ibarətdir.
Hər iki qurumla Azərbaycan əməkdaşlığını davam edir və qarşılıqlı öhdəlikləri mövcuddur.
Avropa Şurası Parlament Assambleyası qurumun 47 üzv dövlətinin siyasi qrup nümayəndələrindən formalaşan bir təşkilatdır. Formalaşdığı zamanlardan üzv dövlətlərin müxtəlif siyasi qrupların öz maraqlarını qurumun hesabına müdafiə edəcəyi, bu qədər geniş imkanlara malik olan təşkilatın imkanlarından öz maraqları üçün istifadə etmə cəhdləri gözlənilən və qaçılmaz idi".

Y.Hacıyeva qeyd etdi ki, son illər Avropa Şurası Azərbaycan da daxili bir sıra üzv dövlətlərlə problemlər yaşamaqdadır və buna əsas səbəb AŞ-nin dəyərlər və prinsiplərin müdafiəsi, öhdəliklərin yerinə yetirilməsində tətbiq etdiyi ikili standartlar və selektiv yanaşmadır: “Məsələn, Türkiyə, Azərbaycan, Rusiya, və s. ölkələrə münasibətdə bu baş verir. Məsələ ondadır ki, AŞ-nin problem yaşadığı üzv ölkələrlə əməkdaşlığı onların əhəmiyyətini artırır. Yəni Rusiya, Türkiyə və s. kimi ölkələrin üzvlüyündən imtinası zamanı AŞ, sadəcə, Avropa Birliyinin digər bir versiyasına çevriləcək.
Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə gəlincə, nailiyyətlərimizin səmimi dəyərləndirilməsi haqqında onlardan gözləntimiz olmayıb. Əvvəlki işbirliyi, qarşılıqlı fayda, ortaq bir məqsədə can atdığımız zamanlardakı uğurlara görə də yox, Avropa Şurasının özünün məram və məqsədi olan dəyərləri müdafiə etməməsi qurumun obyektivliyinin, ümumiyyətlə, mövcud olmasına şübhə salır".
Ekspertin sözlərinə görə, Azərbaycanda AŞ-nin geniş fəaliyyət göstərdiyi sahələrdən biri də cəmiyyət institutları idi və ilk illərdə bu institutlar Avropa Şurası ilə qarşılıqlı işlək mexanizmlərin formalaşmasında iştirak edirdilər: “Lakin Avropa Şurasının Azərbaycanda işlədiyi vətəndaş cəmiyyəti institutlarının seçim və fəaliyyət prioritetlərinin selektiv və qüsurlu olması bu fəaliyyəti demək olar ki, iflic etdi. Bir yerdə siyasi fəaliyyətlə cəmiyyət quruculuğu arasındakı sərhədi itirən bəzi QHT-lər indi, sadəcə, qrant dəllalları statusunda fəaliyyət göstərirlər. Birmənali olaraq Azərbaycanda bu zümrənin fəaliyyəti vətəndaş cəmiyyətinin Avropa Şurası strukturlarının işində məqsədyönlü iştirakını təşviq etmək deyil, növbəti qrant layihəsinin alınmasını bütün mümkün üsullarla təmin etmək məqsədi daşıyır. Avropa Şurasının yerli QHT-lərlə ən böyük problemi isə vətəndaş cəmiyyəti strukturlarının təmsilçiliyi, insan haqları müdafiəçiləri və müşahidəçilərinin işi ilə bağlıdır. Çünki məhz onların fəaliyyəti AŞ ilə üzv ölkələrin arasında narazılığın əsasını təşkil edir”.
Həmsöhbətimiz hesab edir ki, Avropa Şurasının Azərbaycanla bağlı ən narahatedici sahəsi isə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarıdır: “Uzun illərdir AİHM saxta ”sübutlar" əsasında cərimələrin kəsilməsi yolu ilə istər media, istər aktivistlər və siyasətçilər üçün mövsümi qazanc imkanları yaradan təsisat kimi fəaliyyət göstərir".
