|
Ötən ilin makroiqtisadi göstəriciləri, bu ilin planları

Dövlət Statistika Komitəsi 2020-ci ilin iqtisadi yekunlarına dair ilkin makroiqtisadi göstəriciləri açıqlayıb.  Göstəricilərdən aydın olur ki, 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu illə müqayisədə 4,3 faiz azalaraq 72 milyard 432,2 milyon manat təşkil edib.

Bu zaman qeyri-neft ÜDM-i 2,6 faiz azalaraq 50 milyard 792,5 milyon manat olub.

Əhalinin hər nəfərinə düşən ÜDM  2019-cu ildəki göstəriciyə nisbətən 5 faiz azalmaqla 7 262,8 manata bərabər olub.

Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 673,1 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,9 faiz çoxdur. İl ərzində dövlət büdcəsinin xərcləri 26 milyard 417,1 milyon manat təşkil etməklə, 2019-ci illə müqayisədə 8,2 faiz çox olub.

Beləliklə, ölkənin dövlət büdcəsinin kəsiri 1 milyard 744 milyon manat olmaqla ÜDM-in 2,4 faizini təşkil edib.

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 1,8 faiz azalaraq 55 milyard 726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 5 587,6 manatlıq gəlir düşüb ki, bu da illik ifadədə 2,5 faiz azdır.

İqtisadi göstəricilər sabitləşib: Risk sovuşubmu? –

2020-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 102,8 faiz təşkil edib. Qeyd edək ki, 2019-cu ildə inflyasiya 2,6 faizə bərabər olmuşdu.

2020-ci ildə Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 28,1 milyon manat vəsait yönəldilib. Statistika Komitəsi bildirir ki, bu, 2019-cu illə müqayisədə 8,3 faiz azdır.

Məlumata əsasən, bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 12,3 faiz azalaraq 11 milyard 148,4 milyon manat təşkil edib. Sərf olunmuş vəsaitin də 3 milyard 1,3 milyon manatı qeyri-neft sənayesinin payına düşüb və bu göstərici illik müqayisədə 12,1 faiz azalıb.

Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 40 milyard 166,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,3 faiz azdır.

2020-ci ildə nəqliyyat sektorunda yük daşınması 2019-cu ilə nəzərən 19,2 faiz, sərnişin daşınması 42,7 faiz azalıb.

2020-ci il 01 dekabr vəziyyətinə əhalinin banklardakı əmanətləri 7 milyard 908,2 milyon manat olmaqla 8,9 faiz azalıb.

2020-ci ildə cəmi iki sahədə artım qeydə alınıb. Bunlardan biri olan informasiya və rabitə xidmətləri 2 milyard 235,9 milyon manat təşkil etməklə 0,6 faiz artım nümayiş etdirib.

Kənd təsərrüfatında isə 8 milyard 428,9 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 2 faiz yüksək göstəricidir. Hesabata əsasən, ötən il kənd təsərrüfatının bitkiçilik sahəsində  məhsul istehsalı əvvəlki illə müqayisədə 0,8 faiz, heyvandarlıqda isə 3,1 faiz artıb.

Ötən il qeyri-neft ÜDM-nin iqtisadiyyatdakı payı 70,1 faizə bərabər olub, bu da son 10 ilin maksimum göstəricisidir.

Qeyd edək ki, onillik dövr ərzində bu göstəriciyə ən yaxın rəqəm 2015-ci ildə qeydə alınıb. Həmin il qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 69,3 faizə bərabər olub.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2021-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” sənədinə əsasən 2021-ci ildə ölkədə ÜDM istehsalı 75 milyard 752,7 milyon manata qədər artacaq, 2022-ci ilin yekunlarına görə isə demək olar ki, 2019-cu ilin səviyyəsinə (81 milyard 681 milyon manat) çataraq 81 milyard 308,5 milyon manat təşkil edəcək.

Uzunmüddətli proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in həcmi 86 milyard 471,4 milyon manat, 2024-cü ildə isə 91 milyard 70,6 milyon manat olacaq.

Rövşən Ağayev: Bakıda şəffaf və hesabatlı idarəetmə yoxdur - YouTube

Rövşən Ağayev: “Büdcə kəsiri proqnozlaşdırılandan 2 dəfə az olub”

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, ötən il dövlət büdcəsinin xərclər hissəsi böyük kəsirlə icra olunub: “2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan ilkin göstəricilərdən görünən budur ki, xərclər təsdiqlənəndən 1 milyard 75 milyon manat az icra olunub. Hansı xərclərə qənaət edildiyi yəqin yaxın bir ayda aydın olacaq.

Dövlət büdcəsinin gəlirləri isə nəzərdə tutulduğundan 549 milyon manat artıq icra edilib".

Ekspert bildirir ki, hesabat ilində büdcə kəsiri proqnozlaşdırılandan 2 dəfə az olub: “Büdcə kəsiri 3 milyard 368 milyon manat nəzərdə tutulmuşdu, faktiki defisit 1 milyard 744 milyon manat olub - planlanandan 2 dəfə az. Amma bu, son 15 ilin ən böyük defisiti də sayıla bilər. Belə ki, bundan əvvəl ən böyük büdcə kəsiri 2017-ci ildə qeydə alınmışdı - 1 milyard 78 milyon manat”.

R.Ağayevin bildirdiyinə görə, xarici ticarət statistikası üzrə məlumatlar göstərir ki, 2020-ci ildə idxal mallarında, xüsusən qida məhsullarında xeyli bahalaşma var: “Məsələn, mən 10 aylıq nəticələrə görə 40 adda qida məhsulu seçdim. Aydın oldu ki, həmin məhsul səbətində 4,5 faiz bahalaşma baş verib.

Dövlət Statistika Komitəsinin yaydığı illik rəqəmlərdən də bunu müşahidə etmək mümkündür. Belə ki, 2020-ci ildə cari qiymətlərlə hesablandıqda idxal 22 faiz azaldığı halda, 2019-cu ilin qiymətlərilə 36 faiz azalıb. Aydındır ki, bir il əvvəlin idxal qiymətləri daha ucuz olduğu üçün müqayisəli qiymətlərlə 2020-ci ilin idxalının dəyəri daha aşağı düşür. Amma məsələn, 2019-cu ilin idxal qiymətləri daha baha olsa idi, əksinə olacaqdı".

Ekspert hesab edir ki, bu məsələdə diqqəti çəkən 2 vacib məqam var: “Əvvəla, rəsmi statistika 2020-ci il üçün Azərbaycanda 2.6 faizlik inflyasiya göstərir. İstehlak bazarı idxaldan yüksək asılı ölkədə idxalın belə bahalaşmasının inflyasiyaya təsirsiz ötüşməsi xeyli maraqlı görünür. Təsirsiz o mənada ki, 2019 və 2020-ci illərdə təxminən eyni inflyasiya göstərilir.

Başqa bir məsəl: Azərbaycanın idxalının 60 faizini təmin edən Rusiya və Türkiyə milli valyutalarının manat qarşısında kəskin dəyər itirməsi 2020-ci ildə bu ölkələrin idxalını daha ucuz etməli idi. Bu məsələ inflyasiyanın alternativ hesablanmasının əhəmiyyətini bir daha göstərir".

Onu da qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər dünya ölkələrində iqtisadi azalma qeydə alınıb. Bu zaman inkişaf etmiş ölkələr, həmçinin regionun bir sıra ölkələrində iqtisadiyyatın kiçilməsi Azərbaycana nisbətən daha yüksək rəqəmlərlə ifadə olunmaqdadır. Azərbaycanda ÜDM-in daha az kiçilməsinin səbəbi nədir?

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov: “2020-ci ildə baş vermiş iqtisadi azalma bu ildən etibarən sürətli artımla əvəz olunacaq”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, beynəlxalq və regional səviyyədə iqtisadi azalma tempinə görə Azərbaycanın vəziyyətini daha yüksək qiymətləndirmək mümkündür: “Qlobal iqtisadiyyatda kiçilmə bəzi ölkələrdə rüblük ifadədə 20 faizdən də yuxarı oldu. Bu isə ilin yekununda qlobal milli iqtisadiyyatlarda daha yüksək azalmanın qeydə alınmasına gətirib çıxartdı. Azərbaycana gəlincə, ölkəmizdəki azalma birbaşa xarici faktorlarla bağlı oldu. 2020-ci ilin ilk iki ayında ölkəmizdə ÜDM-də, həmçinin qeyri-neft ÜDM-ində artım qeydə alınmışdı. Pandemiya və onun təsirləri olmasaydı, ilin sonunadək bu temp saxlanacaqdı. Lakin hətta pandemiya şəraitində belə Azərbaycanda iqtisadiyyatın bir sıra sektorlarında artım tempi saxlanıb. Məsələn, qeyri-neft-qaz sənaye istehsalında 12,5 faiz, kənd təsərrüfatında 2 faiz, informasiya və rabitə sektorunda 0,8 faiz artım qeydə alınıb. Bunlar pandemiyaya görə sərt karantin tədbirlərinin daha yumşaq tətbiq olunduğu, yaxud tətbiq olunmadığı sahələrdir”.

Millət vəkili bildirir ki, 2021-2022-ci illər üçün həm beynəlxalq qurumların, həm də Azərbaycan hökumətinin iqtisadi artımla bağlı proqnozları nikbindir: “Dünya Bankı Azərbaycanda 2021-ci ildə 1,9 faiz, 2022-ci ildə 4,5 faiz artım proqnozlaşdırır. Hökumət Dünya Bankına nisbətən daha nikbindir. Hazırkı şərtlər və gözləntilər də deməyə əsas verir ki, 2020-ci ildə pandemiya səbəbindən Azərbaycanda baş vermiş iqtisadi azalma bu ildən etibarən sürətli artımla əvəz olunacaq”.