|
Benzin və dizel yanacağının bahalaşması hansı zərurətlərdən doğub?

Tarif Şurasının Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətini artırması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Bəzi iqtisadçı ekspertlər bu qərarın qəbul olunma səbəbini obyektiv araşdıraraq, Tarif Şurasına haqq qazandırdıqları kimi, onu ciddi şəkildə tənqid edənlər də var. Tənqidçilərin əsasən müxalif çevrələrdən olması və məqsədin bu məcburi addımı ümumxalq narazılığına çevirmə cəhdləri başa düşüləndir. Görünür, bəzi çevrələr ən xırda detalları belə, hakimiyyətə gəlmək perspektivləri kimi dəyərləndirir və bundan maksimum şəkildə istifadə etməyə çalışırlar.

Qərara tənqidi yanaşanların əsaslandıqları başlıca arqument bundan ibarətdir: Ölkədə ciddi karantin rejimi tətbiq olunduğu və yenicə müharibədən çıxdığımız indiki şəraitdə əhalinin iqtisadi vəziyyəti onsuz da ağırlaşıb. Enerji mənbələrinin bahalaşdırılması isə bütün malların qiymətlərinə təsir göstərə bilər. Bu da birbaşa istehlak səbəbinə daxil olan məhsulların bahalaşmasına, dolayısıyla infilyasiyaya səbəb ola bilər. Bəs bu arqument nə dərəcədə doğrudur? Ümumiyyətlə Tarif Şurasının məlum qərarı hansı səbəblərdən ortaya çıxıb?

Əvvəla, onu qeyd etməliyik ki, enerji mənbələrinin qiymətinin artması həqiqətən də bir sıra məhsulların bahalaşmasının birbaşa səbəblərindəndir. Həqiqətən də istənilən sahədə məhsul istehsalı enerji məhsullarının istifadəsindən yaranır və enerjidəki qiymət artımı istər-istəməz məhsulun maya dəyərini də artırır.

Bununla belə, Tarif Şurası gündəlik tələbat mallarının enerji mənbələrinin bahalaşmasından mənfi təsirlənməməsi üçün əlindən gələni etməyə çalışıb. Məlum qərarda bu barədə deyilir: “Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır”.

Göründüyü kimi, əhalinin sosial həssas qrupunun mənafeyi naminə Azərbaycan hökuməti həm ictimai nəqliyyat vasitələrinə, həm də kənd təsərrüfatı müəssisələrinə kompensasiya xarakterli subsidiyalar ayırmaq barədə fikirləşir. Məqsəd isə qida məhsullarında və ictimai nəqliyyatda qiymət artımlarının qarşısını almaqdır. İnfilyasiyanın dərəcəsi istehlak səbəbinə daxil olan məhsulların qiyməti ilə müəyyənləşdiyindən və Tarif Şurasının qərarında əsas istehlak məhsullarının qiymətlərini sabit tutmağa çalışıldığından enerji daşıyıcılarının bahalaşmasının infilyasiyaya ciddi təsir göstərməyəcəyi ortadadır.

Tarif Şurasının qərarından açıq görünür ki, bu qiymət artımları əsasən ictimai nəqliyyatdan istifadə edən sosial durumu aşağı əhalidən daha çox şəxsi avtomobil sahibi olan orta və zəngin vətəndaşlar hədəflənib. Bu da başa düşüləndir.

Sirr deyil ki, Azərbaycanda benzin və dizel yanacağının qiyməti demək olar ki, ətraf ölkələrdən xeyli aşağı idi. Tarif Şurasının bildirdiyinə görə, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Qonşularımızla aramızdakı bu qiymət fərqi istər-istəməz əhalimizə ucuz qiymətə satdığımız yanacağın digər dövlətlərə axmasına yol açırdı.

Xüsusilə yaxın gələcəkdə, Prezident İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağı turizm mərkəzinə çevirmək çalışmaları bu xaricə axınları daha da sürətləndirə bilər. Nəticədə SOCAR-ın həmin qonşu dövlətlərə satdığı yanacağın həcmi azalar, onun müştərilərinin Azərbaycandan qanunsuz yanacaq daşıması kimi problemləri təşviq edərdi. Ölkəmizin əsas gəlir mənbələrindən birinin neft məhsullarının ixracı olduğunu nəzərə alsaq, bu, öz təsərrüfatımıza vurduğumuz zərər demək idi.

Ən əsası isə Dağlıq Qarabağdakı son müharibənin ağır nəticələrini aradan qaldırmaq üçün əlavə qaynaqlara ehtiyac yaranmışdı. Sirr deyil ki, Azərbaycanın neft və qaz sektorundan kənarda alternativ gəlir mənbələri o qədər də çox deyil. İşğaldan azad olunmuş Dağlıq Qarabağda isə ciddi infrastrukturlar yaradılmalı və iqtisadiyyatımızın digər sahələrinin inkişafına təkan verilməlidir.

Ölkə başçısı İlham Əliyevin 6 yanvar tarixində 2020-ci ilin yekunlarına dair keçirdiyi videoformatlı müşavirədə səsləndirdiyi bir çox fikirlər də Dağlıq Qarabağa böyük investisiyalar qoyulacağını göstərir. Prezidentin bildirdiyi kimi, daşı daş üstündə qalmayan bu ərazilərdə hakimiyyət çox saylı yollar çəkməli, aeroport salmalı, yaşayış massivləri, su anbarları və s. inşa etməlidir. İşğaldan azad olunmuş əraziləri yenidən normal həyata qaytarmaq üçün başqa alternativ yoxdur. Bunun üçün də ciddi kapitala ehtiyac var. Sözsüz ki, benzinin və dizelin qiymətinin artırılmasından əldə olunan vəsait bu sahədə tələb olunan kapitalın bəlkə mində birini belə qarşılamayacaq. Azərbaycan bu böyük işləri həyata keçirmək üçün çox saylı mənbələr tapmalı, Dağlıq Qarabağda yaşayışı təmin etməklə yanaşı, həm də onun iqtisadiyyatının inkişafına nail olmalıdır. Neft məhsullarının qiymət artımının bu böyük işdə zərrə qədər faydası olacaqsa, zənnimcə, həmin təşəbbüsə nəinki qarşı çıxmamalı, əksinə dəstəkləməliyik.