Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıq bütün dünyanın diqqətini cəlb edib. Dünya mediası müntəzəm olaraq Azərbaycanın döyüş taktikası, istifadə etdiyi müasir texnologiyalar barədə materiallar dərc edir. Həmin materiallardan aydın olur ki, dünyanın ən böyük, ən güclü ordularına malik dövlətlər Azərbaycanın müasir texnologiyalara əsaslanaraq tətbiq etdiyi üsul və vasitələri öyrənməklə məşğuldurlar. Azərbaycanın təcrübəsinin öyrənilməsi hazırda dünya hərb gündəmində olan məsələlərdən biridir.
Vətən müharibəsindən Azərbaycan da öz ordu quruculuğu üçün müəyyən dərslər çıxarmalıdır. Bu barədə Prezident İlham Əliyev hələ hərbi əməliyyatlar gedən dövrdə - oktyabrın 25-də keçirilən hərbi müşavirə zamanı məlumat verib: “Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.
Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər".
Azərbaycan Vətən müharibəsindən hansı dərsləri çıxaracaq? Ordu quruculuğunda hansı prinsiplərə üstünlük veriləcək? Torpaqlarımızın işğal altında olduğu dövrdə ölkəmiz hərbi qüvvələrə çoxlu sayda şəxsi heyət cəlb etməyə məcbur olmuşdu. Postmüharibə dövründə bu prinsipdən imtina edilərək, daha kompakt, daha peşəkar, müasir silahlarla təchiz olunmuş ordu quruculuğuna üstünlük verilməsi gözlənilirmi?

Şair Ramaldanov: “Yaxın gələcəkdə Azərbaycanda sırf peşəkar ordunun olması ilə bağlı qərar mütləq olacaq”
Polkovnik Şair Ramaldanovun fikrincə, 44 günlük müharibədə zəfər qazanıb ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ordusu düşməni darmadağın edib: “Müharibədən sonra hərbi əməliyyatların təhlili, nəticələrin qiymətləndirilməsi prosesi gedir. Buna görə də indi gələcəkdə ordu quruculuğunda hansı dəyişikliklər olunacağını dəqiq söyləmək mümkün deyil. Lakin aydın məsələdir ki, Vətən müharibəsinin, döyüşlərin, əməliyyatların təhlili nəticəsində müəyyən nəticələr çıxarılıb dəyişikliklərə gediləcək. Azərbaycan Ordusu bu gün demək olar ki, bütün heyəti döyüş təcrübəsi qazanmış ordudur, bu da çox vacib şərtlərdən biridir. Əlbəttə, bu gün təmas xətti yoxdur, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunub, dövlət sərhədləri tam şəkildə nəzarətə götürülüb. Dövlət sərhədi Sərhəd Xidmətinin nəzarətində olduğuna görə düşünürəm ki, gələcəkdə Sərhəd Xidmətinin silahlı qüvvələrinin tərkibinin genişləndirilməsinə nail olunacaq. Müdafiə Nazirliyinin hərbi qüvvələrinə gəlincə, hələlik Ermənistanla dövlət sərhədinin mühüm bir hissəsində bu qüvvələr hərbi xidmət aparacaqlar. Digər hərbi hissələr isə dövlət sərhədinə yaxın istiqamətlər üzrə dövlət sərhədinin təhlükəsizliyini gücləndirmək üçün dislokasiya olunacaqlar. Biz burada bir şeyi deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycanda sırf peşəkar ordunun olması ilə bağlı qərar mütləq olacaq. Müharibəyə başlayanda da Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyənləşdirən ixtisaslılar müddətdən artıq hərbi xidmət keçən (MAXE) peşəkar heyət idi. Yəni peşəkar heyətin 80 faizindən çoxu bu ixtisaslılardan ibarət idi. Bu isə peşəkar ordu quruculuğunun mühüm şərtlərindəndir. Eyni zamanda bu, o deməkdir ki, Azərbaycan Ordusunun döyüş hazırlığı proqramları, tədris üsulları düzgün istiqamətdə qurulmuşdu. Lakin gələcəkdə bu istiqamətdə də dəyişikliklərin olması istisna edilmir”.
Ordunun sayına gəlincə, ekspert bununla bağlı qərarların hərtərəfli düşünülərək veriləcəyi qənaətindədir: “Əlbəttə, sayla bağlı qərar Azərbaycanın hərbi təhlükəsizliyinin təmin olunması ehtiyacları nəzərə alınmaqla veriləcək. Biz, əlbəttə, müharibəni udmuşuq, amma düşmən hələ də sakitləşməyib. Düşməndə revanşist fikirlər, ideyalar hələ də üstünlük təşkil edir. Azərbaycanın daxilində Rusiya sülhməramlı qüvvələri var, Qarabağda ermənilər yaşayan ərazilər onların nəzarəti altındadır. Ona görə də düşünürəm ki, görəcək işlərimiz hələ çoxdur. Azad olunan ərazilərdə hərbi hissələrin qurulması, bazaların yaradılması və sair işləri də var. Ordu quruculuğu Azərbaycanda çox peşəkar, yüksək və müasir döyüş qabiliyyətinə, vasitələrinə malik ordunun, intellektual, bu silahlardan peşəkar istifadəni bacaran şəxsi heyətin formalaşdırılmasına gətirib çıxaracaq. Biz artıq bunun əsasını qoymuşuq, bəhrəsini Vətən müharibəsində gördük. Buna görə də yola davam etməklə daha böyük uğurlara imza atmaqda qərarlı olmalıyıq”.
Ş.Ramaldanov hesab edir ki, Azərbaycanda müdafiə sənayesinin yüksək inkişaf etdirilməsi də postmüharibə dövründə ordu quruculuğunun qarşısında duran vəzifələrdən biridir.

Ədalət Verdiyev: “Silahlı Qüvvələrin daha kompakt, daha çevik reaksiyaya malik qüvvələrlə əvəzlənməsi mümkündür”
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Azərbaycanda müharibədə düşmənə qarşı istifadə olunan silah-sursat sistemlərinin yenidən alınması, Türkiyə və Pakistanla birlikdə milli silah istehsalının təşkili Azərbaycanın gələcək ordu quruculuğu planlarının bir hissəsi olacaq: “Ümumilikdə isə Ermənistanla sülh müqaviləsi imzalanarsa, bundan sonra Azərbaycanın həm hərbi doktrinasında, həm də ordunun say və silahlanmasında müəyyən dəyişikliklərin və yeniliklərin şahidi ola bilərik. Təbii ki, döyüş əməliyyatları bitdikdən, Qarabağ münaqişəsi məntiqi sonluğuna çatdıqdan sonra Azərbaycanın hazırda mövcud olan sayda silahlı qüvvələr saxlamasına ehtiyac olmaya da bilər. Bu zaman hazırda kifayət qədər geniş tərkibə malik olan silahlı qüvvələrin daha kompakt, daha çevik reaksiyaya malik olan qüvvələrlə əvəzlənməsi mümkündür. Ştat və silahlanma ilə bağlı həyata keçiriləcək dəyişikliklər, Azərbaycanın qismən kompakt, lakin keyfiyyətcə daha üstün döyüş imkanlarına malik silahlı qüvvələr əldə etməsinə gətirib çıxaracaq”.
