|
“Pandemiyaya görə toy etmirlər ki, pul yazdırmaq olmur” -

Yas və toy mərasimlərinə icazə verilməlidir, amma...


Artıq bir ildən çoxdur ki, insanlar pandemiya şəraitinə alışmağa çalışırlar. Görünən odur ki, karantin qaydaları ilə hələ bir müddət yaşamalı olacağıq. Bu vəziyyətdən isə daha çox narazı olanlar övladları üçün toy etmək istəyənlərdir. Hər kəs bununla bağlı konkret qərarın olacağını düşünürdü. Amma bir ildən artıq vaxt keçməsinə baxmayaraq, yas və toy mərasimləri ilə bağlı bir qərar yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsindən toy və yas mərasimləri ilə bağlı ortaq qaydaların hazırlanacağı kimi gözləntilər də vardı. Nəzərə alsaq ki, pandemiya hələ bitmir, bəs bununla bağlı dövlətin nə kimi qərarı olacaq? 50-100 nəfərdən ibarət toyların keçirilməsinə icazə verilə bilərmi?

Sosioloq Sahib Altay bildirdi ki, toy və yas mərasimləri ilə bağlı sosial layihələr irəli sürməmişdən qabaq insanların fikrini öyrənib: “Pandemiyadan əvvəl mən özüm toy və yas mərasimlərinə aid yazılar yazmışam, layihələr vermişəm. Ancaq insanların qəribə bir reaksiyası ilə qarşılaşmışam. Bunun da kökündə müxtəlif səbəblər var. Həm mentalitet məsələləri var, həm də son zamanlar bizdə ənənəviləşmiş toy konsepsiyası mövcuddur. Toy bizim qədim adətimizdir. Toy türk toplumlarının milli məclisi idi, təkcə evliliyə aid bir məsələ deyildi. Əvvəl çox gözəl şəkildə keçirilirdi. Müstəqillik dövründən sonra böyük şadlıq evləri tikildi, toyların fonu, yemək tərkibi, musiqisi dəyişdi. Toyla bağlı olan digər məsələlər də dəyişməyə başladı. Gəlin maşını, cehiz, zinət əşyasının alınması və sairə. Yəni Azərbaycanda pandemiyaya qədər olan dövr yalnız iki nəfərin izdivac bağladığını əks etdirmirdi. Evlilik xüsusi maddi şərtlər üzərindən həyata keçirilir. Toylar da həmin görüntüləri əks etdirir. İndi də pandemiyaya görə toy etmirlər ki, qarşılıqlı pul yazdırmaq olmur.

Bizim dediyimiz bu məsələ kiçik bir inqlabdır, bu da qurban tələb edir. Kimsə hansısa toya yazdırdığı puldan vaz keçməlidir. Biri 400-500 nəfər adam çağırırsa, o biri də o qədər adam yığır toyuna. Bir çox xarici ölkələrin toy şənliklərində olmuşam. Heç yerdə belə vəziyyət yoxdur. İnsanlar çox sadə şəkildə, dostlarını, yaxın çevrələrini yığıb toy edirlər. Yəni bir insan üçün lazımsız adamın toyda iştirak etməsi üçün nə gərək var?! Toyda iştirak edəcək adamlar kimlər olmalıdır- çütlüyün xoşbəxt gününü arzulayan insanlar və həmin cütlüklərin öz toylarında iştirak etmələrini arzuladığı insanlar. Bizdə isə qarşılıqlı maddiyat sərgiləmə, pul yazma, bir sözlə toy biznesə çevrilib. Toy öz mahiyyətindən tamamilə uzaqlaşıb”.

SAHIB ALTAY | Gənc Ailə

Sosioloq toylarla bağlı yeganə çıxış yolunu dövlət tərəfindən atılacaq addımlarda görür: “Azərbaycanda çıxıb müstəqil maarifçilik edib, düşüncə inqilabı etmək mümkün deyil. Çünki xaqlın şüuraltında olan travma bizim ifadə etdiyimiz fikirlərdən güclüdür. Bunu etmək üçün yalnız dövlət maraqlı olmalıdır. Dövlət bizdən layihə tələb etsə, rahat şəkildə 2-3 layihə təqdim edə bilərəm. Yalnız toy deyil, kompleks şəkildə problemi aradan qaldırmaq olar. Həm zinət əşyası, cehiz, toyda yeməklərin verilməsi, həm də qonaq tərkibi baxımından işlər görmək olar, bunu ənənə şəklində də formalaşdırmaq olar.

Amma bunda bəzi məmurlar da maraqlı olmalıdır. Bizə də məlumdur ki, toy böyük biznesdir. Ölkədə fəaliyyət göstərən böyük cehiz mağazaları, qızıl dükanlarının əksəriyyəti məmurlara məxsus obyektlərdir. Hansı məmur istəyər ki, öz dükanını bağlasın? Ona görə də bunda maraqlı deyillər. İnsanlar da sanki xəstəliyə tutulub. Əvvəllər 10 minlik zinət əşyası yox idi, insanlar xoşbəxt deyildimi? Düzdür imkanı olan edə bilər, amma hamını buna təhrik eləmək artıq psixoloji xəstəlikdir.

Dövlət bununla bağlı ayrıca bir komitə yarada bilər. Bu qurum sosial layihələri qəbul eləsin, konkret olaraq bu sahədə işlər görsün. Deyilənlər yas mərasimlərinə də aiddir. Bir müddət buna nəzarət edilməli, ənənə şəklini alandan sonra lazımsız toy adətləri də istər-istəməz yığışdıralacaq”.

Mövzu ilə bağlı "Yeni Müsavat"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da fikrini bildirib: “Dini nöqteyi nəzərdən yanaşsaq, toy dedikdə şadlıq saraylarındakı israfçılıq nəzərdə tutulmur. Əgər biz məsələyə dini nöqteyi tərəfindən yanaşırıqsa. Ona qalsa bizim toylarda dinə zidd olan kifayət qədər məqamlar var. Həmin məqamaların birincisi israfçılıqdır. Dinimiz buyurur ki, israfçılıq günahdır. Pandemiya dövründə toy məsələsinə toxunuruqsa, bu dindən daha çox cəmiyyətin, insanaların tibbi-nöqteyi nəzərindən təhlükəsizliyi ilə bağlıdır. Bunlarla bağlı qərar verəcək şəxslər, din mütəxəssislərindən daha çox tibb ekspertləri olmalıdır. Yəni bu gün üçün ən aktual məsələ cəmiyyətin sağlamlığıdır. O nöqteyi-nəzərdən şəxsən bunu mən ilahiyyatçı kimi deyirəm. Əgər cəmiyyətin mövqeyi müzakirə mövzusudursa, burda söz demək artıq bir ilahiyyatçıdan daha çox tibb sahəsinin mütəxəssislərinin üzərinə düşür.

Gündüz İsmayılov: "Azərbaycan dinlərarası dialoqun təbliği və təşviqi  istiqamətində uğurlu siyasət aparır"

Şəxsi arzumu da deyim. Təbii ki, insanlarımızın ailə qurması dini nöqteyi nəzərindən təqdir ediləndir. Ailə qurmaqla bağlı peyğəmbərimizdən kifayət qədər əsaslandırılmış fikirlər söyləmək olar. Amma istənilən halda, şəxsən istəməzdim ki, pandemiyadan sonra biz əvvəlki formada olan toylarımıza qayıdaq”.

Dövlət Komitəsinin sədr müavini toy və yas mərasimlərinin sadələşdirilməsinin tərəfdarıdır: “Mən guman və arzu edirəm ki, bu pandemiyanın bəlkə də bizə müsbət sayılacaq töhfəsindən biri o olar ki, toy və yas mərasimləri sadələşdirilsin. Elə dinimizin də, cəmiyyətimizin də maraqlarına, xalqımızın da adətlərinə uyğun keçirək. Y0as mərasimlərinə gəlincə, bilirsiz bunun şəriət tərəfi, bir də mərasim tərəfi var. Şəriət dindir, mərasim isə adət-ənənədir. Bu gün dəfn mərasimləri ilə bağlı şəriət qaydaları yerinə yetirilir. Bunlar da rəhmətə gedən şəxsin yuyulması, kəfənlənməsi və dəfn olunması və sairədir. Yəni “yas mərasimləri ilə bağlı dini qaydalar yerinı yetirilmir” , demək doğru deyil. Əgər söhbət ehsandan gedirsə, pandemiyanın mane olduğu məsələ ehsandırsa, mənə elə gəlir ki, bizim pandemiyadan sonra görməli olduğumuz işlərdən biri də məhz elə ehsan süfrələrindəki israfçılığı aradan qaldırmağımız olmalıdır. Bununla bağlı DQİDK-nin dəfələrlə münasibəti, çıxışları olub. Biz bu istiqamətdə maarifləndirmə işləri aparmışıq. Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var”.