2021 - sonuncu erməni silahlısının torpaqlarımızı tərk edəcəyi il olacaq; İrəvandakı mənbə: “Erməni ordusunun qalıqları qısa müddətdə Ermənistana çəkiləcək...”
Məğlub Ermənistan illərdir apardığı militarist siyasətin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, öz boyunu aşan iddiaların altını çəkir. 44 günlük Qarabağ müharibəsinin Ermənistan üçün ən böyük dərsi də elə budur ki, belə cırtdan ölkələr müharibə, silahlanma yarışı haqda heç vaxt düşünməməli, başından yekə iddialara, xəyallara düşməməlidir.
Təəssüf ki, Ermənistanda kapitulyasiyadan sonra da öz xalqını köhnə - fəlakətli yola sürükləyən “liderlər” meydan sulayır. Doğrudur, erməni cəmiyyəti faktiki parçalanmış durumdadır və onun mühüm bir kəsimi köhnə “fəlakət” komandasının hakimiyyət hərisliyinə elə də isti yanaşmır, çünki öz dolanışığı hayındadır. Lakin diqqət çəkən odur ki, az-çox rasional çıxış yolu təklif edənlər də yetərincə qınaq, təzyiq, və təhdid altındadır.

Rasional yol isə bəlli: Azərbaycan və Türkiyə ilə əlaqələri təcili qaydaya salmaq, onlara qarşı əsassız iddialara və düşmənçiliyə son vermək. Enində-sonunda Ermənistanda onsuz da hamı buna əminlik hasil edəcək. Ancaq ona qədər Ermənistan adlı süni dövlətdən nə qalacaq, gec olmayacaq ki? Məsələ budur.
Bəzi erməni siyasətçiləri “Türk xofu” qarşısında ölkədə Rusiya hərbi bazalarının sayını artırmağı təklif edirlər. Daha düşünmürlər ki, hətta Ermənistanda başdan-başa rus bazaları qurulsa belə, bu, qonşu topluma xoşbəxtlik gətirməyəcək. Vurğulandığı kimi, azsaylı erməni xalqının rifahı və təhlükəsizliyi əsla militarist siyasətə, Rusiyanın hərbi qalası və vassalı olmağa yox, qonşularla mehriban şəraitdə mövcudluğa, dinc-yanaşı yaşamağa bağlıdır. Məgər ötən 30 ilin acı təcrübəsi bunu sübut eləmir?..
*****
Dağlıq Qarabağ problemi artıq bitib. Bu, tarixdir. Ermənistan və onun xalqı, iqtidarlı-müxalifətli siyasi elitası bu gerçəyi nə qədər tez qəbul eləsə, üfüqlər onun önündə bir o qədər tez açılar. İrəvanda bilməlidirlər ki, xaricdəki hansısa məkrli çevrələrin və güclərin əli ilə köhnə problemi israrla reanimasiya eləmək cəhdləri ən əvvəl erməni xalqının maraqlarına zərbə vuracaq. Bunu bilmək və hesablamaq üçün diplomat, siyasətçi, təhlilçi olmağa lüzum da yox.
Qarabağ məsələsində nəsə qalıbsa, bu da bəzi “i”lərin üzərindəki nöqtələrdir. O da bu il qoyulacaq. Söhbət ilk növbədə Dağlıq Qarabağdakı bir ovuc silahlı ermənidən gedir. Onların içində cinayət törədənlər də var, sadəcə, silah saxlayanlar da. Araik başda olmaqla, cinayətkar ünsürlərin yeri təbii ki, türmədir və olacaq. Dağlıq Qarabağda bircə silahlı erməni də qalmayacaq. Yalnız Azərbaycan qanunları əsasında ov tüfəngi saxlamaq mümkündür.

“Qısa müddətdə erməni ordusunun qalıqlarının Dağlıq Qarabağdan çıxarılacağı və Ermənistanın ərazisinə çəkiləcəyi gözlənilir. Dağlıq Qarabağın hazırda ermənilər yaşayan hissəsində isə təkcə rus sülhməramlı kontingenti və yerli əhalidən formalaşan azsaylı dəstələr olacaq”.
Belə məlumat erməni telegram-kanallarından birində yayılıb (Virtualaz.org ). “Dördüncü respublika” adlı telegram-kanal bu məlumatın hələ təsdiqlənmədiyini qeyd edir və ümid edir ki, “onurğasız rəhbərlik belə satqınçılığa getməz”. Çünki silahlı birləşmələrin Qarabağdan çıxarılması Ermənistan üçün “fəlakət” olardı.
Amma gec-tez bu, baş verəcək. Bir suveren dövlətdə iki ordu, iki dövlət olmaz. Əgər kimsə bir 5-6 quldur-separatçının “dövlətcik” oyununa Bakının daima dözüm göstərəcəyini düşünürsə, möhkəm yanılır. Ermənistan XİN başçısı Ara Ayvazyanın bizdən icazəsiz, tullana-tullana İrəvandan Xankəndinə gedib orada Araik Arutyunyanla və onun üzdəniraq “xarici işlər naziri” David Babayanla görüşüb “bayraq” adına əski parçası önündə şəkil çəkdirməsi isə vəziyyəti yalnız qəlizləşdirə bilər - özü də Ermənistan üçün. Ona görə ki, belə qızışdırıcı əməllər düşmənçiliyi azalmağa qoymur, daimi sülhü uzaqlaşdırır. Hansı sülh ki, bu dəqiqə ən çox Ermənistanın özünə lazımdır.
“Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”, - deyə Prezident vurğulayıb.
Bunu Bakının İrəvana təzə il üçün birinci və sonuncu xəbərdarlığı da adlandırmaq olar.
****
“Ermənistan xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi çox ciddi hadisədir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloqun sözlərinə görə, bu səfər həm də ondan xəbər verir ki, Ermənistan prosesləri ATƏT-in Minsk Qrupu çərçivəsində inkişaf etdirməyə çalışır: “Təkcə Ermənistan yox, Qərb ölkələri də bundan yanadır. Qarabağ ətrafında baş verən son proseslər həm Ermənistanı, həm də onun qərbli havadarlarını narahat edir. Məsələ ondadır ki, 44 günlük müharibədən sonra Qarabağ konflikti struktur baxımından böyük dəyişikliklərə məruz qalıb. Rəsmi İrəvanın Azərbaycana qarşı təcavüzü, buna cavab olaraq ordumuzun başlatdığı əks-hücum əməliyyatları Ermənistanın etnik təmizləmə siyasətini darmadağın etdi”.
Eks-diplomat 10 noyabr bəyanatının tələblərinə uyğun olaraq Ermənistan ordusunun hərbi qulluqçularının əksəriyyətinin torpaqlarımızdan çıxarıldığını xatırladıb. “Yəni Azərbaycan beynəlxalq sərhədləri ilə tanınan ərazilərini bərpa edib. Belə olduqda hansısa qonşu ölkənin bizim daxili işimizə müdaxilə etməsi qəbuledilməzdir. Hesab edirəm ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfəri bir cəhddir: guya İrəvanın hələ də Qarabağ üzərində hüquqları var”, - deyə o qeyd edib.
Sabiq XİN rəhbəri hesab edir ki, Azərbaycan birmənalı olaraq Minsk Qrupundan imtina edib, yeni bir beynəlxalq format yaratmalı və həmin format çərçivəsində yerdə qalan bütün məsələləri həll etməlidir.
“Bu format Türkiyə-Rusiya cütlüyündən ibarət olmalıdır. Azərbaycanın dəvəti nəticəsində onlar ölkəmizə gəlib, rəsmi Bakıya yardımçı olmalıdırlar. Qeyd etdiyim bu formatdan başqa Ermənistan rəsmiləri və onun dövlət xadimlərinin Qarabağ məsələsinə müdaxilə etmək ixtiyarı yoxdur. Hesab edirəm ki, biz ciddi ölçü götürüb tələb etməliyik ki, bu səfərlərə son qoyulsun. Gec-tez keçmiş ”dqr"in terrorçu lideri Araik Arutyunyan Azərbaycan torpaqlarından qaçacaq, ya da həbs edilib cəzalandırılacaq" - Zülfüqarov əlavə edib.
O gün uzaqda deyil. 2021 - sonuncu erməni silahlısının torpaqlarımızı tərk edəcəyi il olacaq...
