|
Korrupsiya şəbəkələrinə qarşı mübarizə nələri nəzərdə tutur?

İqtisadi inkişafa, azad sahibkarlığa mane olan əsas amillərdən biri korrupsiyadır. Bu baxımdan, Azərbaycanda korrupsiyanın səviyyəsinin azaldılması, müxtəlif istiqamətlərdə korrupsiya risklərinin qarşısının alınması azad sahibkarlığın inkişafının əsas şərtlərindən biridir.

Ölkəmizdə korrupsiyanın yüksək təşəkkül tapdığı istiqamətlərdən biri dövlət xərcləmələridir. Uzun illərdir bu xərcləmələr üzərində effektiv nəzarətin formalaşdırılması əsas vəzifələrdən biri olaraq qarşıda durmaqdadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq, xüsusilə də dövlət qurumlarının xərcləmələrinə nəzarətin gücləndirilməsinin vacib olduğunu bildirib. Yanvarın 6-da Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında da dövlət başçısı bu məsələdən danışıb: “Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.

Yanvarın əvvəlində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradovun həbsi göstərdi ki, iri dövlət şirkətlərinin fəaliyyətində kəskin təkmilləşmələr qaçılmazdır: bu şirkətlərdə korrupsiyaya qarşı daha sərt və dəqiq mübarizə həyata keçirilməlidir. Baş Prokuror Kamran Əliyev “Real” TV-yə müsahibəsində korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələri qeyd edib: “Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik. Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”.

Natiq Cəfərli: “Birjalar və bazarlar hazırda gözlənti halındadırlar”

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə institutsional xarakter daşımır: “Biz ayrı-ayrı yüksək və ya aşağı vəzifəli məmurların həbsini görürük. Lakin dünya təcrübəsi də göstərir ki, korrupsiyaya qarşı mübarizə sistemli və institutlaşmış formada aparıldıqda yüksək nəticələr əldə etmək mümkün olur. Azərbaycanda belə mübarizəni təmin etmək üçün ilk növbədə müstəqil və azad məhkəmə sistemi formalaşdırılmalıdır. Digər tərəfdən, dünya təcrübəsi onu da göstərir ki, korrupsiyaya qarşı mübarizəni yalnız dövlət qurumları aparmalı deyil. Burada vətəndaş cəmiyyəti və media da aktiv iştirak etməlidir”.

Natiq Cəfərli: “Korrupsiyaya qarşı mübarizəni yalnız dövlət qurumları aparmalı deyil”

Ekspertin sözlərinə görə, iri dövlət şirkətlərindəki korrupsiya risklərini aradan qaldırmaq üçün əsas yol onların dövlətsizləşdirilməsidir: “Bu şirkətlərin həyata keçirdiyi funksiyaların böyük əksəriyyəti özəl əllərə verilməlidir. Bu, imkan verəcək ki, əvvəla, dövlət belə şirkətlərə subsidiya ayırmaq öhdəliyindən azad olsun, ikincisi isə onların əlində olan sahələrdə şəffaflıq yaransın, inkişaf baş versin. Azərbaycan təcrübəsi dövlət iqtisadiyyatının ən yarıtmaz nümunəsidir və buna son qoyulmalıdır. Ötən ilin payızında iri dövlət şirkətlərinin idarəçiliyini həyata keçirəcək Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Holdinq şirkətlərdə idarəetmənin effektivliyinin yüksəldilməsi və gələcəkdə özəlləşdirməyə hazırlanması işləri ilə məşğul olacaq. Bu məsələlərdə holdinqin nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma bəribaşdan demək olar ki, iri dövlət şirkətlərində şəffaf və hesabatlı idarəetmənin formalaşdırılması onlarda korrupsiyanın qarşısının alınmasında əsas rol oynayan amillərdən biridir”.

Əliməmməd Nuriyev: "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"

Əliməmməd Nuriyev: “Biz daha böyük korrupsiya akulalarının həbsinin şahidi olacağıq”

Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün ilk növbədə dövlətin iqtisadiyyatda iştirakı azaldılmalıdır: “Bu iştirak nə qədər çox olarsa, korrupsiya riskləri də bir o qədər yüksək olacaq. Son illərdə korrupsionerlərə qarşı mübarizə çərçivəsində yüksək vəzifəli məmurların həbs olunması halları çoxalıb. Baş prokurorun bir neçə gün əvvəlki teleçıxışında ilk dəfə olaraq şəbəkə korrupsiyasından danışıldı. Hesab edirəm ki, bu, korrupsiyaya qarşı mübarizə sahəsində tamam yeni istiqamətdir. Biz əvvəl də korrupsiyanı mütəşəkkil cinayət kimi tanıyırdıq. Eyni zamanda korrupsiya cinayəti çox mürəkkəb sxemlərdən ibarətdir. Lakin korrupsiya ilə şəbəkələşmiş formada məşğul olunması məsələsi ilk dəfədir gündəmə gətirilir. Hamıya məlumdur ki, korrupsiya şəbəkələrinin başında müəyyən şəxslər dayanırlar, onlar bu şəbəkələri himayə edirlər. Baş prokuror bu şəbəkələrin tamamilə dağıdılmasının, onların bərpasına imkan verilməməsinin gərəkdiyini bildirdi.  Nəzərə alsaq ki, hazırkı baş prokuror uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri olub, bu zaman onun bütün korrupsiya mexanizmlərini nəzəri və praktiki baxımdan dərindən bildiyini söyləyə bilərik. İndi onun səsləndirdiyi fikirlər ondan xəbər verir ki, korrupsiyaya qarşı mübarizə yeni formada davam edəcək. Biz daha böyük korrupsiya akulalarının həbsinin şahidi olacağıq”.

Mütəxəssis korrupsiyaya qarşı kompleks və sistemli mübarizəni zəruri sayır: “Korrupsiya ölkədə həyata keçirilən islahatlara mane olan başlıca amillərdən biridir. Bunu cənab Prezident də dəfələrlə vurğulayıb. Bir neçə gün əvvəlki hökumət müşavirəsində o, dövlət xərcləmələrində korrupsiyanın qarşısını almaq üçün maliyyə nazirinə konkret tapşırıqlar verdi. Bu isə o deməkdir ki, dövlət xərcləmələrində korrupsiya riskləri hələ də yüksək olaraq qalır. Bunun da əsas səbəbi odur ki, bu sahədə korrupsiya şəbəkələşmiş formada həyata keçirilir, ayrı-ayrı sahələrdə ona ayrı-ayrı şəxslər rəhbərlik edirlər. Xüsusilə dövlət satınalmaları sahəsində problemlər daha ağırdır. Bütün bunlar göstərir ki, korrupsiyaya qarşı institutsional, kadr və qanunvericilikdə dəyişikliklər, islahatlar davam etdirilməlidir. Eyni zamanda media və vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə şərait yaradılmalı, qanunvericiliyə onların maliyyə resurslarına şıxışını asanlaşdıran müddəalar daxil edilməlidir”.

Ə.Nuriyev qeyd etdi ki,dövlət qurumlarında şəffaflıq hesabatlılıq artırılmalıdır: “Bu gün dövlət orqanlarının əlində çox böyük məlumat bazaları var. Lakin bu bazalara çıxış imkanları məhduddur, eyni zamanda açıq bazalarda informasiyalar o qədər qəliz dillə verilir ki, onlardan yalnız peşəkar mütəxəssislər baş aça bilirlər. Bu isə media və vətəndaş cəmiyyətinin həmin məlumat bazası əsasında hərtərəfli analizlər aparmasına imkan vermir. Bir çox hallarda dövlət qurumları bilərəkdən buna gedirlər, çünki məlumatların açıq olmasını istəmirlər. Bunun qarşısını almaq üçün qanunvericiliyə dövlət qurumlarının data bazalarının hamı üçün anlaşılan dildə açıqlığını təmin edəcək müddəalar əlavə olunmalıdır, yaxud yeni qanun yaradılmalıdır. Digər bir məsələ, vəzifəli şəxslərlə bağlı maraqlar toqquşmasının qarşısını almaq üçün qanunvericilik təkmilləşdirilməli, bu barədə dağınıq və səthi formada olan müddəalar dəqiqləşdirilməklə vahid qanunda əksini tapmalıdır. Bu gün biznesdən dövlət qulluğuna gələn bir şəxsin biznesi ilə sonrakı əlaqəsini tənzimləyən qanunverici baza yoxdur. Bilinmir ki, dövlət vəzifəsinə gələndən sonra onun keçmişdə rəhbəri olduğu şirkətlə münasibətləri hansı müstəvidə olmalıdır. Daha bir mühüm məsələ məmurların gəlir bəyannaməsi təqdim etmələrini nəzərdə tutan müddəanın hələ də icra olunmamasıdır. Bu, dövlət məmurlarının korrupsiyaya meyllənməsi riskini artıran çox əhəmiyyətli məsələdir. Hesab edirəm ki, məmurların nəinki gəlirləri, həmçinin xərcləri barədə də bəyannamə təqdim etməsini ən qısa müddətdə təmin etmək lazımdır. Belə olarsa, gəlirini gizlətməyə müvəffəq olan bir məmurun açıqladığı gəlirindən qat-qat yüksək məbləğdə alışlar həyata keçirməsi üzə çıxar. Eyni zamanda benefisiar sahibliyin açıqlanmasını nəzərdə tutan qanun qəbul olunmalıdır”.

Fond rəhbərinin fikrincə, Azərbaycanda maliyyə və əmlak amnistiyasının verilməsi də korrupsiyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir: “Korrupsiya yolu ilə əldə edilərək ölkədən çıxarılan böyük həcmdə vəsaitlərin bu yolla ölkə iqtisadiyyatına yatırılmasına nail olmaq mümkündür. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərimizin bərpası çox böyük miqdarda vəsait tələb edəcək. Bu vəsaitin hamısını dövlətin təmin etməsi mümkün deyil. Buna görə də indiyədək ölkədən çıxarılan vəsaitlərin geri qaytarılması, həmçinin bundan sonra prosesin dayandırılması üçün qeyd etdiyim amnistiyanın verilməsi zəruridir.

Ölkədə korrupsiya risklərini artıran daha bir məsələ iri dövlət şirkətlərindəki idarəetmədir. “Azərxalça” ASC rəhbərinin həbsi bir daha sübut edir ki, iri dövlət şirkətlərinin rəhbərlərinin səlahiyyətləri ifrat dərəcədə genişdir. Onlar böyük həcmli vəsaitlərlə bağlı demək olar ki, təkbaşına qərar verirlər. Korporativ idarəetmə, müşahidə şuraları əksərində ya yoxdur, ya da formal xarakter daşıyır. Şirkətin rəhbəri istədiyi istiqamətə istədiyi qədər vəsait yönəldə bilir. Nəticədə korrupsiya imkanları genişlənir, dövlət vəsaitlərindən səmərəsiz istifadə olunur, müvafiq sahələr inkişafdan qalır. Bunun qarşısını almaq üçün iri dövlət şirkətlərində müasir korporativ idarəetmə prinsipləri tətbiq olunmalıdır, müşahidə şuralarına media və vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilməlidir, şəffaflıq və hesabatlılıq tələbləri sərtləşdirilməlidir.

Nəhayət, azad rəqabət mühiti məsələsi. Ölkədə korrupsiyanın inkişaf etməsində azad və ədalətli rəqabət mühitinin olmaması mühüm rol oynayır. Nədən illərdir Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək mümkün olmur? Çünki inhisarçılar, onların havadarları buna imkan vermirlər. Çünki onların bunu etməsinin qarşısını alacaq maraqlar toqquşmasına dair qanunvericilik təkmil deyil.

Dövlət vəsaitləri ilə həyata keçirilən satınalmalarda qapalılıq hökm sürür. Nəticədə müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri satınalma sifarişlərini öz yaxın çevrələrinə verirlər, özü də dəyərindən baha qiymətə. “Azərxalça” rəhbərinin aşkarlanan cinayət əməlləri bunun bariz nümunəsidir. Bunun qarşısını almaq, satınalmaları rəqabətli və şəffaf etmək üçün zəruri addımlar atılmalıdır".

Ekspert onu da bidirir ki, AİH iri dövlət şirkətlərində idarəetməni təkmilləşdirmək barədə qərarları açıq və müstəqil mütəxəssislərin iştirakı təmin edilməklə həyata keçirilən müzakirələrdən sonra qəbul etməlidir: “Əgər belə olmayacaqsa, qapalı formada, elə həmin şirkətlərin öz mütəxəssislərinin iştirakı ilə aparılacaq müzakirələr effektiv qərarların qəbulu ilə sonuclanmayacaq”.