|
YAP-çılar iqtidara qarşı hədyanlara niyə ciddi reaksiya vermir? - Partiya funksioneri danışır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarının sosial şəbəkələrdə aktivliyinin çox da yüksək olmadığı sirr deyil. Bu, özünü daha çox iqtidara qarşı hədyanlara, ittihamlara hakim partiyanın üzvlərinin, görəvlilərinin əksərinin ciddi reaksiyalar verməməsində, bəzilərinin ümumən susmasında göstərir.

Son aylarda rəqib düşərgələrin aktivləşməsi, ittihamlarının, iddialarının sayını artırması müşahidə olunur. Hakim partiyanın illərdir ki, üzvlərinin sayının 700 mini keçdiyi deyilir. Bu böyük qüvvənin 1 faizini belə aktivləşdirsələr, sosial şəbəkələrdə əsas aparıcı qüvvəyə çevriləcəkləri heç kəsə sirr deyil. Amma görünən odur ki, hakim partiya üzvlərinin çoxu sosial şəbəkələrdə aktiv görünməkdə maraqlı deyil.

YAP-çıların bu passivliyi rəqib düşərgəyə əl-qol açmağa geniş imkanlar verir. Onlar ölkə Prezidentini, hakimiyyəti rahat şəkildə hədəf ala bilirlər, layiqli cavab görməyəndə isə daha da fəallıqlarını artırır, radikallaşırlar.

Bu qədər böyük bir baza varkən, nədən iqtidarın əleyhdarları feysbuk və başqa məkanlarda “meydan sulayırlar”?

Məlahət İbrahimqızı: Azərbaycan dünya üçün nümunədir - İki sahil

Məlahət İbrahimqızı: “Hər mənəviyyatdan, əxlaqdan uzaq olanlara onların səviyyəsində cavab vermək bizlərə uyğun gəlməz”

YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı bu fikirlərlə razı deyil: “Yeni Azərbaycan Partiyasının sosial şəbəkələrdə aktivliyi var. Çünki Nəsimi rayon təşkilatının sədri olaraq, özüm hər şeyi görürəm. Bizim sosial şəbəkədə rayon təşkilatımızın ayrıca Facebook səhifəsi var. Fəallıq kifayət qədər var. Amma bütünlüklə rayon təşkilatlarının əvəzindən bu fikirləri deyə bilmərəm. Çünki ucqar rayonlarımız, kəndlərimiz var. Onlar sosial şəbəkələrdə fəaliyyət göstərməyə YAP üzvü olaraq o qədər də maraq göstərmirlər. Bir qismi sosial şəbəkələrdə fəal olmağı bacarmır. Yaxud zəif istifadə edirlər. Hesab açırlar və bunu bəzən yetərli sayırlar. Amma o hesaba tez-tez də daxil olmurlar. Bütövlükdə Yeni Azərbaycan Partiyasının sosial şəbəkələrdə aktiv olmadığını demək doğru deyil. Lakin bu məsələyə qatılıram ki, artıq 800 minə yaxın üzvü olan hakim partiya sosial şəbəkələrdə daha aktiv ola bilər. Bu gün antimilli qüvvələr, trollar var ki, onlar ağına-bozuna baxmadan qərəzli mövqe sərgiləyirlər. Buna siyasət deyil, anti-siyasət deyərdim. Onların Azərbaycan dövlətinə, iqtidarına, ölkə rəhbərliyinə qarşı qərəzli, düşmənçilik mövqeyindən yanaşaraq sosial şəbəkələrdə apardıqları hər fəaliyyətə də cavab verməyi, açığı, o qədər vacib saymıram. Elə trolların səviyyəsinə düşmək də doğru deyil. Xatırlayırsınızsa, 27 sentyabra qədər antimilli, radikal qüvvələr, ”beşinci kolon"la sinxron fəaliyyət göstərənlər, bəzən onun sifarişini icra edənlər deyirdilər ki, Azərbaycan xalqının ruhu yoxdur, guya millət elə vəziyyətə düşüb ki, müharibə edə bilməz. Bir sözlə, şər-böhtan atmaqla məşğul idilər. 27 sentyabra qədər olan həmin adamların səhifələrindəki paylaşımlara diqqət etsəniz, bunu açıq şəkildə görərsiniz. Altay Göyüşov deyilən guya bir professor var. Onun kimi bir qrup var. Amerikada Konqresin qulağının dibində olanlar var ki, ağızlarına su alıb susublar, bir mövqe bildirmirlər. Amma şəhidlərimizin qanı hesabına alınmış torpaqlarımıza, zəfərimizə, müqəddəs qələbəmizə kölgə salan fikirlər səsləndirirlər. Bu, həqiqətən də çox gülünc vəziyyətdir. Bugünlərdə bir yazı yazdım, orada da bunları qeyd etmişdim. Bir daha deyirəm ki, hər trola da cavab vermək düzgün deyil. Onlar istəyirlər ki, hansı yollarla olursa-olsun, izləyiciləri çox olsun. Bilirsiniz ki, müəyyən baxış olanda onların imtiyazları, reklamları güclənir. Hər mənəviyyatdan, əxlaqdan uzaq duran yazılara onların səviyyəsində cavab vermək heç bir halda bizlərə uyğun gəlməz. Bir qrup mənəviyyatsız adamlar var ki, xaricdə oturublar, üzr istəyirəm, insanın öz ailəsinin, xanımının, qızının, anasının yanında istifadə etmədiyi sözlərdən istifadə edirlər. Açdıqları Youtube kanalları, eləcə də sosial şəbəkələrdə digər vasitələrlə əxlaqa zidd olan fikirlər səsləndirirlər, iqtidara, dövlətə qarşı. Həqiqətən bunlar bağışlanılmazdır. Bu, artıq insanlıqdan xaric məsələlərdir. Hər kəs öz tərbiyəsini göstərir. Evində aldığı tərbiyə cəmiyyət arasındakı davranışlarda mütləq özünü büruzə verir. Əgər küçədə insanı biri əxlaqa zidd sözlərlə təxribata çəkirsə, siz də ona Allah eləməsin, onun dili ilə cavab verirsinizsə, onun səviyyəsinə düşürsünüz. Çox təəssüflər olsun ki, belə mənəviyyatsız, əxlaqsız insanlar azərbaycanlı adı daşıyırlar. Xaricdə oturublar, ancaq çirk atmaqla məşğuldurlar. Bunu da öz səviyyələrinə uyğun edirlər. Elə adamlara inanın ki, cavab vermək də çətindir. Bu cür adamlara ancaq deyə bilərəm ki, deməli, evinizdə o tərbiyəni görmüsünüz. Demək, belə şəxslər bu cür sözlərlə formalaşıblar. Onlar ruhu, daxili aləmləri o cürdür. Biz o sözləri ailəmizin, yoldaşımızın, qızımızın, anamızın, nənəmizin yanında işlətmiriksə, necə cavab verək? Mübarizənin öz çərçivələri var. Bunlarınkı mübarizə, siyasət deyil. Düşmənçilikdir, qərəzdir. Siz də daxil, haqlı görünə bilərsiniz ki, bu trollara niyə cavab verilmir. Onlara əslində cavab verilir, sadəcə, bu onların səviyyəsində olmur".

Təşkilat sədri belə şəxslərin cavabsız qalmasını da doğru saymır: “Düşünürəm ki, belə şəxslərə müvafiq qurumlar, hüquq-mühafizə orqanları cavab verməlidir. Eyni zamanda xaricdəki bu cür trollara qarşı da həmin ölkələrdəki səfirliklərimiz, diplomatik korpuslarımız hərəkətə keçməli, o ölkələrdəki xüsusi xidmət orqanlarına müraciət etməlidirlər. Həmin şəxslərin çıxışları, işlətdikləri ifadələr, təhqiramiz fikirlər tərcümə olunub, aidiyyəti yerlərə təqdim olunmalıdır. Həmin ölkələr də istəməzlər ki, belə mənəviyyatsız, əxlaqsız insanlara siyasi sığınacaq versinlər. Çünki bu onların dövlət imicilərinə də ciddi zərbədir. Həmin ölkələrin qanunvericiliyi də bu cür hallara yol vermir”.

Deputat Azərbaycanda müxalifət düşərgəsində yer alan sağlam qüvvələrin olduğunu da söylədi: “Ölkəmizdə 50-dən çox siyasi partiya birgə bəyannamə qəbul etdi. Bu qüvvələr tənqid edəndə də tənqid edirlər. Parlamentdə tənqidçi müxalifət təmsilçiləri var. Tənqidsiz, rəqabətsiz cəmiyyət inkişaf edə bilməz. Çox sevinirəm ki, ölkəmizdə belə sağlam mübarizə aparanlar çoxluq təşkil edirlər. Bizim partiyanın gücü elədir ki, lazım gələndə birləşib həmin antimilli, radikal qüvvələrə qarşı mübarizə aparmaq iqtidarındadır. Buna heç kəsin qətiyyən şübhəsi olmasın”.