Ekspert: “Siyasi sabitlik, hərbi təhlükəsizlik investisiyanın qlobal səviyyədə hərəkəti üçün mühüm faktorlardan biridir, amma”...
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında zavodların təməlqoyma mərasimində iştirak edərkən Azərbaycana xarici investisiyaların cəlbi məsələsindən danışıb.
O bildirib ki, Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması xarici investisiyaların cəlbi üçün vacib olan təhlükəsizlik amilini gücləndirib: “Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq”.
Pezident həmçinin qeyd edib ki, ölkədə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır: “Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq.
Ona görə ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.
![]()
Qeyd edək ki, 2015-ci ildən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmində qeydə alınan azalma 2019-cu ildən artımla əvəz olunub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları 4,3 milyard dollar təşkil edib. 2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,1 milyard dollar təşkil edib. Beləliklə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 4,9 faiz artıb.
2019-cu il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 78,3 faizi neft-qaz sektorunun payına düşüb. İl ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 930,1 milyon dollar (azalma 3,8 faiz), xüsusi çəkisi 21,7 faiz təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3 milyard 39,5 milyon dollar təşkil edib. Nəzərə alsaq ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2 milyard 669,8 milyon dollar təşkil edib, aydın olur ki, 2020-ci ilin hesabat dövründə birbaşa xarici investisiyaların həcmi 27 faiz artıb.
Hesabat dövründə birbaşa xarici investisiyaların 85,3 faizi (2019-cu ilin üç rübü ərzində 84,2 faizi) neft-qaz sektorunun payına düşüb.
2020-ci ilin 9 ayı ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 497,1 milyon dollar (artım 18 faiz), xüsusi çəkisi 14,7 faiz təşkil edib.
Azərbaycan iqtisadiyyatına xarici investisiyaların aktiv cəlbi üçün daha hansı amillərə ehtiyac var? İşğaldan azad olunmuş ərazilərə xarici investisiyaları yönəltmək üçün hansı şərtlər təmin olunmalıdır?

Suallara cavab verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, investisiya mühitindən danışanda məsələyə bir neçə aspektdən baxılmasında fayda var: “Əlbəttə, siyasi sabitlik, hərbi təhlükəsizlik investisiyanın qlobal səviyyədə hərəkəti üçün mühüm faktorlardan biridir. Buna görə də Qarabağda dayanıqlı sülhün əldə olunması qeyd edilən istiqamətdə, müəyyən qədər risklərin azalmasına gətirib çıxaracaqdır və bu, Azərbaycanı daha əlverişli investisiya məkanına çevirə bilər. Təbii ki, dayanıqlı sülhün əldə olunması burada mühüm faktor olacaq və bu da proseslərin növbəti inkişaf mərhələsində aydın olacaq. Amma bütün bunlarla yanaşı, daha bir sıra mühüm amillər var ki, bunlar investisiyanın olmazsa olmazıdır. Dəfələrlə biz qeyd etmişik: Azərbaycanın sərhəddən, döyüş bölgəsindən uzaqda yerləşən ərazilərinə belə xarici investorların marağının az olduğunu müşahidə edirik. Bu maraq xüsusilə qeyri-neft-qaz sektoruna daha azdır. Və bunun da əsas səbəbi Azərbaycanda mövcud olan biznes və investisiya mühitidir. Baxmayaraq ki, qlobal indekslərdə Azərbaycan müəyyən üstün mövqelər tutur, bəzi hallarda inkişaf etmiş ölkələrdən belə daha yaxşı mövqelər tutur, amma ölkənin qeyri-neft iqtisadiyyatına gələn investisiyanın, o cümlədən xarici investisiyanın həcmi əhəmiyyətli səviyyədə digər ölkələrlə, həmçinin rəqib region ölkələri ilə müqayisədə qat-qat aşağıdır”. Ekspertə görə, bunun əsas səbəbi real vəziyyət, real biznes mühitidir: “Müdaxilələrin olması, konservativ iqtisadi siyasətin həyata keçirilməsi, iqtisadiyyatda inhisarçılığın və məmur biznesinin olması, məhkəmə sisteminin müstəqilliyinin təmin edilməməsi, qanunverici orqanın özünün iqtisadiyyatda iştirakçılıq üçün müvafiq institutsional gücə sahib olmaması və sair bu kimi məqamlardır. Qeyd edilən istiqamətlərdə ciddi addımlar atılmasa, fundamental dəyişikliklərə gedilməsə, institutsional, siyasi, iqtisadi islahatlar paralel aparılmasa, biz strateji yol xəritələrinin effekti kimi nəticələr əldə edəcəyik. Necə ki, o xəritələr Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının artması deyil, azalması ilə müşayiət olundu, eyni proses növbəti mərhələlərdə yenidən təkrarlana bilər. Xüsusilə nəzərə alsaq ki, qlobal səviyyədə postpandemiya dövründə xarici investisiya istiqamətində rəqabət əhəmiyyətli dərəcədə güclənəcəkdir. Bu o deməkdir ki, rəqib ölkələr daha əlverişli şərtlər təklif edəcək və bu şərtlər qarşısında Azərbaycan öz kartlarını təklif etməsə, öz daha güclü stimullarını, müdafiə mexanizmlərini irəli sürməsə, ölkəyə birbaşa xarici investisiya qoyuluşunda ciddi dəyişikliyə nail olunmayacaq”.

R.Həsənov deyir ki, postpandemiya, postmüharibə dövründə Azərbaycan tamamilə yeni iqtisadi siyasət strategiyası işləməlidir: “Bu strategiya olacaqsa, Azərbaycan xarici iqtisadi bloklara üzv olacaqsa, eyni zamanda bayaq qeyd etdiyimiz istiqamətlərdə yeni mühit formalaşdıracaqsa, onda biz xarici investisiyaların cəlbində böyük nailiyyətlər əldə edə biləcəyik”.
İşğaldan azad olunmuş əraziləri xarici investorlar üçün cəlbedici olması ortaya qoyulan bərpa modelindən asılı olacaq: “Burada hökumət dövlət-özəl tərəfdaşlığını təmin etmək üçün ciddi addımlar atmalıdır. Yəni tik-idarə et-təhvil ver modelini səmimi şəkildə tətbiq edəcəksə, bütün bunlar biznes mühitin təkmilləşdirilməsi, fundamental dəyişikliklərlə müşayiət olunacaqsa, xarici investorlar Qarabağın bərpasında həvəslə iştirak edəcəklər. Nəticədə biz bərpa prosesini daha az vaxta, dövlətin daha az xərci ilə həyata keçirmək, bu istiqamətdə beynəlxalq əməkdaşlığanail olmaq imkanı əldə edəcəyik. Əks halda, bu sadaladıqlarımın heç birini müşahidə edə bilməyəcəyik”.
