|
Mikrofonu və işığı olan “ağıllı maska”

Dünyaca məşhur “Razer” şirkəti “dünyanın ən ağıllı maskası” adlandırılan, mikrofonu və işığı olan tibbi maskanı təqdim edib.

Şirkətin təqdim etdiyi “dünyanın ən ağıllı maskası”  sərgidə (CES 2021) nümayiş olunub.

ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan və hər il yeni ixtiraların nümayişini keçirən yarmarka bu dəfə ixtiraları onlayn şəkildə təqdim edib.

Yarmarkarda qeyd olunub ki, “dünyanın ən ağıllı maskası”nın mikrofonu sayəsində istifadəçinin səsi daha yaxşı eşidilir. Həmçinin prototip maska aktiv bir havalandırma xüsusiyyətinə malikdir. Belə ki, maska tənəffüs edilmiş havanı xaric edərkən daha soyuq hava ilə nəfəs almağa imkan verir.

Şirkət rəsmiləri maskanın N95 cərrahi maskalar kateqoriyasında olduğunu bildirib.

Adı çəkilən maskanın digər xüsusiyyətlərindən biri də odur ki, şəffaf plastikdən hazırlandığı üçün istifadəçinin dodaq hərəkətləri və jestlərini görmək olur.

Bundan başqa, qaranlıq zamanı maskanın işıqları avtomatik olaraq yanır və istifadəçinin ağzı işıqlandırılır. Şirkət qeyd edib ki, bunun sayəsində istifadəçi öz fikirlərini daha aydın ifadə edə bilir.

Bəs bu cür texnoloji imkaları olan maskanın istifadəsi nə qədər rahatdır?

Şirkət bildirib ki, maskadakı silikon divar maskanın üzdə rahat olmasını təmin edir və ağıza toxunmasının qarşısını alır. Həmçinin maskanın tutacaqları qalın olduğundan qulaqları sıxmır.