Böyük Qayıdış üçün ilk öncə hansı addımlar atılmalıdır?
Moskva görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın keçmişə yox, gələcəyə baxması, işğaldan azad etdiyi torpaqlarda meqalayihələrin hazırlanmasına start verməsinu bütün dünyaya bəyan etməsidir. Moskvada qəbul olunan 3-lü yeni bəyanat da ölkəmizin bu istiqamətdəki niyyətlərinə cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyev Qərb dünyasının, xüsusən ABŞ-ın yeni administrasiyasının məsələyə müdaxil olmasına qədər müəyyən məsafənin alınması, qərar və anlaşmaların qəbul olunaraq, imzalanması taktikasını yürütməkdədir. Moskvada qəbul olunan və imzalanan bəyanat Azərbaycanın azad etdiyi torpaqların vasitəsilə Şimal-Cənub dəhlizinin və kommunikasiyaların açılmasını, hər hansı bir iqtisadi layihəyə start verilməsini ehtiva edir. Yəni həm Ermənistanın daxilindəki revanşist güclərin, həm erməni diasporunun, həm də gizli xristian klubu ölkələrinin revanş şanslarını minimuma endirərək, niyyətlərini sürətlə həyata keçirməyə çalışmaqla yanaşı, Rusiya və Türkiyəni prosesin qarantor dövlətlərinə çevirərək irəliyə doğru ciddi bir sıçrayış edir Azərbaycan.
Sözsüz ki, bu cür mühüm gedişatın əsas müşayiətçi hissəsi dinc əhalinin Qarabağa qayıtmasıdır. Bu baxımdan, hətta dinc erməni əhalisinin Xankəndinə daşınması belə Azərbaycanın strateji maraqlarına tərs gəlmir. Dinc əhali - sözsüz ki, Qarabağın sakinləri olanlar - nə qədər çox gəlirsə, Ermənistandakı revanşistlərin şansı o qədər azalır. Həmçinin bu halda müharibə ehtimalları minimallaşır. Lakin bütün bunları Azərbaycan əhalisinin də geriyə, öz yurdlarına qayıtması müşayiət etməlidir. Bu, qürurla Böyük Qayıdış deyilən prosesin özü olacaq! Hazırda əldə etdiyimiz məlumata görə, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı üzrə konsepsiyanın ilkin versiyası hazırlanıb. Görünən budur ki, rəsmi Bakı ilk öncə Şuşa şəhərini məskunlaşdıracaq. Hazırda Şuşada bütün mülkü qurumlarımızın işçi heyətləri gecə-gündüz çalışmaqdadır. “Yeni Müsavat”ın aldığı məlumata görə, hazırda qala-şəhərdə 30-dan yuxarı dövlət qurumunun təmsilçiləri var. Şuşa şəhərinin baş planının hazırlanması üzərində də intensiv iş gedir. Ondan sonra isə İranla dövlət sərhədimiz boyunca yerləşən yaşayış məntəqələrimizin qurulması və məskunlaşdırılması prosesinə start veriləcək. Beləliklə də Azərbaycan gündəmində olan Böyük Qayıdış prosesinə bütün dövlət və millət qoşulacaq. Beləcə, müzəffər Ordumuzun sayəsində torpaqları düşməndən aldıq, lakin reallıq budur ki, erməni vandallar Qarabağımızı xaraba qoyublar. İndi bütün dünyaya göstərməliyik ki, Azərbaycanla Ermənistanın fərqi nədədir və Qarabağa öz sahibləri qayıdanda xarabalıqlar necə də inşaat sahəsinə dönür. Böyük Qayıdış prosesi, öz yurd yerlərinə 30 il sonrakı dönüş prosesi və vətəndaşlarımızın Qarabağda rahat yaşaması insanları təşviq etmə proqramları ilə də müşayiət olunmalıdır. Heç şübhəsiz ki, 30 il ərzində həyatını yenidən qurub, müəyyən sistem yaratmış qarabağlılar qayıtdıqları yurd yerlərində normal insan kimi yaşamaq imkanına sahib olmalıdırlar. Bəs bütün bunlar üçün ilk öncə nələr lazımdır, sualı da aktualdır. Bizdə olan məlumata görə, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunacaq. Lakin daha nələr edilməlidir?
Deputat, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin təmsilçisi Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında Böyük Qayıdış üçün qarşıya qoyulmuş mühüm vəzifələrdən bəhs etdi: “Azərbaycan hazırda postkonflikt dövrünü yaşayır. Qarşıda mühüm vəzifələr durur. İşğal olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması, ermənilərin vurduğu ziyanın qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi, infrastrikturun yaradılması istiqamətində işlər görülür. Məlum olduğu kimi, bölgəyə yolun, işıq və qaz xətlərinin çəkilməsi sitiqamətində işlərə artıq başlanılıb. Növbəti mərhələdə əhalinin normal yaşayışının təmin olunması üçün digər istiqamətlərdə işlərə başlanılacaq. İşin düzgün qurulması üçün hər bir şəhərin baş planları hazırlanır. İnsanların evlə təmin olunmasının plan üzrə getməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət vətəndaşların rahat yaşayışını təmin etmək üçün gərəkən bütün addımları atacaq. Buraya məktəb, bağça, xəstəxana və digər zəruri obyektlərin inşası da daxildir. Bu mənada bir neçə istiqamətdə işlər gedəcək”. C.Məmmədov qeyd etdi ki, bir sıra layihələri dövlət özü icra edəcək: “Bunun üçün dövlət büdcəsindən 2,2 milyard maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Ehtiyac yarandıqda əlavə vəsaitin ayrılması nəzərdən keçirilə bilər. Eyni zamanda bölgəyə xarici investisiyanın cəlb olunması planlaşdırılır. Burada əsas üstünlük müharibə dövründə Azərbaycan xalqının haqq işini dəstəkləyənlərə veriləcək. Türkiyə, Pakistan, İtaliya kimi Azərbaycanın yanında olan ölkələr nəzərdə tutulur. Hesab edirəm bərpa işində özəl sahənin nümayəndələri də fəal iştirak etməlidirlər”. Millət vəkili qeyd etdi ki, Qarabağın tez bir zamanda bərpası və dirçəldilməsi hər birimizin üzərinə düşən mühüm vəzifədir: “Hər birimiz bu istiqamətdə potensialımızı tam səfərbər etməliyik. Məlum olduğu kimi, bölgənin kənd təsərrüfatı, heyvandarlıq, sənaye və turizm potensialı böyükdür. Burada çox işlər görmək olar. Yeni əkin sahələrinin, sənaye və istehsal müəssisələrinin yaradılması kimi. Bir sözlə, qarşıda bu imkanlardan maksimum səmərəli istifadə etmək kimi mühüm vəzifələr durur. Hesab edirəm ki, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi nəzərdən keçirilə bilər. Belə olduğu təqdirdə bölgə həm daxili, həm də xarici investisiya üçün daha cəlbedici olacaq. Onu da qeyd edək ki, qısa müddətdə bərpa işlərinin görülməsi üçün Azərbaycanın kifayət qədər imkanları və təcrübəsi var. Həmçinin ortada Cocuq Mərcanlı və digər nümunələr mövcuddur. Azərbaycan qısa müddətdə burada infrastruktur yaratdı, məktəb, bağça, tibb məntəqəsi inşa etdi. Bu cür layihələr işğaldan 44 günlük Vətən müharibəsində azad edilmiş bölgələrdə də qısa müddətdə uğurla icra olunacaq”.
